Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az xəbər verir ki, Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 8-9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.
Uşağa baxdı, keçmişi yadına düşdü
Daha sonra o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Bu zaman uşaq ağlayıb və sakitləşməyib. Xatirə bundan əsəbiləşməyə başlayıb.
Xatirə Mehdiyeva sonra uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasif Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.
Qızının utancverici hərəkəti
Bütün bunlar onun psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.
Əsəbiləşdi, uşaq yaddan çıxdı
Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.
Bununla da, Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.
Uşağın üzünə adyal örtdü
Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.
Ehtiyatsızlıqdan adam öldürmə
Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşaq üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.
Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.
Nəvəsini öldürən nənənin cəzası
İstintaq orqanı tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Qəsdən adam öldürmə
Bu hökmdən zərərçəkmişin hüquqi varisi Ağasəf Babayev apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində Xatirə Mehdyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib.
"Hadisəni qəsdən törədib"
Müəllif hesab edib ki, Xatirə Mehdiyevanın əməli ehtiyatsızlıqdan adam öldürmə kimi yox, qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir.
O, qeyd edib ki, hadisə ehtiyatsızlıq deyil, Xatirə Mehdiyevanın hadisədən əvvəlki dövrlərdə ona qarşı olan nifrətin nəticəsi olub.
"Uşağa məhəl qoymayıb"
Zərərçəkmiş şəxsin hüquqi varisinin fikrincə, hadisə baş verən zaman Xatirə Mehdiyeva hər hansı bir affekt halında olmayıb, etdiyi hərəkətlərin nəticəsini görüb və bunu arzu edib: "Xatirə Mehdiyevanın uşağın ayaqlarının üstündən düşməsinə məhəl verməməsi və həmin vaxt durmadan ağlayan uşağın səsinin qəflətən kəsilməsinə fikir verməyərək mətbəxə keçməsi onun məqsədinin göstəricisdir. Bu fakt onun qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmasını zəruri edir".
Zərərçəkmişin hüquqi varisinin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib./Publika.az Oxu24.com
ŞƏRHLƏR