Bacısını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan 1997-ci il təvəllüdlü Hadıyev Namaz Mobil oğlu Ali Məhkəməyə müraciət edib.
Oxu24.com ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə avqust ayının 27-də keçiriləcək.
Qeyd edək ki, Namaz Hadıyev, bacısı - 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.
Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O, hadisədən bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib. Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Namaz Hadıyevi Cinayət Məcəlləsinin CM 120.2.4, 177.2.1, 177.2.3, 221.3, 228.4, 29, 318.1, 326.2 maddələri ilə təqsirli bilərək 18 il müddətinə azadlıqdan məhrum edib.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Oxu24.com
ŞƏRHLƏR