Sabirabad rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən 1981-ci il təvəllüdlü Nazim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayonunun Suqovuşan kənd sakini Nazim Səmədov 2000-ci ildən Mətanət Kərimova ilə qeyri-rəsmi nikahda olub və rayonunun mərkəzində, M.Müşfiq küçəsində evlərdən birində birgə yaşayıb.
Nazim Səmədov son illər Mətanətlə ailə-məişət zəminində dəfələrlə mübahisə edib.
2017-ci ilin avqustun sonlarında baş vermiş sonuncu mübahisədən sonra Mətanət atası evində yaşamağa başlayıb.
Bu səbəbdən Nazim həmin ilin sentyabrın 25-də, axşam saatlarında Mətanətlə telefon vasitəsilə danışmaq istəyib. Amma qadın onunla danışmaqdan imtina edib. Buna görə Nazim Mətanətin bu hərəkətlərini özünə qarşı soyuq davranış kimi qəbul edib və onun sərbəst olaraq başqa kişilərlə telefon vasitəsilə danışa biləcəyi qənaətinə gəlib. Nazim qısqanclıq zəminində Mətanəti öldürmək niyyətinə düşüb.
Bu məqsədlə ertəsi gün, gecə saat 2 radələrində qayınatası Soltan Kərimova məxsus evin həyətinə gəlib. O, evin qapısının dəmir cəftəsini çıxararaq özü ilə götürüb və həyətdəki avtomaşının arxa tərəfinə keçib, orada gizlənib.
Nazim bir müddət orada gözlədikdən sonra Mətanətin evdən çıxaraq həyətdəki tualetə keçdiyini görüb. O, Mətanətin arxasınca getmək istəyib. Həmin vaxt qayınanası Qətibənin də həyətə çıxmaq istədiyini görüb.
Bu zaman Nazim evin qapısını içəri doğru itələyib və özü ilə götürdüyü dəmir cəftə ilə qapını çöldən bağlayıb.
Həmin vaxt Nazim Mətanətin ondan qorunmaq məqsədilə tualetin qapısını bağladığını görüb. O, taxta qapının dəmir cəftəsini açmadan dartaraq qapını çərçivəsi ilə birlikdə sındırıb. Nazim tualetdə olan Mətanətin saçından tutub və sürüyərək həyətə çıxarıb.
Bu zaman Nazim Mətanətin qışqıraraq kömək istəməsinə, onu buraxması və öldürməməsi üçün yalvarmasına, habelə qayınanası Qətibənin Mətanətin əzab çəkməsinə son qoymaq üçün qapını dayanmadan döyəcləyərək ağlayıb fəryad etməsinə baxmayıb.
Nazim cibində olan bıçağı çıxaraq Mətanətin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. 13 bıçaq xəsarəti yetirəndən sonra Mətanətin hərəkətsiz vəziyyətdə yerdə qaldığını görən Nazim onun öldüyünü zənn edib.
Bu səbəbdən Nazim hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə gələn Mətanətin qohum və qonşuları onu xəstəxanaya çatdırıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün Mətanətin həyatını xilas etmək mümkün olub. Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isə cinayəti törədən Nazim Səmədov həbs edilib.
İstintaq orqanı tərəfindən Nazim Səmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Nazim Səmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətə azadlıqdan məhrum edilib.
Nazim Səmədov hökmdən sonra cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya və kasasiya şikayəti verib.
Amma həm Şirvan Apelyasiya Məhkəməsi, həm də Ali Məhkəmə onun şikayətlərini təmin etməyib.
Oxu24.com
ŞƏRHLƏR