Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.
Bu barədə
Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.
Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.
Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.
Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.
Xatırladaq ki, əvvəllər də paytaxt ərazisində baş vermiş müxtəlif kriminal qarşıdurmalarda İsa Əzizovun adı hallanıb. 2016-cı ilin yanvar ayında o, dostları ilə birlikdə Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin əməkdaşını döymüşdü. İnsident nəticəsində YDM mühafizəçisi Sadiq Bağırov ağır xəsarət almışdı.
Dələduzlar 0 4:00 radələrində “Bentley” markalı avtomobildə YDM ərazisinə daxil olaraq, işçinin avtomobilə yanacaq doldurmasını istəyib. Onlardan biri əməliyyatçıya 100 manat təqdim edib. Sonuncu xırdasının olmadığını deyərək, gözləməyi xahiş edib. Bu isə gözləməyə səbri çatmayan “Bentley” sərnişinlərinin ürəyincə olmur.
Onlar əməliyyatçını təhqir etməyə başlayırlar. Bu anda maşına YDM-nin mühafizəçisi Sadiq Bağırov yaxınlaşır. Əməliyyatçı pulu xırdalayana qədər gözləməyi nəzakətli şəkildə xahiş edir. Bu isə onları özündən çıxarır, avtomobildən düşüb mühafizəçini müşahidə kamerasından kənara çəkirlər.
Bir neçə dəqiqədən sonra əraziyə ikinci maşın – ağ rəngli “Prado” gəlir. İçindən idmançılar düşür və YDM-nin bütün əməkdaşlarını və mühafizəçilərini döyürlər.
YDM mühafizəçisini döydüyünə görə İ.Əzizov yüngül cəza (30 günlük inzibti həbs) ilə canını qurtarmışdı.
Həmin qrup 2015-ci ilin may ayında “Famous” adlı karaoke-klubda (Bakıda) bir qadına fiziki xəsarətlər yetirmişdi. Həmin vaxt faktla bağlı polisə Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva (Azərbaycan vətəndaşı ) müraciət etmişdi.
Yenilənib:Nərimanov rayon 17-ci Polis Bölməsinin, Dövlət Yol Polisinin və Post Patrul Xidmətinin əməliyyatçılarının apardığı araşdırmalar zamanı hadisə yerindən qaçmağa müvəffəq olan qruplaşmanın digər üzvləri saxlanılıb.
Onlar paytaxt sakinləri 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədli Valid Fəxri oğludur.
Faktla bağlı Nərimanov RPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları İ.Əzizovun hansı səbəbdən atəş açdığını gizlətməyə çalışırlar və yalnız bunun çox ciddi olduğunu bildirirlər.
Oxu24.com
ŞƏRHLƏR