Şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.
Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.
M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib.
Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.
M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, M.Qəmbərov şair Salam Sarvanın bacısı oğludur.
Oxu24.com
ŞƏRHLƏR