Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.
Bu haqda
Oxu24.com -a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Xatırladaq ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.
Qətlin üzərindən üç gün keçsə də, müstəntiqlər hadisə şahidinin olmadığına görə, qatilin izinə çıxmaqda və şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkir.
Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.
Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə, atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub.
Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb. K.Məmmədlinin meyitini valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.
Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki ilə əvvəl boşanıb.
Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir. Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.
Faktla bağlı istintaq davam edir.
Oxu24.com
ŞƏRHLƏR