Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xəzər rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR