Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “doktor” saxlanılıb.
Bu barədə
Oxu24.com-a Daxili İşlər Naziliyindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.
Belə ki, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
A.Niftəliyev ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan “doktor” ləqəbindən istifadə edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR