Bakıda uşaq oğurluğunda ittiham olunaraq həbs edilən 1993-cü il təvəllüdlü Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Teleqraf.com -a istinadən xəbər verir ki, Sənan Qasımzadə Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində avtomobili ilə hərəkətdə olarkən həmin küçənin kənarı ilə gedən 2002-ci il təvəllüdlü Cəfər Qasımovu görüb.
Uşağı oğurlamaq məqsədi ilə avtomobili saxlayıb, yetkinlik yaşına çatmayan oğlana “Qoşa yanacaq” doldurma məntəqəsinə aparan yolu tanımadığını deyib, həmin yolu göstərməyi xahiş edib.
Sənan Qasımzadə Cəfər Qasımovu aldadaraq avtomaşına əyləşdirib və ona özünü uşaq cəmiyyətinin işçisi kimi təqdim edib. O, Cəfər Qasımovu Dəniz Kənarı parkda gəzdirəcəyini bildirib, aldadaraq oğurlayıb.
Yolda Sənan Qasımzadə Cəfər Qasımovun istifadəsində olan mobil telefondan onun anası Afət Qasımovaya zəng edib. Qadına özünü Teymur adı ilə təqdim edib, Cəfər Qasımovu oğurladığını bildirib.
O, qadından övladının qaytarılması müqabilində 20 min manat verməsini tələb edib.
Həmin vaxt qadın övladının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sənan Qasımzadə yol-patrul xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində idarə etdiyi “Vaz 21015” markalı avtomobildə saxlanılıb.
Onun yanında olan yetkinlik yaşına çatmayan Cəfər Qasımov əlindən alınaraq ailəsinə təhvil verilib.
İstintaq orqanı tərəfindən Sənan Qasımzadənin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Sənan Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Sənan Qasımzadə apelyasiya şikayəti verib. O, həbs olunana kimi “Azərişiq”da montyor işlədiyini, ailəli olduğunu, himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.
Sənan Qasımzadə əməlində adam oğurluğu ittihamının tərkibi olmadığını göstərib. Bildirib ki, Cəfər Qasımovu tamah niyyəti ilə oğurlamayıb. Qeyd edib ki, həmin günü Cəfər Qasımovu Dəniz Kənarı parkda gəzdirib və geri qaytaranda isə polislər tərəfindən yaxalanıb.
Sənan Qasımzadə qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halları, o cümlədən ailə başçısı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmişə qarşı heç bir qanunazidd hərəkətə yol vermədiyini, onu yelləncəkdə əyləndirdiyini, dondurma yedizdirdiyini nəzərə almayıb.
Sənan Qasımzadə barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Qasımzadənin apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Sənan Qasımzadə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Sənan Qasımzadənin kasasiya şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Sənan Qasımzadənin cəzası 12 ildən 10 ilə endirilib.
Oxu24.com
ŞƏRHLƏR