Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və digərlərinin Bakı metropolitenin sabiq rəisi Tağı Əhmədovu nədə ittiham etdikləri açıqlanıb.
Axar.az xəbər verir ki, ittiham aktında göstərilib ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov və digərləri ilə cinayət əlaqəsinə girib, onlar Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə tələb ediblər.
Akif Çovdarovun rəhbərlik etdiyi baş idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Tural Rzayevin tərtib etdiyi, guya Tağı Əhmədovun islam dininin təriqət üzvlərinə maddi yardım göstərməsi barədə əsassız məlumatlar daxil edilmiş “N” saylı tapşırığı 1 mart 2014-cü ildə imzalanıb, həmin ilin martın 3-də sənəd təsdiqlənməsi üçün nazirə təqdim edilib.
Bundan sonra dəstə üzvləri Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, 1-ci şöbə 2-ci bölmənin rəisi Anar Şirəliyev, 5-ci şöbənin baş mütəxəssisi Fərhad Atayev və başqaları Tağı Əhmədovun istifadəsində olan mobil nömrələri, metro ticarəti ilə məşğul olan qardaşı oğlu Şövqü Əhmədovun, tanışı Elşən Tağıyevin mobil nömrələrini dinləyiblər.
2014-cü ilin martında idarənin sabiq əməkdaşı Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. O, Tağı Əhmədov və oğlunun həbs olunacağı ilə hədələyib, 3 milyon manat tələb edib.
Hədə-qorxu yolu ilə 3 milyon manat alınıb.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR