Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4786
az

Dollar krediti olanlara mühüm xəbər: "Kredit götürüləndə məzənnə 0,78 olubsa..."

10:0327 Avqust, 2018
2841
İQTİSADİYYAT
  • A
 
Hüquqşünas Əkrəm Həsənov dollar krediti olanları maraqlandıran açıqlama ilə çıxış edib.

Oxu24.com xəbər verir ki, hüquqşünas məsələyə Konstitusiya Məhkəməsinin yenidən baxdığını bildirib:

"Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin ("Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib. Sözügedən maddədə o cümlədən deyilir: "Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”.

Bu maddəyə əsasən artıq 3 ildir ki, deyirik: manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməmişdir. Hakimlərin də arasında ciddi fikir ayrılığı var və Bakı Apellyasiya Məhkəməsi də müraciətində bunu xüsusi vurğulayıb.

Bütövlükdə Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

Əslində, ilk 2 sualın cavabı ritorikdir. Çünki iştirakçıların bərabərliyi prinsipi istənilən mülki müqaviləyə xasdır və o, rəhbər tutulsa, belə çıxır ki, heç bir mülki əqd üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu tətbiq edilə bilməz. Bəs onda qanuna niyə daxil edilib? Axı niyə bu institutu guya məhz kredit münasibətlərinə tətbiq etmək olmaz? Əlbəttə, olar və edilməlidir də!

O ki qaldı sonuncu suala, məsələ birmənalı deyil. Kredit müqaviləsi ləğv edildikdə, borclunun krediti necə qaytarması (hansı məzənnə ilə) məsələsi yenə də açıq qalır. Ümumiyyətlə, sualın özü yarımçıqdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi borcluya müqaviləni yalnız ləğv etmək deyil, həmçinin şərtlərinin (məsələn, devalvasiya halında məzənnəni və s.) dəyişdirilməsi hüququnu da verir. Lakin nədənsə müraciətdə bu hüquq xatırlanmır, halbuki, əsas məsələ məhz budur. Ümid edək ki, Konstitusiya Məhkəməsi məsələyə daha geniş yanaşacaq.

Məlum olduğu kimi, 2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlər məsələsinə bir qədər fərqli müstəvidə artıq şərh vermişdi. Demişdi ki, xarici valyutada kreditin verilməsi qanunidir (halbuki, əslində, Konstitusiyaya ziddir) və cari məzənnə ilə qaytarılmalıdır. Düzdür, əlavə də etmişdi ki, banklar maliyyə vəziyyətindən asılı olaraq borclulara güzəştlər etməlidir, lakin təcrübədə məhkəmələr də, banklar da bunu nəzərə almadı. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin həmin qərarı ciddi tənqid hədəfinə çevrildi, hətta Milli Məclisin iclaslarında belə. Buna görə də məsələyə fərqli bucaqdan yenidən baxılması gözlənilən idi.

Ötən 3,5 il ərzində banklar müxtəlif yollarla dollar kreditlərinin bir qismini qaytara bilib. Lakin problem yenə də böyük olaraq qalır. Hələ 2015-ci ilin mayında bildirmişdim ki, qəbul edilmiş qərar problemi həll etməyəcək, əksinə dərinləşdirəcək. Belə də oldu.

Odur ki, hazırda fərqli qərar gözləmək olar. Son zamanlar Konstitusiya Məhkəməsi birmənalı olaraq bankların tərəfini tutmur. Məsələn, kredit xəttinə dair sonuncu (31 may 2018-ci il tarixli) qərarında bankların "kredit xətti” adı ilə bağladığı "niyyət razılaşması”nı müqavilə kimi tanısa da, müəyyən şərtlər də müəyyən etdi ki, onlar bankların xeyrinə deyil. Devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olduğu isə açıq-aşkardır, çünki onu göz önünə alan şəxs heç vaxt xarici valyutada kredit almazdı. Buna görə də Konstitusiya Məhkəməsi bu dəfə əhalinin xeyrinə qərar verə bilər (düzdür, bu zaman kreditin hansı məzənnə ilə qaytarılmasını açıqlamalı və əsaslandırmalıdır).

Lakin buna tam əmin də olmaq olmaz. Banklar yenə əllərindən (lap ayaqlarından da!) gələni edəcək ki, qərar onların xeyrinə olsun.

Orta qərar da ola bilər. Məsələn, devalvasiya yalnız əhalinin kreditlərinə (istehlak) münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilər. Yəni biznes kreditlərinə şamil edilməyə bilər. Əsaslandırma da təxmini belə ola bilər: sahibkar hər bir riski göz önünə almalı idi, istehlakçı isə bunu həmişə edə bilmir və s. və i.a. Məlum olduğu kimi, problemli kreditlər say baxımdan əhalidə daha çoxdur, lakin məbləğ baxımdan biznes kreditləri üstünlük təşkil edir (çünki əhalinin kreditlərinin məbləği xeyi aşağıdır). Başqa sözlə, orta qərar daha çox insanı razı sala bilər, məbləğ baxımdan isə bankların itkisi daha az olar. Digər tərəfdən, bu qərar banklara da imkan verməz ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutunu xarici valyutada olan əmanətlərə də tətbiq etsinlər. Çünki banklar da sahibkardır, buna görə də devalvasiyanı göz önünə almalı idilər.

Qərarın orta xarakterli olması həmçinin kreditin qaytarılması məzənnəsində öz əksini tapa bilər. Belə ki, kredit götürüləndə məzənnə 0,78 idi, indi isə 1,7. Qərar birmənalı borclunun xeyrinə olsa, məzənnə 0,78 olmalıdır. Bankların xeyrinə olsa, 1,7. Konstitusiya Məhkəməsi orta məzənnə (məsələn, 1,24) də müəyyən edə bilər və ya Milli Məclisə belə bir qanun qəbul etmək haqda tövsiyə verə bilər. Düzdür, bunu əsaslandırmaq elə də asan olmayacaq.

Bir sözlə, payızda bizi mühüm qərar gözləyir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb