Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəmədə süni intellekt tərəfindən yaradılmış foto, video və səs yazısı sübut hesab edilə bilərmi?  

Məhkəmədə süni intellekt tərəfindən yaradılmış foto, video və səs yazısı sübut hesab edilə bilərmi?  

HÜQUQ

114

03.11.2026, 23:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hüquqşünas Ellada Bayramovanın hüquqi məqaləsi.

Bir fotoşəkil, video və ya səs yazısı uzun müddət hadisənin baş verdiyini təsdiqləyən ən inandırıcı vasitələrdən biri hesab olunub. İnsan gördüyünə və eşitdiyinə əsaslanaraq nəticə çıxarırdı. Lakin süni intellekt texnologiyalarının inkişafı bu yanaşmanı ciddi şəkildə dəyişdirib. Artıq real insanın heç vaxt demədiyi sözləri dediyi, iştirak etmədiyi hadisədə göründüyü, baş verməmiş hərəkəti etdiyi təəssüratı yaradan foto, video və audio materiallar hazırlamaq mümkündür. Belə materialların vizual və səs keyfiyyətinin yüksək olması onların saxta olduğunu adi müşahidə ilə müəyyən etməyi çətinləşdirir.

Bu vəziyyət məhkəmə sübutları ilə bağlı fundamental sual yaradır: əgər foto, video və ya səs yazısı hadisəni real şəkildə əks etdirmirsə, lakin zahirən inandırıcı görünürsə, məhkəmə onun həqiqiliyini necə müəyyən etməlidir? Daha vacibi, sübutun saxta olması barədə əsaslı şübhə yarandıqda həmin materialı təqdim edən tərəfin üzərinə hansı vəzifələr düşür?

Azərbaycan qanunvericiliyində sübutların qiymətləndirilməsi onların yalnız zahiri formasına deyil, iş üçün əhəmiyyətinə, qanuni əldə edilməsinə və etibarlılığına əsaslanır. Cinayət-prosessual hüquqda sübutlar qanunla müəyyən edilmiş qaydada əldə olunmalı və yoxlanılmalıdır. Məhkəmə sübutları əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik hesab edə bilməz; onların hər biri digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu prinsip süni intellekt vasitəsilə yaradılmış materiallara münasibətdə də xüsusi əhəmiyyət daşıyır.

2026-cı ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklər bu problemin müəyyən hissəsinə birbaşa hüquqi reaksiya verib. 21 aprel 2026-cı il tarixli qanunla Cinayət Məcəlləsinə 148-2-ci maddə əlavə edilərək şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və müəyyən hallarda yayılması cinayət məsuliyyəti ilə əlaqələndirilib. Eyni qanunla 242-1-ci maddə əsasında şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması üçün ayrıca məsuliyyət müəyyən edilib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilmiş dəyişiklik isə süni intellekt vasitəsilə hazırlanmış materialların kütləvi nümayişi zamanı onların bu texnologiyadan istifadə edilməklə yaradıldığını göstərən aydın nişanlanmanı tələb edir.

Bu dəyişikliklər mühüm addımdır. Lakin süni intellekt vasitəsilə hazırlanmış saxta materialın yaradılmasına və yayılmasına görə məsuliyyətin müəyyən edilməsi həmin materialın məhkəmə prosesində necə yoxlanılacağı sualını tam həll etmir. Bir məsələ belə materialın hazırlanmasının və yayılmasının qanuniliyi, digər məsələ isə onun sübut kimi təqdim edildikdə həqiqiliyinin necə müəyyən olunmasıdır. Bu iki hüquqi problem bir-biri ilə əlaqəli olsa da, eyni deyil.

Məhkəmə üçün əsas məsələ təqdim edilən materialın hadisəni həqiqətən əks etdirib-etdirməməsidir. Fotoşəkil montaj edilə, video ardıcıllığı dəyişdirilə, səs yazısına başqa şəxsin səsi əlavə oluna, yaxud süni intellekt vasitəsilə tamamilə yeni hadisə görüntüsü yaradıla bilər. Bəzən isə material bütövlükdə saxta olmur, yalnız müəyyən hissəsi dəyişdirilir. Bu səbəbdən yoxlama yalnız “saxtadır, yoxsa deyil?” sualı ilə məhdudlaşmamalıdır. Materialın ilkin mənbəyi, yaradılma vaxtı, texniki xüsusiyyətləri, redaktə tarixçəsi, saxlanma şəraiti və təqdim edilməzdən əvvəl hansı əməliyyatlardan keçirilməsi də araşdırılmalıdır.

Burada rəqəmsal faylın metadatası, orijinal daşıyıcı, faylın kriptoqrafik heş göstəriciləri, texniki ekspertiza və materialın əldə edilməsi zənciri əhəmiyyət kəsb edə bilər. Məsələn, video faylın təqdim edilən nüsxəsi ilə ilkin faylın eyni olub-olmaması, faylın sonradan dəyişdirilib-dəyişdirilməməsi, səsin başqa mənbədən əlavə edilib-edilməməsi və görüntünün süni şəkildə yaradılmasına dair texniki əlamətlərin mövcudluğu araşdırıla bilər. Bununla belə, metadata və heş göstəricisi təkbaşına hadisənin həqiqiliyini sübut etmir. Onlar əsasən faylın texniki bütövlüyü və dəyişdirilmə ehtimalı barədə məlumat verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin audio və video yazıların tədqiqinə dair 203-cü maddəsi məhkəmədə belə materialların səsləndirilməsi və nümayiş etdirilməsi, zərurət olduqda mütəxəssis dəvət edilməsi və ekspertiza təyin olunması imkanlarını nəzərdə tutur. Məcəllənin 204-cü maddəsi isə sübutun saxtalığı barədə ərizə verildikdə onun həqiqiliyinin yoxlanılması üçün ekspertiza təyin edilməsinə imkan yaradır. Bu normalar rəqəmsal materialların araşdırılması üçün prosessual əsas verir. Lakin süni intellektlə yaradılmış materialların xüsusiyyətləri nəzərə alınmaqla ekspertiza metodlarının, texniki yoxlama standartlarının və materialın ilkin mənbəyinin qorunması qaydalarının daha dəqiq formalaşdırılması zərurəti qalır.

Cinayət prosesində də elektron məlumatların əldə edilməsi, yoxlanılması və qorunması məsələləri xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə Cinayət-Prosessual Məcəlləyə elektron məlumatların qorunması ilə bağlı yeni mexanizmlərin daxil edilməsi rəqəmsal sübutların itirilməsi və dəyişdirilməsi riskinin qarşısının alınması baxımından mühüm addımdır. Bununla belə, elektron məlumatın qorunması onun məzmununun həqiqiliyini avtomatik təsdiqləmir. Faylın dəyişdirilmədən saxlanılması onun ilkin yaradıldığı andan etibarən real hadisəni əks etdirdiyi mənasına gəlmir. Buna görə sübutun texniki bütövlüyü ilə məzmununun həqiqiliyi ayrı-ayrı qiymətləndirilməlidir.

Ən mürəkkəb məsələlərdən biri sübutetmə yüküdür. Tərəflərdən biri digərinin təqdim etdiyi video və ya səs yazısının süni intellekt vasitəsilə yaradıldığını iddia edirsə, bu iddianın yoxlanılması üçün texniki imkanlar mövcud olmalıdır. Lakin rəqəmsal ekspertizanın nəticələri hər zaman birmənalı olmaya bilər. Süni intellektlə yaradılmış materialı müəyyən edən texnologiyalar inkişaf etdikcə saxta materiallar da daha mürəkkəb formalar alır. Buna görə ekspert rəyi məhkəmə üçün mühüm vasitə olsa da, yekun hüquqi qiymətləndirməni əvəz etmir.

Digər tərəfdən, hər hansı materialın süni intellektlə yaradılması ehtimalı onun avtomatik olaraq sübutlar sırasından çıxarılması üçün kifayət etməməlidir. Məhkəmə materialın hansı məqsədlə təqdim edildiyini, onun iş üzrə digər sübutlarla uyğunluğunu, texniki yoxlamanın nəticələrini və tərəflərin etirazlarını birlikdə qiymətləndirməlidir. Eyni zamanda, saxta materialın mövcudluğu barədə ciddi şübhə aradan qaldırılmayıbsa, həmin materialın şəxsin hüquqi vəziyyətinə həlledici təsir göstərməsi ədalətli məhkəmə araşdırması baxımından problem yarada bilər.

Burada tərəflərin prosessual bərabərliyi də qorunmalıdır. Bir tərəf yüksək texniki imkanlara və ekspertlərə çıxış əldə etdiyi halda, digər tərəfin saxta sübutu müstəqil şəkildə yoxlamaq imkanı yoxdursa, sübutların mübahisələndirilməsi formal xarakter daşıya bilər. Məhkəmə tərəflərin sübutlarla tanış olmaq, onlara etiraz etmək, ekspertə sual vermək və zəruri hallarda təkrar ekspertiza tələb etmək imkanlarını real təmin etməlidir.

Süni intellektlə yaradılmış materialların məhkəmədə istifadəsi şəxsi həyat və fərdi məlumatların qorunması məsələlərini də gündəmə gətirir. Saxta video və ya səs yazısının həqiqiliyini yoxlamaq məqsədilə şəxsin geniş həcmdə şəxsi yazışmalarının, görüntülərinin və digər məlumatlarının toplanılması ayrıca hüquqi əsas tələb edə bilər. Sübutun həqiqiliyini yoxlamaq zərurəti şəxsi həyatın toxunulmazlığı hüququnu qeyri-məhdud şəkildə məhdudlaşdırmaq səlahiyyəti yaratmır.

Əslində, qarşıdakı dövr üçün əsas hüquqi çağırış yalnız saxta görüntülərin yayılmasının qarşısını almaq deyil, məhkəmə sistemində rəqəmsal həqiqiliyin müəyyən edilməsi üçün etibarlı prosedurlar yaratmaqdır. Bunun üçün rəqəmsal sübutların təqdim edilməsi, ilkin mənbənin qorunması, texniki ekspertizanın standartları, sübutun dəyişdirilmə tarixçəsi, müstəqil yoxlama imkanları və saxta materialdan istifadə edən şəxslərin prosessual məsuliyyəti daha dəqiq tənzimlənməlidir.

Məhkəmə texnologiyanın yaratdığı görüntüyə deyil, həmin görüntünün həqiqiliyini təsdiqləyən yoxlanıla bilən sübutlara əsaslanmalıdır. Çünki görüntünün inandırıcı olması onun real olması demək deyil. Rəqəmsal dövrdə ədalətli məhkəmə araşdırmasının əsas şərtlərindən biri artıq yalnız sübutun mövcudluğu deyil, onun necə yaradıldığının, necə saxlanıldığının və nə dərəcədə etibarlı olduğunun müəyyən edilməsidir.

Əgər texnologiya baş verməmiş hadisəni baş vermiş kimi göstərə bilirsə, hüququn vəzifəsi yalnız saxtakarlığı cəzalandırmaq deyil, həqiqətin məhkəmədə necə müəyyən ediləcəyini də etibarlı mexanizmlərlə təmin etməkdir.