Qaynar xətt:

(+99450) 247 90 86

Nənənin nəvəyə bağışladığı torpaq bölüşdürülür? – Vəkil cavabladı

Nənənin nəvəyə bağışladığı torpaq bölüşdürülür? – Vəkil cavabladı

HÜQUQ

57

15.07.2026, 11:33

Vərəsəlik və bağışlama müqavilələri ilə bağlı ən çox verilən suallardan biri də ailə üzvlərinin gələcəkdə həmin əmlaka iddia edib-edə bilməməsidir. Xüsusilə nənə və ya baba sağlığında nəvəsinə ev və ya torpaq bağışladıqda, digər övladların – əmi, bibi, dayı və xalaların həmin əmlak üzərində hüququnun olub-olmaması vətəndaşları maraqlandırır.

Oxu24.com-a açıqlama verən vəkil Könül İsgəndərzadə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəxs sağ olduğu müddətdə öz mülkiyyətində olan əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir.

Onun sözlərinə görə, əgər nənə sağlığında torpaq sahəsini nəvəsinə bağışlayıb, bu bağışlama qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilib və əmlak artıq nəvənin adına dövlət qeydiyyatına alınaraq çıxarış verilibsə, həmin əmlak bağışlanan şəxsin mülkiyyətinə keçir.

"Hüquqi baxımdan bağışlama müqaviləsi qüvvəyə mindikdən və əmlak yeni sahibinin adına rəsmiləşdirildikdən sonra həmin əmlak artıq miras kütləsinə daxil edilmir. Bu səbəbdən də sonradan nənənin vəfat etməsi həmin torpaq sahəsi üzərində digər vərəsələr üçün avtomatik hüquq yaratmır. Yəni əmi, bibi, dayı və ya digər vərəsələrin həmin torpaq sahəsində pay hüququ yaranmır", – deyə vəkil bildirib.

Könül İsgəndərzadə qeyd edib ki, insanlar arasında "mütləq bütün övladların və ya vərəsələrin razılığı olmalıdır" kimi yanlış təsəvvürlər mövcuddur. Halbuki şəxs sağlığında öz əmlakını istədiyi şəxsə bağışlaya, sata və ya başqa formada özgəninkiləşdirə bilər.

"Bağışlanan əmlak artıq həmin şəxsin şəxsi mülkiyyətinə çevrilir. Sonradan açılan miras zamanı həmin əmlak yenidən bölüşdürülmür. Bu baxımdan bağışlama ilə miras anlayışlarını bir-birindən fərqləndirmək lazımdır", – deyə hüquqşünas vurğulayıb.

Bununla yanaşı, vəkil diqqətə çatdırıb ki, son illərdə Ali Məhkəmənin qəbul etdiyi hüquqi mövqelərə əsasən, bəzi hallarda bağışlama müqavilələri məhkəmə qaydasında mübahisələndirilə bilər.

Onun sözlərinə görə, bu isə yalnız müəyyən hüquqi əsaslar olduqda mümkündür.

"Əgər bağışlama müqaviləsinin bağlandığı vaxt bağışlayan şəxsin iradəsinin sərbəst olmadığı, aldadıldığı, məcbur edildiyi, sağlamlıq vəziyyətinin buna imkan vermədiyi və ya müqavilənin etibarlılığına şübhə yaradan digər hallar sübuta yetirilərsə, həmin bağışlama məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin bu, hər bağışlama müqaviləsinin ləğv ediləcəyi anlamına gəlmir", – deyə o bildirib.

Vəkil əlavə edib ki, yalnız "mən də vərəsəyəm" arqumenti bağışlama müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir işi ayrıca araşdırır və yalnız qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda müqavilənin taleyi ilə bağlı qərar qəbul edir.

Könül İsgəndərzadənin sözlərinə görə, vətəndaşlar bağışlama müqaviləsi bağlayarkən bütün sənədlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirməlidirlər. Çünki hüquqi baxımdan düzgün rəsmiləşdirilmiş və dövlət qeydiyyatından keçmiş bağışlama müqaviləsi gələcəkdə yarana biləcək əksər mübahisələrin qarşısını alır.

Hüquqşünas sonda vurğulayıb ki, təqdim olunan vəziyyətdə – nənənin sağlığında nəvəsinə bağışladığı və artıq çıxarışla rəsmiləşdirilmiş 3 sot torpaq sahəsinə əmi və bibinin avtomatik olaraq pay hüququ yaranmır. Yalnız qanunda nəzərdə tutulmuş xüsusi hüquqi əsaslar mövcud olarsa, həmin bağışlama məhkəmə qaydasında mübahisələndirilə bilər.

Turan