Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95712
az

Yeni məhəbbət dastanı: Vəli və Arzu sabah Cənnətdə qovuşacaqlar

23:4526 Sentyabr, 2023
1158
HƏRBİ
  • A

Sabah Ağstafa rayonunun Qarahəsənli məzarlığında Vəli ilə Arzu yan-yana uyuyacaq.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu,  Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Vəli Ceyhun oğlunun Şəhadət xəbərini eşidən istəklisi, 2006-cı il təvəllüdlü Oruczadə Arzu Camal qızı Xırdalanda hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 

 


Qəfil hadisənin təsirindən çaşqın qalan valideynlər Arzunu 22 sentyabrda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn ediblər. Vəlinin də valideynləri Arzunun intihar etməsindən bir gün sonra xəbər tutublar. Bu ağır xəbəri eşidən "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Vəlinin valideynləri ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı Vəlinin atası Ceyhun Mustafayev İlham Pirməmmədovdan Arzunun valideynləri ilə danışıb, nəşinin Vəlinin məzarının yanında torpağa tapşırılmasına köməklik etməyi xahiş edib: "İlham müəllim, biz bilirdik ki, Vəli ilə Arzu istəklidir. Vəli əsgərlikdən qayıdandan sonra toy edəcəkdik.  Qismət belə imiş. Vəli Şəhid oldu. Arzu intihar etdi. Arzu intihar etməzdən öncə səhər saatlarında (09:13) yazıb ki, "Anana de, gəlnin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm." İlham müəllim, Qazax mahalının ağsaqqalı kimi siz bizə köməklik edin. Arzunun nəşinin Vəlinin məzarının yanında dəfn olunmasına görə valideynlərindən razılıq almaq üçün əlinizdən gələn köməyi əsirgəməyin". 

 

Şəhid atasının istəyini nəzərə alaraq İlham Pirməmmədov, İctimai Birliyin üzvləri ehtiyatda olan polis polkovniki Namiq İsmayılov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva, Səbinə Yusif Arzunun 3 mərasimində iştirak ediblər. Qazax mahalının ziyalıları Arzunun vəsiyyətinə əməl olunmasını, 7 mərasiminə kimi Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kəndinə aparılmasını onun valideynlərindən, ailəsindən, doğmalarından xahiş ediblər. 

İlham Pirməmmədov və Namiq İsmayılov Arzunun atası ilə danışıqlar zamanı Arzunun Qarahəsənli kənd qəbristanlığında dəfn edilməsinə razılıq verilməsini xahiş ediblər. Ata Arzunun Vəlinin yanında dəfn olunmasına etiraz etmədiyini bildirib: "Mən sizin təklifinizə yox demirəm. Ancaq ana ürəyi başqadır. Anası razı olsa, Arzunu Vəlinin yanında dəfn etmək üçün Qarahəsənli kəndinə apara bilərsiniz". 

 

İlham Pirməmmədov Vəlinin valideynlərinin də xahiş üçün Bakıya gələcəyini bildirib.

Mərasimdə Başxanım Abbaslının çıxışından sonra oradakı bütün qadınlar Arzunun anası Sevda xanımdan Arzunun nəşinin çıxarılaraq Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasının tərəfdarı olduqlarını bildiriblər: "Sevda xanım, bilirik, yaranız çox dərindir. Arzu Vəliyə görə həyatına qəsd edib. Onun son arzusu Vəlinin yanında dəfn olunmaq olub. Xahiş edirik, Arzunun son arzusunun gerçəkləşməsində siz bir ana olaraq öz razılığınızı bildirin". 

 

Başxanım Abbaslı deyib: 

"Siz Arzunun Qarahəsənli kənd qəbristanlığında sevdiyi oğlanın yanında torpağa tapşırılmasına icazə verin. Arzu Qazax mahalının toysuz gəlinidir. Biz Arzunun vəsiyyətinə görə sizdən xahiş edirik, onu Vəlidən ayırmayın". Üç mərasimində söhbət zamanı demək olar ki, Arzunun Vəlinin yanında dəfn olunmasına qismən razılıq olduğu hiss edilib. Yas məclisini idarə edən molla Arzunun Vəlinin yanında dəfn olunmasının vacib olduğunu bildirib: "Arzu Vəli üçün özünü öldürdü. Bu bizim tariximizdir. Qızlarımızın qorxmazlığının, əzmkarlığının, sədaqətinin göstəricisidir. Tarix təkrar olunur. 90-ci ildə İlham Fərizə sevgisi dillərə dastan oldu. 33  ildən sonra  Vəli Arzu sevgisi dillərə dastan olacaq.”

 

Mərasimdə iştirak edən qadınlardan biri böyük yanğı ilə qeyd edib: 

 

"Arzunu dəfn edəndə qəbrə sığışmadı. Bunu hamımız öz gözlərimizlə gördük. Nə qədər edirdilər, Arzu qəbrə sığışmırdı. Ona görə də ipəyi büküb başının altına qoydular ki, Arzu qəbrə sığışsın. Ancaq yenə sığışmadı. Nə qəbir Arzunu qəbul etdi. Nə də Arzu qəbiri qəbul etdi. Yenə də məsləhət, son söz Sevda xanımındır. Ancaq Arzunun rahat olmasını istəyirsə, Qarahəsənli kəndində dəfn olunmasına icazə verməyi məsləhətdir".

 

Yas məclisində eşitdiklərimizdən onu da bildik ki, Arzu məktəbdə nümunəvi şagird olub. Sınaq imtahanlarından 550-600 bal toplayan Arzu Polis Akademiyasına qəbul olmaq niyyətində olub. Müharibə çox gənclərin, sevənlərin arzusunu yarıda qoyduğu kimi Vəli və Arzunun də arzularını yarıda qoydu.

 

Arzunun Vəlinin yanında torpağa tapşırılması üçün 25 sentyabrda Ağstafa rayon Qarahəsənli kəndindən Vəlinin valideynləri Arzunun valideynləri ilə görüşmək üçün Bakı şəhərinə gəldilər.  İlham Pirməmmədov və Namiq İsmayılov Şəhidin ailə üzvlərini qarşılayıb Arzunun ailəsi ilə görüşdürdülər. 

 

Valideynlər Azrunun nəşinin Vəlinin məzarının yanında dəfn olunması üçün ailə ilə yenidən danışıq apardılar. Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasına Arzunun ailəsi razılıq verdi.

 

İlham Pirməmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbər işçiləri ilə əlaqə saxladı. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirildi ki, mövcud qaydalar gözlənilməklə Arzunun nəşi çıxarılıb Vəlinin məzarının yanında torpağa tapşırıla bilər. Sentyabrın 26-sı Arzunun nəşi çıxarılaraq Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi. 

 

"Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən Arzunun valideynləri və qohumları dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi.

Hal-hazırda İlham Pirməmmədov, İctimai Birliyin üzvləri dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonu Qarahəsənli kəndinə gedirlər.

 

Arzunun nəşi 27 sentyabrda (sabah) Ağstafa rayonunun Qarahəsənli kəndində Vəlinin məzarının yanında torpağa tapşırılacaq.

 

Qorxmaz, sədaqətli, vəfalı gənclərə Uca Allahdan rəhmət diləyirik. Doğmalarına, yaxınlarına, əzizlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, Qazax mahalının ziyalılarının adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

 

P.S. Dəfn mərasimi sabah saat 13:00-da Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında olacaq. Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin Bakı şəhərindən, eləcə də Qazax və Ağstafa rayonlarından olan üzvləri iştirak edəcəklər. Dəfn mərasimindən öncə İlham Pirməmmədov və İctimai Birliyin üzvləri 27 sentyabr Anım günü ilə əlaqədar olaraq Qazax və Ağstafa rayonlarında təşkil olunan Anım tədbirində iştirak edəcəklər. Dəfn mərasimindən sonra İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində Şəhid olan hərbçilərin 7 mərasimində iştirak edəcəklər. Həmçinin sentyabr ayının 28-də Şəhidlərin 7 mərasimində iştirak edəcəklər.

 

Dəfnin bütün xərclərini "Qazax" Xeyriyyə İctimai Birliyi öz üzərinə götürüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ