Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45413
az

“Dedi ki, anama de, ağlamasın...” –Şəhid əmanəti

12:5829 Dekabr, 2020
3332
HƏRBİ
  • A

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Allahverdi Ələkbərova həsr olunub.

Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərov. 1987-ci ilin 15 fevral tarixində Ucar şəhərində anadan olub. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə müvafiq kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib. Allahverdi sentyabrın 27-də başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin, Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı və qətiyyəti ilə fərqlənib. Ermənilərin 100-dən artıq canlı qüvvəsini məhv edən bölük komandiri Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər hərbi hospitalında dünyasını dəyişib və Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allahverdi Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zəfər günü

11 noyabr gününü hərəmiz bir cür qeyd etdik. Hər insan öz əhvalına uyğun qələbə xəbərinə büründü. Küçələrə axışan insan selinə evində bir dəqiqəlik ayaq üstə dayanıb şəhidlərin xatirəsinə sükut edənlər, ağlayanlar, gülənlər, kədərlənənlər də qoşulmuşdu. Həmin gün məmləkətin bütün insanları eyni sevincə eyni məqamda sevinirdilər. Bir bayraq altında hər kəs birləşmiş, bir yumruğa dönmüşdü. Paytaxtın bu səs-küyündən uzaqda yerləşən şəhərlərin birinin xəstəxanasında yatan yaralı əsgərlərimiz də özlərinə məxsus qeyd edirdilər həmin günü. Ağrılarına diş qıcayıb susaraq, gülümsəməyə çalışaraq, ailələrini, doğmalarını düşünərək, bəzən sevincli, bəzən isə həsrətlə sakit, səssiz qalaraq.

Allahverdi də ağır döyüşlərdən çıxıb, bədənində onlarla qəlpə gəzdirərək, yaralı, ağrılı halda qarşıladı qələbə xəbərini. Bədənindəki yaralara, canındakı ağrılara, içindəki iniltilərə baxmayaraq sanki o xəbəri, qələbənin tamını duymaq üçün Qələbə gününə qədər sağ qaldı, yaşadı, yaşatdı özünü. Sonrası isə son nəfəs, əbədiyyət, bir də üzərində üçrəngli bayrağın dalğalandığı şəhid məzarı oldu.

Ertəsi gün yayılan xəbər hamını qəhərləndirdi, hamını yasa boğdu. Bəs o, şəkillərdən boylanan məğrur duruşlu, dik baxışlı, yenilməz ürəkli oğlan hara getdi, necə oldu? Üç körpə övladını, oğlanlarını, qızını, sevimli anasını, bacısını, Aydanını kimə tapşırdı? Suallar nə qədər cavabsız qalsa da, həm də cavab çoxdan verilmişdi...

...Allahverdi torpağına və dininə bağlı adam idi. Şəhidliyi özü üçün ən müqəddəs vəzifə hesab edirdi. Müqəddəs vəzifəsinin ardınca gedənlər isə ölmürlər. Əbədi rəhmət, ölməzlik qazanırlar.

Allahverdi haqqında söhbət edəcəyimiz otaqda diqqətimi çəkən onun divar boyu düzülmüş paltarları, fotoşəkilləri, hərbi əşyaları olur. Bir zamanlar canlı, əzmli insanın təmasını, varlığını özündə gəzdirən bu əşyalar indi soyuq divar boyu düzülüblər. İndi bu əşyalar, paltarlar, şəkillər şəhidimizdən qalan son xatirələrdi. Allahverdi üçün yaradılmış bu bir divarlıq guşənin qarşısında minlərlə qarapaltarlı, qara yaylıqlı, saçları ağarmış, gözləri çuxura düşmüş qadınlardan biri əyləşib. Aybəniz ana... Allahverdinin anası...

- Allahverdi yaxşı uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Çox sakit təbiətli insan idi. Yaşadığımız yerdə, iş yerində hamı ona hörmət edir, xətrini çox istəyirdilər. Elə uşaqlıqdan səssiz, sözsüz, tərbiyəli idi. Tərbiyə, mədəniyyət canında vardı, Allahdan gəlmə idi. İndi mən kiməsə deyəndə ki, Allahverdinin anasıyam, ağlayıb özlərini öldürürlər ki, Allahverdi qızıl oğlan idi.

Hərb sahəsini könüllü seçdi. Hərbin vurğunu idi. Müharibədən bir gün əvvəl evə gəldi. Onda mən Bakıdaydım. Zəngləşdik, danışdıq, dedim, inşallah, müharibə bitər, noyabrda oğlunun ad günündə gələrsən. Elə o gedəndən sonra da tez-tez danışırdıq, əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, mama, qorxma, müharibə dedikləri qədər qorxulu deyil, burada da həyat var, ömür hər yerdə davam edir. Siz müharibədən qorxursunuzsa, onda biz nəyə lazımıq? Bax, belə sözlərlə bizə təsəlli verir, sakitləşdirirdi. Onunla danışanda elə bilirdim, yüz yaşlı kişi ilə danışıram. Uşaq vaxtı həmişə qızdırması olanda ağlayırdı ki, atam gəlsin. Atası gələn kimi qızdırması keçib gedirdi. Sonralar tale elə gətirdi ki, mən onu atasız böyütdüm. Ona görə də evimizin həm atası, həm də oğlu idi. İnanın ki, o, bizim hər şeyimiz idi. Onun ölümü bizim həyatımızı məhv etdi (kövrəlir).

Anayam da, hər dəfə ona hərbdən uzaqlaşmağı təklif edəndə, deyirdi, mama, mən hərbsiz yaşaya bilmərəm. Hər dəfə ona deyirdim ki, evin tək oğlusan, evdə bacın, yoldaşın var, mən də qocayam, başqa sahəyə get. Deyirdi, mən hərb sahəsindən uzaqlaşa bilmərəm. Əvvəl tankçı idi, sonra dedi, mən kəşfiyyatçı olmaq istəyirəm. Kəşfiyyatı çox sevirdi. İdmanı və hərbi sevirdi. Hər dəfə cəbhədən evə zəng vuranda deyirdi, mama, mən elə belə döyüşmürəm e, mən qanunla döyüşürəm.

Qəlpə

Şəhidimizin xanımı Aydan Allahverdinin xəstəxanada ölümündən bir gün əvvəl qələbə günündə çəkilmiş videosunu bizə göstərir. Sakit, susqun baxışlarla, xəstəxanada müalicə alan digər yaralı əsgər yoldaşları ilə birgə xəstəxana işçiləri tərəfindən otağa gətirilən tortdan o da dadır, xəfifdən gülümsəyir. Amma canındakı ağrılara qarışan narahatlıq, həyatının sonrakı dönəmindən nigaranlıq sanki onun baxışlarından oxunur. Aybəniz ana da deyir ki, əslində həmin gecə Allahverdi çox böyük çətinliklə qalxıb stulda əyləşib.

- Qızım, mən çalışıram ki, özümü ələ alım, danışa bilim, amma onun xəstəxanadakı günlərini xatırlayanda dözə bilmirəm. Yaralananda onu görməyə getdik, ancaq görə bilmədik. Pəncərədən əl etməklə kifayətləndik. Sonra komaya düşəndə həkim dedi, yanına bir nəfər girə bilər. Onda mən gəlinimə, Aydana dedim, sən gir, sənin dediyin sözü eşidəcək. İki gündən sonra Allahverdi komadan çıxdı. Həkimlər inanmırdılar, deyirdilər, ürəyi çox sağlamdı, ona görə ayıldı. Amma həkim həm də nigaran idi. Bizə demişdi ki, onun şah damarının yaxınlığında qəlpə var. Allahverdi əvvəlcə qarın boşluğundan yaralanıb, bağırsaqları, ödü zədələnib. Komandiri ona deyib ki, səndən qan axır, xəstəxanaya getməlisən. Allahverdi deyib, boş şeydi. Elə vəziyyətdə o, yaralı komandiri döyüş bölgəsindən çıxarıb. Sonra avtomatdan açılan atəşdən yaralanıb. Buna da fikir verməyib, üçüncü dəfə isə yanına minomyot düşüb və onun bütün qəlpələri bədəninə dolub. Mən onun yerişini görəndə ürəyim para-para olmuşdu. Gedə bilmirdi, güclə nəfəs alırdı. Sonuncu dəfə bizi onun yanına qoymadılar, telefonla danışdıq. Vəziyyəti kritik idi, dəfələrlə əməliyyat olunmuşdu. Həkim də deyirdi ki, inanmıram, sağ qalma ehtimalı çox azdır, bəlkə nə isə möcüzə baş verə bilər ki, Allahverdi sağ qalsın. Biz hamımız onun vəziyyətini bilirdik, amma ümidimizi üzmürdük...

- Aybəniz xala, Allahverdinin arzuları nə idi, nələri çox sevirdi?

- Bizim əslimiz Ermənistandandır. Müharibəyə gedəndən sonra uşaqlara deyirmiş ki, mamam məni ermənilərin əlindən qaçırtdı, gətirdi bura, burda da ermənilərlə döyüşürəm. Dindar idi, ən böyük istəyi də şəhid olmaq, şəhadətə yetişmək idi. Allahverdi yarpaq dolmasını, aşı, bir də tortu çox sevirdi. Biz daha heç vaxt həmin xörəkləri yeməyəcəyik. Gecə də olsa, o, bu xörəkləri bişirtdirib yeyərdi. Bilirdik ki, işi ağırdı, rahat yemək yediyi məqamlar çox azdı. İnanın, bir dəfə mən onun qulluq elədiyi bölgəyə getdim, bir ay yanında qaldım, bir dəfə gecə onun yatdığını görmədim. Bəzən gəlirdi, otuz-qırx hərbçi paltarını birdən yuyub sərirdik. Kəşfiyyatçı peşəsi çox ağır peşədir. Öz yeməyini belə aparıb əsgərlərə verirdi ki, mən yeməsəm də olar, onlar ac qalmasın.

Üzümə bax, gözlərini görüm...

Allahverdi erkən yaşda ailə qurub. Sevib-seçdiyi Aydanla eyni məktəbdə oxuyublar. Elə orta məktəb illərindən də bir-birlərini sevən bu iki gənc məktəbi bitirəndən sonra ailə qurmaq qərarına gəlirlər. Allahverdi anasına, bacısına bağlı olduğu qədər də həyat yoldaşı Aydanı böyük məhəbbətlə sevib. Aybəniz xanım da deyir ki, oğlu ilə gəlini bir-birini dəlicəsinə seviblər. Allahverdinin 22, Aydanın isə 17 yaşı olanda onlar ailə qurub. Bu evlilikdən iki oğlan - Əlihüseyn, Məhəmməd və Fidan adlı qızları dünyaya gəlir. Aydan üçün çətin olsa da keçmişinin ən parlaq, ən yadda qalan günlərini xatırlamağa çalışır:

- Biz ikimiz də eyni məktəbin şagirdi idik. Onunla 2005-ci ildə məktəbdə keçirilən tədbirlərin birində rastlaşdıq. Məndən beş yaş böyük idi. Sonra bizim qonşuluğumuzda olan dostugilə gəlib-getməyə başladı. Bir dəfə isə mənə məktub yazıb göndərmişdi. Məktubda nömrəsini də yazmışdı. Piano müəlliməsiyəm mən. O vaxtı müəllim yanına, hazırlıqlara məni özü aparıb-gətirirdi. Yanımdan ayrılmırdı. Həmişə dedi ki, səni qoyub gedə bilmirəm. O əsgərliyə gedib qayıdanda mənim on yeddi yaşım vardı. Yaşım nikaha düşmədiyi üçün məni qaçırdı. Sonra məni bizimkilər geri qaytardı, ancaq ikinci dəfə özüm yenidən ona qoşulub qaçdım. 2009-cu ildə ailə qurduq, toyumuz oldu. Sonra uşaqlarımız doğuldu. Atamgil onu o qədər çox istədilər ki, atam həmişə deyirdi ki, elə bilirəm Allahverdi mənim oğlum, Aydan isə gəlinimdi. Mən həkim olmaq istəyirdim, qoymadı. Həmişə deyirdi ki, səni qoymadım, amma istəyirəm qızım həkim olsun böyüyəndə. Oğlanlarımızın hər ikisini idmana qoymuşdu. Onları da hərbçi görmək istəyirdi. Çox gözəl, qayğıkeş insan idi. İnanırsınız, o, mənə hər cür kömək edib, uşaqları çimizdirməkdən tutmuş, ayağının üstünə qoyub yatırmağa qədər hər şeyi edirdi. Bəzən onların südünü içirir, yeməyini də yedirirdi. Uşaqlarına çox bağlı idi. O xəstəxanada yatanda tez-tez tibb bacıları ilə də danışırdıq. Onlar da deyirdilər ki, Allahverdi ancaq uşaqlarını düşünür, onlardan danışırdı. İşdən gələndə mənə deyirdi ki, heç nə eləmə, otur yanımda, sənə baxım. Saatlarla söhbət edərdik. Həmişə də deyirdi ki, mənimlə söhbət edəndə üzümə bax, gözlərini görüm.

Allahverdi xəstəlik müddətində çəkdiyi ağrılara, əzablara baxmayaraq, sonuncu dəfə imkan tapıb oğlunun ad gününün qeyd olunmasını anasına tapşırır. Deyir, siz heç nəyə baxmayın, bir tort belə olsa, alın, uşaq sevinsin. Elə torun kəsilməsini də telefonla izləyir, övladına xoşbəxtlik arzu edir. Üzündə təbəssüm, qəlbindəki iztirabla övladları ilə, anasıyla danışır:

- Mənə dedi ki, gələcəm. Qələbə günü sevincinin həddi-hüdudu yox idi. Dedi, ay mama, sevindiyimdən az qalıram, uçam. Gəlinim ona təzə ayaqqabı, pal-paltar aldı. Biz gözləyirdik, inanırdıq ki, gələcək. Ancaq elə həmin günün axşamı – noyabrın 10-dan 11-ə keçən gecə görüb ki, yarasından qan gəlir. Tibb bacısını çağırıb deyib ki, məndən qan gəlir, bu nəsə yaxşı şeyə oxşamır. Həkim bacımın oğluna zəng vurub deyib ki, Allahverdini əməliyyata götürürük. Ya qismət. Ancaq elə əməliyyat zamanı da Allahverdi dünyasını dəyişib. Bacımın oğlu bizə zəng vurub dedi ki, Allahverdi əməliyyat olunub, yaxşıdı, amma sən demə, bizə yalan deyib. Bacımoğlu dedi ki, sabah biz də gələcəyik, birgə gedərik onun yanına. Mən hər şeyi səhəri gün bildim. Bütün dünya başıma fırlandı Allahvedinin tabutunu görəndə. Onu Ucarda evimizin yaxınlığındakı Şəhidlər Xiyabanında dəfn etdik. İndi hər gün gedirəm yanına, məzarının üstündə dayanıram, nə qədər yalvarıram, gəlmir... (ağlayır).

Anama de, ağlamasın...

- İnan, qızım, mən onu o qədər əziyyətlərlə, zülmlərlə böyütmüşdüm ki, heç deyiləsi deyil. Burda qonşularım da hamısı görmüşdülər. bilirdilər ki, mən onun necə nazını çəkə-çəkə, əziyyətlə saxlamışdım. Allah onu mənə çox gördü (ağlayır)... O, bir möcüzə idi, Allah onu mənə verdi, sonra da aldı. Ancaq heç cür onun ölümü ilə barışa bilmirəm, elə bilirəm harasa gedib, qayıdacaq. Allahverdi uşaqlarına, ailəsinə bağlı idi. Balaca oğlu ilə nəfəs alırdı. Bayaq uşaqlar oynayan otağa keçəndə eşidirəm ki, onlar öz aralarında söhbət edirlər. Bir-birinə deyirlər ki, atam xəstədi, xəstəxanada yatır. Bizə sürpriz edir, yazda gələcək. Oturub o qədər ağladım ki. Öz-özümə deyirəm ki, uşaqlar da özlərinə təsəlli verirlər. Ölümündən sonra onu yuxuda gördüm. Gördüm, onun otağını bəzəmişik, gəlib dayanıb otağın ortasında, məni çağırır. Bir dəfə isə qızımın yuxusuna girib, deyib ki, mamam çox ağlayır, mənim yerim islanır, su olur. Mamaya de, ağlamasın.

Söhbətimizin bu yerində bayaqdan özündən balaca qardaşının əlindən bərk-bərk yapışan yeddi yaşlı Fidan mənə baxıb deyir:

- Atam mənə deyirdi ki, həkim ol.

- Atanın arzusunu yerinə yetirə biləcəksən?

- Hə, çoxlu oxuyacam ki, həkim olum.

Allahverdi xəstəxanada komada olanda onun ayılmasını ailəsi dörd gözlə gözləyir. Aybəniz ana dualarını oğlu ilə başlayıb, onunla bitirib. Aydan deyir ki, hər dəfə namazda ancaq Allahverdinin komadan çıxması üçün dualar edib. Allahverdi komadan ayılanda isə ilk sözü Aydan olub. Həyat yoldaşı, sevdiyi insanla bağlı həmin günləri göz yaşı ilə xatırlayır:


- Mən onun yanına girmişdim komada olanda. Sonra ayılanda mənim adımı çəkib. Mənə deyirdi ki, mən səni gördüm, sənin səsinə ayıldım, səndən ötrü qaldım (kövrəlir).

Torpaq

- Aydan, subay vaxtı çəkdirdiyiniz şəkillərdə hicabsızsan. Belə başa düşdüm ki, hicaba da Allahverdi ilə ailə qurandan sonra keçmisən.

- Elədir. Allahverdi çox qısqanc idi. Ailə qurandan bir il sonra məni də hicaba keçirdi. Allahverdi hər gün namazını qılırdı. Onun əşyalarını sonuncu dəfə evə gətirəndə, çantasından canamaz çıxdı. Mənə namaz qılmağı da özü öyrətdi. Onun ən gözəl xüsusiyyətlərindən biri yalanı sevməməsi idi. Nə olur olsun, bizə də deyirdi ki, həqiqəti deyin.

- Gələcəklə bağlı arzuları nə idi?

- Ancaq uşaqlarını düşünürdü. Onların gələcəyi haqqında planlar qururdu. Bir də şəhidliyi çox arzulayırdı. Həmişə deyirdi ki, nə gözəldir vətən torpağını qorumağa gedib, sonra da şəhadətə yüksəlmək. Şəhidliyi arzulayırdı. O, əslində ixtisasca tank komandirliyini bitirmişdi, ancaq kəşfiyyatçılığı seçdi. Həmişə deyirdi ki, mən torpaqla təmasda olmaq istəyirəm. İstəyirəm ki, məndən torpağın iyi gəlsin. Dağları, meşələri, təbiəti çox sevirdi.

Sonuncu dəfə Allahverdi evlərinə gələndə ailə üzvlərinin hamısı ilə görüşüb, halallaşır, onlara vəsiyyətə bənzər son sözlərini deyir. Bir də şəkillərinin içərisindən ən çox bəyəndiyi şəkli götürüb Aydana verib deyir, şəhid olsam, başdaşıma bu şəkli vurarsınız. Məni həmişə bu şəkillə xatırlayın...

- Başdaşına vurulan şəkli öz əli seçib verdi bizə. Bir də mənə dedi ki, şəhid olsam, heç vaxt qara geyinmə, başına qara yaylıq bağlama. Həmişə məğrur ol. O, bu sözləri deyib gedəndən bir gün sonra müharibə başlandı. Oktyabrın 21-də yaralanıb, əməliyyat olunandan bir gün sonra mənə zəng vurub dedi ki, gəl, yanıma. Oktyabrın 22-dən düşdü komaya, bir də ayıldı noyabrın 2-də. Tibb bacıları ondan danışırlar indi. Deyirlər, çox utancaq idi. Biz onun paltarlarını dəyişmək istəyəndə qoymurdu, deyirdi, ayıbdı, baxmayın mənə. Sonra biz onunla hər gün telefonla əlaqə saxladıq. Sonuncu dəfə noyabrın 10-da axşam 7-də mənə yazdı. Dedi, sarğımda qan var, həkimi çağırım baxsın. Bir az da mesajlaşıb sağollaşdıq. Həkimlər ona bədənində qəlpələr olduğunu deməmişdilər. Biz də ona heç nə bildirmirdik. O, qanı görüb şübhələnmişdi. Elə həmin gecə əməliyyat vaxtı şəhid oldu. Şəhid olmağını isə bizə dərhal demədilər. Xalasıoğlu bizə dedi ki, hazırlaşın, gəlib sizi aparacağıq onun yanına. Amma sonradan Gülbəniz xalası zəng vurub dedi ki, Allahverdi yoxdu. Həmin vaxt mən namaz qılırdım. Nə qədər edirdim, başım canamaza tərəf getmirdi, elə bil məni kimsə tutub saxlamışdı. Sən demə, onda artıq rəhmətə gedib. Xəbəri eşidəndə inanmadım. Dedim, yəqin nəsə səhv olub. Mən elə bilirdim, o, gələcək. Elə bilirəm həmişəki kimi işdədi. Bu dəqiqə nə isə yazacaq , Aydanım, qapını aç deyəcək, ya qapını özü açıb içəri girəcək. Onsuz gələcək mənə çox qaranlıq, çətin görsənir. İndi yaşayan ölü kimiyəm. Başqa heç nə... (ağlayır).

Bacı

Onun gözü yaşlı qoyub getdiyi ailə üzvlərinin içərisində uşaqlıqdan birlikdə böyüdüyü, qayğısını çəkdiyi bacısı Aişə bacı mətanəti ilə bizim söhbətimizi dinləyir, gözündən axan yaş yanağında iz salaraq əyninə geyindiyi qara donun yaxasına damcılayır. Enlikürək, hündürboylu, ağıllı qardaşının qayğısını canında, ruhunda hiss edən Aişə indi qardaşsız qalıb. Qardaşını itirməklə həm də sabaha olan ümidlərini, xoş günlərini itirib. Nə qədər çalışsa da, Allahverdinin yoxluğu ilə barışa bilmədiyini deyən Aişə onu bundan sonra xoş xatirələrlə xatırlayacağını qeyd edir:

- Qardaşım məndən üç yaş böyük idi. Uşaqlığımız bir yerdə keçib. Həmişə birlikdə oynayırdıq. Yayda kənddəki xalamgilə gedəndə də bizim bir-birimizdən ayrı günümüz keçməzdi. Məktəbə də bir gedərdik. O, mənim həmişə arxam, dayağım idi. Məni hamıdan, hər kəsdən qoruyurdu. Evimizdə ilk namaz qılan adam mən olmuşam, Allahverdiyə də namazı mən öyrətmişəm. Müharibə başlayanda dedi ki, tezliklə cəbhəyə gedəcəm, mənim üçün dua et. Sənin duaların kəsərlidi, məni qoruyur. Həmişə ona deyirdim ki, qardaşım, ailə quranda, istəyirəm mənim belimi sən bağlayasan, özünü qoru. Deyirdi, narahat olma, müharibə bitəcək, mən qayıdacam, özüm səni evimizdən gəlin köçürəcəm.

Bir dəfə qonşunun uşağı ilə dalaşmışdım. Onda uşaq qardaşını da götürüb mənim üstümə gəlmişdi. Yadıma gəlir ki, qapını açıb bayıra çıxdı, dedi mənim bacıma heç kim bir söz deyə bilməz. O, həmişə məni qorudu. Mən də sirrimi, sözümü ona deyirdim, heç vaxt heç nə gizlətmirdim. Gözləyirdik onu. Mən elə bilirdim o, gələcək. Hər gün də yuxuda görürəm, hiss edirəm ki, çox narahatdı.

Dostluq...

Allahverdi sakit təbiətli, az danışan adam olsa da, tanıdığı dostları, ölümünə təəssüflənən insanlar çoxdur. Onun qonşusu, həm də uşaqlıqdan dostluq etdiyi Ceyhun bəy deyir ki, Allahverdini hələ uşaqlıq illərindən tanıyıb, aralarında yaş fərqi olsa da Allahverdi ilə yaxşı qonşu, dost olublar:

- Məndən yaşda balaca idi Allahverdi. Tez-tez bizim bağa gələrdi, şəriətdən, dindən söhbət edərdik. Həmişə deyirdi ki, vətən sözünün v –sına qurban olum. Yəni bu səviyyədə yetişmiş vətən oğlu idi. Cəbhədə olanda da hərbi sirr olmayan hər şeyi mənimlə bölüşürdü. Biz rayonumuzdakı hərbi hissənin yemək tədarükü ilə məşğul olurduq. Buna görə çox sevinirdi. Həmişə deyirdi ki, başıma bir iş gəlsə, uşaqlarıma görə arxayınam. Bilirəm ki, bir əmi kimi, dost kimi onlardan, anamdan muğayat olacaqsan. Həqiqətdə də niyyəti şəhadət idi. Qələbə günü şəhid olmağı da onun niyyətinə çatmasını sübut edir. Hiss edirdim ki, şəhid olan dostlarından ayrı qaldığı üçün narahatdı. O, şəhid olandan sonra əsgər yoldaşları ilə görüşüb söhbət etdim. Deyirdilər ki, Allahverdi odun-alovun üstünə gedirdi, heç nədən qorxusu yox idi. Çox ürəkli oğlan idi.

Allahverdi şəhid olandan sonra onu Mingəçevirdən Bərdəyə məscidə apardılar. Ora getdim. Məsciddə yuyat yerində məndən Allahverdi haqqında soruşdular. Onun dində və hərbidə olan yaxşı əməllərini dedim. Ordakı din adamları Allahverdinin ayağının altından öpdülər. Yəni Allahverdi o cür böyük məqama çatmışdı. Allahverdinin ayağı o qədər əsgər çəkməsində qalmışdı ki, xəstəxanada yatdığı müddətdə, ayağındakı yaralar, suluqlar sağalmamışdı. Bunu görəndə ürəyim sızıldadı. Onun həmişə cəbhədən danışanda dediyi sözləri xatırladım. Deyirdi ki, axırıncı şərəfsiz ermənini burdan qovana qədər bu çəkmələri ayağımızdan çıxartmaq yoxdu.

Nə bilim... Onun haqqında danışmaq çox çətindir. Allah onun da, bütün şəhidlərimizin də ruhunu şad, məqamını uca etsin. Əbədiyyən onlar bizim qəlbimizdədir. Bu torpaq üzərində şəhidlərimizin, dostumuzun yeri başqadı. Tanrı dövlətimizi, ali baş komandanımızı müzəffər eləsin.

Söhbətimizin sonunda bayaqdan susan, danışmayan Məhəmməd qəfildən diqqətlə üzümə baxır. Nə isə demək istədiyini hiss edirəm:

- Məhəmməd nəsə sözün var?

- Bəli. Olar deyim?

- De.

- Mən atamla fəxr edirəm. Həmişə də edəcəm.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu