Tanımadığı qadına yardım etmək cəhdi 22 yaşlı azərbaycanlı Nəzir Maksimov üçün faciə ilə bitib.
Oxu.Az xəbər verir ki, ötən istirahət günlərində gənc “Priçal” kafesində işləyən dostunun yanına gəlib.
Elə bu vaxt kafedə üç gənc – iki qız və bir oğlan - istirahətdə olublar. Sifariş verdikdən sonra müştərilər eyvana çıxıblar. Bir neçə saniyədən sonra isə küçədən yardım fəryadı eşidilib.
“Çantamı xilas edin, orda sənədlər var, hər şey ordadı!” – qızlardan biri yalvarırdı.
Bir nəfər soyuq suya daxil olsa da, çayın ortasına çatandan sonra geri dönüb. Şahidlərin sözlərinə görə, qız ətrafdakılara yalvarmaqda davam edib. Uzun müddət üzgüçülüklə məşğul olan Nəzir bu xahişlərə rədd cavabı verə bilməyib.
Nəzirin dostu Samir yerli mətbuata baş verənlər haqqında belə deyib:
“Nəzir əla fiziki formada idi, həmişə idmanla məşğul olurdu və qüvvəsinə əmin idi. Əlbəttə ki, o, qıza yardım etmək istədi.
Futbolkasını çıxararaq çaya baş vurdu. Çantaya çatıb onu başı üzərinə qaldırdı. Ətrafdakılar və qız alqışlamağa başladılar. Amma 5 saniyə sonra Nəzir suyun altında itdi.
Onu əvvəlcə kişilər axtardı. Suya baş vururdular. Amma nəticəsiz. Sonra xilasedicilər gəldilər. Onlar artıq meyiti çıxardılar”.
FHN-də bildiriblər ki, cəsədi 2,5 metr dərinlikdə, sahildən 25 metr kənarda aşkarlayıblar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, soyuqdan qıcolma baş verib, buna görə də üzgüçü sahilə qayıda bilməyib.
Peterburqda artıq Nəzirlə vidalaşıblar. Dostları onun nəşini vətənə göndərmək üçün pul toplayıblar. Nəzir cəmi 6 ay əvvəl Azərbaycandan Peterburqa köçmüşdü.
Çantaya gəlincə isə, onu tapıblar və sahibəsinə qaytarıblar. Şahidlərin sözlərinə görə, o, çantanı götürüb və heç bir söz söyləmədən çıxıb gedib...
Oxu24.com
ŞƏRHLƏR