Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərinin 40 yaşlı sakini ilə azərbaycanlı gənc arasında bağlanan nikah polis əməkdaşlarını şübhəyə salıb.
Oxu24.com virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin noyabrında Rusiyada müvəqqəti yaşayış üçün icazə almaq istəyən azərbaycanlı miqrasiya məsələləri üzrə idarəyə müraciət edib. Buna əsas olaraq nikah şəhadətnaməsini sözügedən quruma təqdim edib.
Lakin polis yoxlamaları zamanı rusiyalı qadınla azərbaycanlı gəncin nikahındakı saxtakarlıq üzə çıxıb. Məlum olub ki, yeni evlənən "cütlüyün" birgə əmlakı yoxdur, bir yerdə yaşamırlar, bir-birləri ilə əlaqə saxlamırlar. Qohumlarının isə bu evlilikdən, ümumiyyəylə, xəbərləri olmayıb.
Sonda qadın özü etiraf edib ki, məqsədi Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıya köməklik göstərmək olub. Bunun müqabilində isə "əri"ndən onun avtomobilini təmir etməsini xahiş edib. Lakin "həyat yoldaşı" verdiyi sözü tutmayıb.
Nəhayət, Voljsk rayon məhkəməsi tərəfindən nikah ləğv edilib. Azərbaycanlı gənc hazırda Rusiyanı tərk etmək məcburiyyətində qalıb.
Qadına gəlincə, onun barəsində Rusiya Cinayət Məcəlləsinin qanunsuz miqrasiyanın təşkili maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə ilə onu 5 ilə qədər həbs cəzası gözləyir.
Oxu24.com
ŞƏRHLƏR