Bu ölkədə dilənçiyə rast gələ bilməzsiniz. Kriminal hadisələrin nadir hallarda qeydə alındığı bu diyar dünyanın ən təhlükəsiz ölkələri sırasındadır. Otel və restoranlarda qiymətlərin aşağı olması onu turistlər üçün ikiqat cəlbedici edir. Dünyanın ən ətirli qəhvəsi də burda istehsal olunur. Yerli əhaliyə gəlincə, onlar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər. Ən maraqlı və fərqli cəhətlərdən biri də odur ki, günün istənilən saatında hamının üzü gülür... Odur ki, yay tətilimin əsas hissəsinin Vyetnamda keçməsini təsadüf adlandıra bilmərəm. Ümumiyyətlə Vyetnamı gəzmək üçün tətil müddətini mümkün qədər uzun seçməlisiniz. Onların yaşam tərzi ilə tanış olmaq, qəbullanmaq, öyrəşmək və sevmək, həmçinin tarixini və mədəniyyətini öyrənmək, təbiətin möhtəşəmliyini hiss etmək zaman ala bilər. Ölkə haqqında təəssüratlarım o qədər rəngarəngdir ki, yaşadığım təcrübəni sizinlə bölüşmək qərarına gəldim.
OXU24.COM Vyetnamın Hanoy şəhərindən reportajı təqdim edir:
Vyetnam necə ölkədir?
Vyetnam hər zaman ABŞ ilə apardığı dəhşətli müharibələrə görə, bədbəxt ölkə kimi tanınıb. Milyonlarla itki vermələrinə baxmayaraq, vyetnamlılar öz ölkələrini layiqincə qoruyublar, qadınlı-uşaqlı torpaqları uğrunda mübarizə aparıblar. Vyetnam coğrafi baxımdan çox şanslıdır, iqlimi, kilometrlərlə uzanan dəniz sahilləri və adaları sayəsində Asiyanın əsas turizm mərkəzlərindən birinə çevrilib. Ölkədə sosialist quruluşu hakim olsa da, özəl kapital da geniş yayılıb. Vyetnamda turizm baxımından bütün növ infrastrukturlar mövcuddur, hər addım başı turizm informasiya mərkəzləri, agentliklər, ölkə daxili və ölkə xarici nəqliyyat vasitələrinin biletlərini satan köşklər, eləcə də pul dəyişmə məntəqələri ilə qarşılaşa bilərsiniz. Günü 2-3 dollara icarəyə verilən motosikletlər, hər zaman operativ fəaliyyət göstərən restoranlar və kafelər, o cümlədən çoxçeşidli küçə mətbəxi də turist axınınına səbəb olur. Orta aylıq əmək haqqı 200-300 dollar arasındadır, əhali qarışqa kimi gecə-gündüz dayanmadan çalışır, çox zəhmətkeşdirlər. Hamı nəsə düzəldir, istehsal edir, satır, nəsə daşıyır və hansısa xidmətləri göstərir. Demək olar ki, bütün evlərin qarşısında restoran, masaj salonları və ya kiçik emalatxanalar yerləşir.
Viza prosesi çox sadə və rahatdır. Sadəcə onlayn qaydada qeydiyyatdan keçirsiniz və viza 3 gün ərzində əlinizdə olur. Bu Vyetnamın turizm sahəsində atdığı ən ən uğurlu addımlardan sadəcə biridir.
Dinləri budizmdir, eyni zamanda xristianlıq da geniş yayılıb. Vyetnamın əhalisi təqribən 100 milyon nəfəri keçib və sürətlə artmağa davam edir. Ölkənin demoqrafik strukturu çox gənc əhalidən ibarətdir. Gənclər və uşaqlar ölkə əhalisinin böyük hissəsini təşkil edir.
Paytaxtın 1000 yaşı var!
Vyetnamda hər növ səyahətçini cəlb edəcək bir çox unikal istiqamətlər var. Turistik yerlərin müxtəlifliyi də bu ölkənin bütün dünyada məşhur turizm məkanına çevrilməsində aparıcı rol oynayır. Şimalda yerləşən paytaxt Hanoy Vyetnam mədəniyyətinin mərkəzi reputasiyasına görə, səyahətçilər ilk dayanacaq nöqtəsi kimi buranı seçir. Rəngarəng şəhərin 1000 ildən çox yaşı var. Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, Budda məbədi və s. ilə turistləri heyran edir. Qədim Hanoy müasir Hanoyla yaxşı yola gedir.
Küçədə duş qəbul etməyə hazır olun!
Biz də səyahətimizə paytaxtdan başladıq. Bəxtimiz onda gətirdi ki, səfərimiz yağış mövsümünə təsadüf etdi. Bəli, başdan-ayağa su içində olurduq, lakin heç kim şikayətlənmirdi. Əksinə, yağış bizə mədəniyyətlərarası fərqi daha aydın görməyə imkan verirdi. Anladıq ki, Vyetnam xalqı öz işi, biznesi və ya məşğulyyətini istənilən hava şəraitində davam etdirə bilər və bunun üçün yağışın dayanmasını gözləməyə ehtiyac yoxdur. Bu mənada şəhər çox mürəkkəb mexanizmlə və fasiləsiz olaraq işləyən saatı xatırladırdı. Əgər yolunuz Vyetnamdan düşsə, küçədə duş qəbul etməyə hazır olun. Yeri gəlmişkən, Vyetnamda qış fəsli yoxdur. Tropikal iqlimə sahib olan ölkədə 2 fəsil var, yağışlı və quru. Vyetnamda hər zaman havalar isti keçir.
Paytaxtda sizi nələr təəssüfləndirəcək?
Bu canlı paytaxtı ziyarət edənlər onları gözləyən şeylərə hazır olmalıdır. Səs-küylü yollarda sadə mopedlər və bahalı avtomobillər harmonik şəkildə birlikdə şütüyür. Motosiklet sayı, sıxlığı və hava çirkliliyi xoş mənzərə yaratmaya bilər. İctimai nəqliyyat (metro, avtobus) bu ölkədə deyərdim bərbad vəziyyətdədir. Əlac yalnız motosiklet kirayələmə və yaxud GRAB tətbiqinin taksilərinə qalır. Xoşbəxtlikdən taksilər ucuz və tərtəmizdir.
İctimai nəqliyyat sistemini mopedlər üzərində quran Vyetnam xalqı bu vasitələrdən həm də daşına bilən minbirxırdavat mağazaları kimi istifad edir. Bütün yüklərini mopedlərə yükləyib rahatlıqla apara bilirlərə, qaqqıldayan toyuq qutularından tutmuş, hər növ meyvə və tərəvəz yeşiklərinə qədər... Və sənə elə gəlir ki, sürücünün yükləri indi yolun ortasına aşacaq. Xarici turistlərə mopedin üzərinə 2 nəfərdən çox adam minmək qadağan edilib, lakin yerlilərə 4-5 nəfəri daşımağa icazə verilir.
Şəhərdə piyada gəzmək işgəncədir, hətta fobiyası olanlar üçün kifayət qədər risklidir. Nə qədər təhlükəli və gülməli görünsə də, yolun kənarında səbirlə hərəkətin dayanmasını gözləmək sizi heç bir yerə aparmayacaq. Sadəcə həyatını əlinə alıb irəliyə doğru hərəkət etməlisən, yaxşı ki, vyetnamlı sürücülər piyadalardan yayınmaqda çox bacarıqlıdırlar, istənilən halda ayıq-sayıq olmalısan ki, hardan gəldiyini bilmədiyin mopedlər səni əzib keçməsin.
Qaytarılmış qılınc gölü
Hanoyun əsas görməli yerlərindən biri, şəhərin mərkəzində yerləşir. Hoan Kiem gölü Qırmızı çayın köhnə yatağının yerində yaranıb. Rəvayətə görə, bu göldə müqəddəs tısbağa yaşayır, o, qılıncını Vyetnamı çinlilərdən xilas edən İmperator Le Loiyə verib. Yerlilər axşamlar gölün ətrafında dincəlməyi, həm də bolluca şəkil çəkdirməyi çox sevir. Yeri gəlmişkən, bu gün də göldə nəhəng tısbağalar yaşayır.
Köhnə Kvartal
Turistlər arasında məşhur olan, Qaytarılmış Qılınc gölünə yaxın ərazidə yerləşən Köhnə Məhəllə Vyetnam paytaxtının çoxəsrlik tarixinin şahididir. Vyetnamın ən qədim bazarı - Dong Xuan, həmçinin IX əsrin Ağ At Məbədi, bir çox restoran və otel də Köhnə Məhəllədə yerləşir.
Beş əsrdən artıq adları mövcud olan dar küçələrdə (Şelkovaya, Şəkər, Veernaya və s.) eyni emalatxanalar və suvenir mağazaları illər əvvəl olduğu kimi fəaliyyət göstərir. 15-ci əsrdə bu ərazidə 36 sənətkar gildiyası işləyirdi - buna görə də bütün məhəllənin tarixi adı "36 küçə" adlanır.
Müqəddəs İosif Katedralı
Katedral həqiqətən heyrətamizdir. Rütubətli iqlim katolik kilsəsinə qədim görkəm bəxş edir. Onun Asiya tikililəri ilə yan-yana dayanması qeyri-adi təsir bağışlayır. Katedrala girə bilərsiniz, ancaq müəyyən bir cədvələ uyğun olaraq. Məkan təkcə turistlərlə deyil, həm də yerli sakinlərlə dolu olur.
Ədəbiyyat məbədi