Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14 Oktyabr 2026, 17:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
14.10.2026, 16:21
Son günlər Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi məsələsi ətrafında müzakirələr səngimək bilmir. Müzakirələr zamanı vahid məktəbli formasının tətbiqinin hüquqi əsası olmadığı barədə iddialar da səsləndirilir. Halbuki bu məsələni qiymətləndirmək üçün qüvvədə olan qanunvericiliyə, Prezidentin müvafiq fərmanına və Nazirlər Kabinetinin qərarlarına birlikdə nəzər salmaq lazımdır.
Öncəliklə onu qeyd etmək vacibdir ki, təhsil sahəsində tətbiq olunan qaydalar bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.
Azərbaycan qanunvericiliyində dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalar mövcuddur. Bu qaydalar yalnız məktəblərin daxili qərarlarına deyil, konkret hüquqi aktlara əsaslanır. 2026-cı ilin iyulunda "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliklər isə geyim tələblərinin hüquqi çərçivəsini daha da genişləndirib.
Qanunvericiliyə hansı dəyişikliklər edilib?
"Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliyə əsasən, təhsil sistemində millilik və dünyəvilik prinsipi ilə bağlı yeni müddəa əlavə edilib.
Millilik və dünyəvilik milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi kimi müəyyənləşdirilib.
Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların geyimi ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum, yəni Nazirlər Kabineti tərəfindən müəyyən olunub.
Mühüm dəyişiklik isə məhz geyimlə bağlıdır.
Həmin maddədə açıq şəkildə qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər geyimlə bağlı tələblərə riayət etməlidirlər.
Beləliklə, qanunverici həm şagirdlərin, həm də müəllimlərin geyimi ilə bağlı tələblərə əməl olunmasını qanunvericilik səviyyəsində təsbit edib.
Valideynlərin də öhdəliyi müəyyən edilib.
Qanuna edilən dəyişikliklər yalnız şagird və müəllimlərlə məhdudlaşmır. Valideynlərin məsuliyyəti ilə bağlı da konkret müddəa əlavə olunub.
Belə ki, valideynlər və digər qanuni nümayəndələr dövlət ümumi təhsil müəssisəsində övladlarının geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər.
Bu müddəa valideynlərin məktəbli formasına dair tələblərin yerinə yetirilməsində məsuliyyət daşıdığını göstərir. Başqa sözlə, geyim qaydalarına əməl olunması yalnız məktəb rəhbərliyinin vəzifəsi kimi nəzərdə tutulmayıb.
Nazirlər Kabinetinin qərarında nə yazılıb?
Yuxarıda qeyd olunan qanunun qəbulundan sonra Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Burada şagirdlərin geyim formalarının vahidliyi bir daha təsdiqlənib.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Bu müddəa iki əsas meyar müəyyənləşdirir: müəyyən edilmiş geyim formasının vahidliyinin qorunması və ümumi təhsilin dünyəvilik prinsipinə uyğunluq.
Qeyd olunur ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə verilir.
Bununla yanaşı, əlavə olunan müddəa valideynlərin və digər qanuni nümayəndələrin uşaqlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etməli olduğunu bir daha təsbit edir.
Beləliklə, Nazirlər Kabinetinin qərarı geyim qaydalarının məzmununu müəyyənləşdirməklə yanaşı, onların tətbiqi ilə bağlı məsələlərin həlli üçün də mexanizm nəzərdə tutur.
Bəs müəllimlər?
Qeyd edək ki, eyni müddəalar müəllimlərə də şamil olunur.
Nazirlər Kabineti 6 oktyabrda dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələbləri təsdiqləyib.
Qərara əsasən, müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.
Tələblərə təhsilverənlər tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.
Təhsilverənlər üçün aşağıdakı geyimlər müəyyən edilir:
kişi təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
- təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
- klassik ayaqqabı.
- qadın təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);
- uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
- klassik ayaqqabı.
Nəticə
Qanunvericilik aktlarının təhlili göstərir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi hüquqi əsasa malikdir. "Ümumi təhsil haqqında" Qanunda şagirdlərin və müəllimlərin geyim tələblərinə riayət etməsi, valideynlərin isə bu tələblərin yerinə yetirilməsini təmin etməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarı da müəyyən edilmiş formanın vahidliyinin qorunmasını və dünyəvilik prinsipinə uyğunluğunu tələb edir.
Nəticə etibarilə, vahid məktəbli geyimi ətrafında aparılan müzakirələrdə hüquqi faktlarla emosional yanaşmaları bir-birindən ayırmaq vacibdir. Qanunvericilikdə məktəbli formasının tətbiqi üçün hüquqi əsasların mövcud olduğu halda, bu məsələnin bütövlükdə qanunsuz tələb kimi təqdim edilməsi ictimaiyyətdə yanlış təsəvvür yarada bilər. Xüsusilə insanların dini həssaslığından və inancına olan hörmətindən istifadə edərək mövzunun hüquqi mahiyyətini arxa plana keçirmək, onu qarşıdurma müstəvisinə daşımaq yolverilməzdir. Dini hisslərin siyasi manipulyasiya alətinə çevrilməsi, cəmiyyətdə narazılığın və qarşıdurmanın dərinləşdirilməsi cəhdləri əvəzinə, məsələyə qanunvericilik, hüquq və qarşılıqlı hörmət çərçivəsində yanaşılmalıdır.
Oxu.az
17:01 / 14 Oktyabr 2026
4
16:59 / 14 Oktyabr 2026
14
16:50 / 14 Oktyabr 2026
55
16:45 / 14 Oktyabr 2026
49
16:38 / 14 Oktyabr 2026
80
16:33 / 14 Oktyabr 2026
56
16:25 / 14 Oktyabr 2026
97
16:19 / 14 Oktyabr 2026
57
16:15 / 14 Oktyabr 2026
116
16:15 / 14 Oktyabr 2026
86
16:11 / 14 Oktyabr 2026
80
15:53 / 14 Oktyabr 2026
604
15:43 / 14 Oktyabr 2026
82
15:37 / 14 Oktyabr 2026
169
15:34 / 14 Oktyabr 2026
83
15:31 / 14 Oktyabr 2026
127
15:18 / 14 Oktyabr 2026
89
15:14 / 14 Oktyabr 2026
368
15:10 / 14 Oktyabr 2026
79
15:05 / 14 Oktyabr 2026
79
14:53 / 14 Oktyabr 2026
54
14:50 / 14 Oktyabr 2026
65
14:49 / 14 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.