Qaynar xətt:

(+99450) 247 90 86

Bu qidaları hər gün yeyirik, amma təhlükəsini bilmirik? – Mütəxəssis XƏBƏRDARLIQ ETDİ   

Bu qidaları hər gün yeyirik, amma təhlükəsini bilmirik? – Mütəxəssis XƏBƏRDARLIQ ETDİ   

CƏMİYYƏT

39

30.09.2026, 13:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə gündəlik alış-veriş zamanı insanların almaq istədikləri məhsulların tərkibinə daha diqqətlə yanaşması hazır və ultra-emal olunmuş qidalarla bağlı sualları xeyli artırıb. Supermarket rəflərində üstünlük təşkil edən bu cür qidaların gündəlik rasionda nə dərəcədə təhlükəsiz olması məsələsi həm alıcılar, həm də mütəxəssislər arasında geniş müzakirə olunur. Müasir həyat ritmində tez və rahat hazırlanan qidalara tələbat artsa da, onların müntəzəm istehlakının orqanizmə vurduğu zərər ciddi narahatlıq doğurur. Xüsusilə ultra-emal olunmuş qidaların piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri kimi xroniki problemlərin yaranmasında oynadığı rol elmi dairələrin əsas diqqət mərkəzindədir. 

Bir çox insanlar bu məhsulları avtomatik olaraq sağlamlıq üçün zərərli hesab etsələr də, əsas riskin yalnız emal prosesindən, yoxsa qidanın tərkibindəki maddələrdən qaynaqlandığı hələ də dəqiq fərqləndirilmir. Çünki bu cür məhsulların böyük bir hissəsi yüksək kalori sıxlığına, əlavə olunmuş şəkərə, duza və doymuş yağlara malik olsa da, tərkibindəki lif, vitamin və mineralların miqdarı oldukça aşağıdır. Bütün bunlarla yanaşı, həmin qidaların porsiya ölçüləri və xüsusi dadı da insanları normadan daha çox enerji qəbul etməyə təşviq edən mühüm amillər sırasındadır. Əslində isə bu cür məhsulları tamamilə qadağan etmək yox, ümumi rasionun balansını qorumaq və qida dəyəri yüksək olan təbii məhsullara üstünlük vermək lazımdır. 

Bəs ultra-emal olunmuş qidaların gündəlik rasionda böyük pay tutması nə dərəcədə risklidir və bu risk tam olaraq nədən qaynaqlanır? 

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Fərid Səfərov bildirib ki, ultra-emal olunmuş qidaların gündəlik rasionda böyük yer tutması sağlamlıq baxımından arzuolunan hesab edilmir:

"Burada əsas məsələ təkcə məhsulun 'emal olunması' deyil, onun ümumi qida profilidir. Ultra-emal olunmuş məhsulların bir çoxu yüksək enerji sıxlığına, əlavə və ya sərbəst şəkərlərə, duza, doymuş yağlara malik olur, eyni zamanda lif, vitamin və mineral baxımından daha zəif ola bilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da sağlam qidalanmanın əsasını daha çox az emal olunmuş və ya təbii qidaların təşkil etməsini tövsiyə edir". 

Fərid Səfərovun sözlərinə görə, elmi araşdırmalarda ultra-emal olunmuş qidaların yüksək istehlakı ilə piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla bir sıra xroniki xəstəliklər arasında əlaqə müşahidə olunsa da, bu əlaqəni "ultra-emal olunmuş qida birbaşa xəstəliyə səbəb olur" formasında təqdim etmək doğru olmaz:

"Çünki bu məhsulların tərkibi, porsiya ölçüsü, ümumi qidalanma modeli, fiziki aktivlik və digər həyat tərzi amilləri də nəticələrə təsir edir. Riskin bir hissəsi məhz məhsulların tərkibindəki yüksək şəkər, duz, doymuş yağ və bəzən trans yağlarla bağlıdır. Məsələn, yüksək natrium qəbulu arterial təzyiqi yüksəldərək ürək-damar xəstəlikləri riskini artırır; yüksək sərbəst şəkər qəbulu isə artıq çəki və piylənmənin yaranmasına kömək edə bilər”.

O qeyd edib ki, lakin məsələni yalnız şəkər, yağ və duzla məhdudlaşdırmaq da düzgün deyil. Ultra-emal olunmuş məhsulların hazırlanma forması, yüksək dadlı və asan istehlak edilən olması, porsiyaların böyük olması insanı daha çox enerji qəbul etməyə təşviq edir. Buna görə 'problemin səbəbi yalnız şəkərdir' və ya 'yalnız emal prosesidir' demək elmi baxımdan həddindən artıq sadələşdirmə olar.

Mütəxəssis vurğulayıb ki, praktik baxımdan ən doğru yanaşma məhsulun üzərindəki "ultra-emal olunmuş" ifadəsinə deyil, bütövlükdə rasiona diqqət yetirməkdir:

"Gündəlik qidalanmada tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, qoz-fındıq, balıq, yumurta və digər qida dəyəri yüksək məhsullar üstünlük təşkil etməli, şəkər, duz və zərərli yağlarla zəngin hazır məhsullar isə məhdudlaşdırılmalıdır. ÜST böyüklər üçün sərbəst şəkərin gündəlik enerjinin 10%-dən azını, duzun isə gündə 5 qramdan az olmasını tövsiyə edir”.

“Qısası, ultra-emal olunmuş qidaları avtomatik olaraq 'zəhərli' və ya tamamilə qadağan edilməli məhsullar kimi qiymətləndirmək düzgün deyil, lakin onların rasionda böyük paya sahib olması riskli qida modelinin göstəricisi ola bilər. Əsas məqsəd daha az emal olunmuş, qida dəyəri yüksək və balanslı qidalanma modelinə üstünlük verməkdir”,- deyə Fərid Səfərov əlavə edib.

Çimnaz Telmanqızı