Qaynar xətt:

(+99450) 247 90 86

Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

CƏMİYYƏT

133

07.09.2026, 15:20

Şuşa... Azərbaycan üçün bu ad sadəcə bir şəhərin adı deyil. Bu ad illərlə davam edən həsrətin, mübarizənin, qəhrəmanlığın, şəhid qanının və böyük Zəfərin simvoludur. Şuşanın küçələri, dağları, qayaları və Cıdır düzü Azərbaycan tarixinin ən ağır sınaqlarının və ən böyük qələbəsinin canlı şahidləridir. Məhz buna görə də bu torpaqlarda atılan hər addım, edilən hər davranış adi bir turist səfərinin çərçivəsində qiymətləndirilə bilməz.

Son günlər Şuşada bəzi ziyarətçilərin qayaların üzərinə adlarını, tarixləri, müxtəlif ifadələri, hətta şəhidlərin adlarını yazması cəmiyyətdə ciddi narazılıq yaradıb. İlk baxışda bəzilərinə sadə bir “iz buraxmaq” cəhdi kimi görünə bilən bu davranış əslində daha dərin və narahatedici məsələləri gündəmə gətirir. Çünki söhbət üzərində yazı yazılan adi bir daşdan deyil, illərlə həsrətini çəkdiyimiz, böyük itkilər hesabına azad etdiyimiz Şuşanın təbii və tarixi simasından gedir. İnsanı düşündürən əsas sual isə budur: “Şəhid qanı ilə azad edilmiş bir torpaqda insan öz adını qayaya yazmaqla nəyi xatirəyə çevirmək istəyir?”  Əgər məqsəd yadda qalmaqdırsa, bunu milli yaddaşın üzərinə öz izini həkk etməklə etmək nə dərəcədə doğrudur? Əgər söhbət şəhidin adını yaşatmaqdan gedirsə, bunun üçün əsrlərin tarixini daşıyan qayaları yazılarla örtmək hansı mənəvi dəyərə xidmət edir?

Şuşanın hər daşı artıq bir tarixdir. Burada əlavə “imzalara” ehtiyac yoxdur. Bu qayalar xalqımızın keçdiyi yolun, Qarabağ uğrunda aparılan mübarizənin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının səssiz şahidləridir. Onların üzərinə yazılan hər bir şəxsi ad isə həmin təbii yaddaşın görünüşünü dəyişməklə yanaşı, gələcək nəsillərə ötürülməli olan tarixi mənzərəyə də müdaxilə edir.

Məsələ yalnız estetik görüntünün pozulmasından da ibarət deyil. Qayaların üzərinə boya ilə yazı yazılması onların təbii səthinə zərər vura, sonradan həmin yazıların silinməsi isə daha böyük fəsadlara səbəb ola bilər. Bundan əlavə, belə davranış milli irsə münasibətdə formalaşmalı olan ictimai mədəniyyətlə bağlı ciddi suallar yaradır. Çünki bir tərəfdən işğal illərində dağıdılmış, zədələnmiş və məhv edilmiş tarixi irsimizi bərpa edir, digər tərəfdən isə azad edilmiş ərazilərə özümüz tərəfindən müdaxilələrə yol veririksə, bu, ciddi ziddiyyət təşkil edir.

Oxu24.com-un mövzu ilə bağlı suallarına  münasibət bildirən deputatlar, hərbçilər, qazilər və hüquqşünaslar da eyni məqamı önə çəkirlər: Şuşa adi turizm məkanı deyil və burada davranış da adi turist davranışı ilə məhdudlaşmamalıdır. Bu ərazilərə səfər etmək yalnız Zəfərin sevincini yaşamaq hüququ deyil, həm də həmin Zəfərlə bizə əmanət edilən torpaqları qorumaq məsuliyyətidir.

Bəs bu cür halların qarşısını necə almaq olar? Təkcə cərimə tətbiq etməklə problem həll edilə bilərmi? Ziyarətçilərə əvvəlcədən qaydalar izah olunurmu? Turizm şirkətləri və bələdçilər bu istiqamətdə hansı məsuliyyəti daşımalıdır? Şuşanın qayalarının qorunması üçün nəzarət mexanizmləri kifayət qədərdirmi? Və ən əsası, şəhidlərimizin adını yaşatmaq istəyən insanlar bunu harada və necə etməlidirlər?

Mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin fikirləri göstərir ki, problemin həlli yalnız inzibati cəza ilə məhdudlaşmamalıdır. Burada hüquqi məsuliyyətlə yanaşı, maarifləndirmə, ictimai nəzarət və milli irsə münasibət mədəniyyətinin formalaşdırılması da vacibdir. İnsan qayaya yazı yazmadığı üçün cəzadan qorxduğu qədər deyil, həmin qayaya toxunmağa mənəvi haqqı olmadığını dərk etdiyi üçün bundan çəkinməlidir.

Çünki Şuşanın qayalarında artıq kifayət qədər böyük bir tarix yazılıb. O tarix şəxsi adlardan, tarixlərdən və müxtəlif ifadələrdən qat-qat böyükdür. Şuşanın qayalarına həkk olunmuş ən böyük imza Azərbaycan xalqının Zəfəridir. İndi əsas məsələ həmin imzanı silmədən, korlamadan və dəyişdirmədən gələcək nəsillərə çatdırmaqdır.

Millət vəkili Rövşən Muradov qeyd edib ki, Şuşada bəzi ziyarətçilərin qayaların üzərinə ad, tarix və müxtəlif ifadələr yazması məişət davranışındakı qüsurun hüdudlarını aşaraq, azad edilmiş torpaqlara münasibətdə vətəndaş məsuliyyətimizin səviyyəsini göstərən mənəvi sınağa çevrilir. Şuşanın hər daşı, Cıdır düzünün hər qayası şəhərin təbii simasını, tarixi yaddaşını və qanla qazanılmış Zəfərin izlərini özündə yaşatdığı üçün güllə nişanı daşıyan belə bir səthə şəxsi ad həkk etmək keçmişi “xatirə dəftəri” məntiqinə endirir, qəhrəmanlarımızın yaratdığı tarixin toxunulmazlığına xələl gətirir və gələcək nəsillər qarşısındakı mənəvi borcumuzla uzlaşmır. Şəhidlərimizin adları rəsmi memoriallarda, muzeylərdə, dərsliklərdə və xalqın qəlbində yaşadılmalıdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, turizm mütəxəssislərinin, memar və mədəniyyətşünasların, müharibə iştirakçılarının, ən əsası isə şəhid ailələrinin mövqelərindəki ortaq məğz də göstərir ki, qayaların üzərinə nəzarətsiz şəkildə yazıların həkk olunması ehtiram anlayışından uzaq, milli yaddaş qarşısında məsuliyyətsiz davranışdır.

Deputatın sözlərinə görə, bu məsələni yalnız Şuşanın lokal problemi kimi görmək olmaz. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Ordumuzun şücaəti və şəhidlərimizin canı bahasına 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, sonrakı siyasi-hərbi proseslər və 2023-cü ilin lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün, eləcə də bütün ərazimizdə dövlət suverenliyinin tam bərpasını təmin etmişdir. Şuşa, Laçın, Füzuli, Xankəndi, Xocavənd, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı bu gün turizm marşrutunun dayanacaqlarından daha böyük məna daşıyan, dövlətçiliyimizin canlı sənədləri, milli ləyaqətimizin ünvanları və gələcək nəsillərə ötürüləcək müqəddəs miras məkanlarıdır. Azadlıq bizə həmin torpaqlara getmək hüququ ilə yanaşı, onları qorumaq öhdəliyi də vermişdir və buna görə döyüş meydanında qazanılmış suverenliyin sülh dövründə vətəndaş intizamı, ictimai mədəniyyət və hüquqi məsuliyyət vasitəsilə qorunması ümummilli vəzifə kimi qəbul olunmalıdır.Rəsmi məlumatlarda belə halların təkrarlandığı, qayda pozuntusuna yol verən şəxslərdən izahat alındığı və onlar barəsində cərimə tədbirlərinin tətbiq olunduğu, yazıların silinməsi prosesinin qayanın təbii qatına zərər vura bildiyi qeyd olunur ki, bu faktlar hadisədən sonra aparılan təmizləmənin həll yolu sayıla bilməyəcəyini və strategiyanın qabaqlayıcı mühafizə üzərində qurulmalı olduğunu təsdiqləyir. 

Rövşən Muradov vurğulayıb ki, konstitusiyanın 77-ci maddəsi tarix və mədəniyyət abidələrini qorumağı hər bir şəxsin borcu kimi müəyyənləşdirir. 2026-cı il fevralın 1-dən qüvvəyə minən dəyişikliklər isə dövlət tərəfindən qorunan mədəni sərvətin korlanması müvafiq inzibati xəta tərkibi yaratdıqda və zərər az miqdarda olduqda fiziki şəxs barəsində 5 min manat cərimənin, qəsdən və xeyli miqdarda zərər vurulduqda cinayət məsuliyyətinin tətbiqinə hüquqi əsas yaradır. Bununla yanaşı, ictimai qınaq hüquqi hökmü qabaqlamamalı, konkret qayanın hüquqi statusu və dəymiş zərərin həcmi ekspertiza vasitəsilə müəyyənləşdirilməli, əmələ səlahiyyətli orqan tərəfindən hüquqi qiymət verilməlidir. Davamlı nəticənin əldə olunması üçün hüquq, maarifləndirmə və nəzarət vahid sistem daxilində işləməlidir.Bu məqsədlə giriş icazəsi və bilet mərhələsində hər ziyarətçiyə “irs davranışı kodeksi” təqdim edilməli, turizm şirkətləri və bələdçilər ziyarətçiləri məcburi qaydada təlimatlandırmalı, həssas məkanlarda çoxdilli xəbərdarlıq lövhələri və QR-kodlar yerləşdirilməlidir. Cıdır düzü və digər sıx ziyarət olunan sahələr fasiləsiz ağıllı videomüşahidə, mobil mühafizə qrupları və operativ bildiriş xətti ilə əhatə olunmalıdır. 

Deputat əlavə edib ki, aşkarlanan müdaxilənin qiymətləndirilməsi və aradan qaldırılması yalnız peşəkar restavratorlara həvalə edilməli, bərpa xərci qanun çərçivəsində əməli törədən şəxsdən tutulmalı, şəhidlərin xatirəsini əbədiləşdirmək istəyən vətəndaşlar üçün dövlətin razılaşdırdığı vahid memorial məkanlar və rəqəmsal xatirə platformaları yaradılmalıdır. Bu prosesdə məsuliyyət turistin davranışı ilə məhdudlaşmır, onu əvvəlcədən məlumatlandırmayan turizm subyekti, zəruri nəzarəti vaxtında formalaşdırmayan qurum və pozuntunu görərək aidiyyəti orqana bildirməyən vətəndaş da mənəvi məsuliyyətini dərk etməlidir. Şuşa 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtıdır. Şuşaya gələn xarici qonaqlara qayalarda nizamsız imzalar əvəzinə Azərbaycan xalqının Zəfər mədəniyyətini, quruculuq iradəsini və öz tarixinə sahib çıxmaq bacarığını göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının mənəvi borcudur. Müharibədən sonra qarşımızda dayanan ikinci və səssiz vəzifəni yerinə yetirərək, qan bahasına azad etdiyimiz torpaqları qanunla, mədəniyyətlə və vicdanla qorumalıyıq. Şuşanın qayalarında artıq ən böyük imza — Azərbaycan Zəfəri həkk olunmuşdur və onun üzərinə başqa ad yazmağa heç kimin mənəvi haqqı yoxdur.

Millət vəkilİ Elnarə Akimova bildirib ki, Şuşa Azərbaycan üçün tarixi və mədəni əhəmiyyət daşıyan şəhər olmaqla yanaşı milli kimliyimizin, tarixi yaddaşımızın və dövlətçilik iradəmizin mühüm simvollarından biridir. Buna görə də bu şəhərdə tarixi və milli əhəmiyyətli məkanlara münasibətə adi ictimai davranış qaydaları çərçivəsində yanaşmaq doğru olmaz. Burada söhbət yalnız ictimai asayişdən və inzibati qaydalardan deyil, milli irsə və dövlətimizin tarixən formalaşmış dəyərlərinə münasibətdən gedir.Şuşanın işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biridir. Bu zəfər böyük hərbi-siyasi iradə, dövlət siyasəti və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı hesabına əldə edildi. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və döyüşən hərbçilərimizin fədakarlığını heç vaxt unutmaq olmaz. Bu şəhərdə hər birimizin davranışı həmin fədakarlığa münasibətimizin də göstəricisidir.

Bu baxımdan Şuşada tarixi abidələrin divarlarına yazı yazmaq, qorunan ərazilərə zərər vurmaq, tarixi tikililərin üzərinə çıxmaq, ətrafı zibilləndirmək və müəyyən edilmiş qaydalara əməl etməmək qəbuledilməzdir. Bəzən bunlar kiçik bir qayda pozuntusu kimi qiymətləndirilə bilər. Əslində isə məsələ daha ciddidir. Çünki tarixi abidəyə vurulan hər hansı zərər yalnız həmin obyektə deyil, milli irsimizə vurulan ziyandır.

Deputat qeyd edib ki, Dövlət Şuşanın bərpasına və inkişafına böyük resurslar yönəldir. İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni irsin bərpası həyata keçirilir, şəhərin tarixi simasının qorunmasına xüsusi diqqət göstərilir. Bu işlər yalnız şəhərin abadlaşdırılması məqsədi daşımır. Məqsəd Şuşanın tarixi kimliyini qorumaq və onu gələcək nəsillərə olduğu kimi çatdırmaqdır.

Bu prosesdə vətəndaşların məsuliyyəti də az deyil.Şuşaya səfər edən hər bir insan bilməlidir ki, o, sadəcə turist kimi tarixi şəhərə getmir. O, Azərbaycanın xüsusi qorunan milli-mədəni irs məkanına daxil olur. Burada davranışın müəyyən edilmiş qaydalara uyğun olması həm hüquqi, həm də mənəvi məsələdir.Əlbəttə, qanun pozuntusuna görə məsuliyyət və cərimə mexanizmləri olmalıdır. Qaydalar hamı üçün eyni tətbiq edilməlidir. Lakin yalnız cərimə tətbiq etməklə problem həll olunmur. Əsas məsələ cəmiyyətdə milli irsə münasibət mədəniyyətinin formalaşdırılmasıdır. İnsan abidəyə nəzarətdən qorxduğu üçün deyil, onun dəyərini bildiyi üçün toxunmamalıdır.

Bu məsələdə ailənin, məktəbin, medianın və ictimaiyyətin üzərinə mühüm vəzifələr düşür. Uşaqlarımıza tarixi abidələrin qorunmasının nə üçün vacib olduğunu öyrətməliyik. Gənclərə anlatmalıyıq ki, sosial şəbəkədə daha çox baxış toplamaq və ya fərqli görüntü yaratmaq naminə milli irsə hörmətsizlik etmək qəbuledilməzdir. Müasirlik özbaşınalıq deyil. Azadlıq da başqasının və cəmiyyətin dəyərlərinə zərər vurmaq hüququ vermir.

Elnarə Akimova vurğulayıb ki, Şuşaya münasibətdə xüsusilə həssas olmalıyıq. Çünki bu şəhərin işğal illərində başına gətirilənlər gözümüzün qarşısındadır. Ermənistanın işğalı zamanı Azərbaycan xalqının tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, bir sıra abidələr dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bu gün həmin irsin bir hissəsi dövlət tərəfindən bərpa olunur. Belə bir şəraitdə bizim öz davranışımızla həmin dəyərlərə zərər vurmağımız heç bir məntiqlə izah edilə bilməz.

Biz Şuşanı böyük itkilər hesabına azad etmişik. İndi isə onu qorumaq və gələcək nəsillərə çatdırmaq məsuliyyətimiz var.Mən hesab edirəm ki, Şuşada qayda pozuntularına münasibətdə həm inzibati nəzarət, həm də maarifləndirmə gücləndirilməlidir. Burada məqsəd insanları cəzalandırmaqdan daha çox, hər kəsdə məsuliyyət hissi yaratmaq olmalıdır. Şuşaya səfər edən insan əvvəlcədən bilməlidir ki, hansı davranışlara yol verilmir və bu qaydaların pozulması hansı nəticələrə səbəb ola bilər.

Eyni zamanda, ictimai qınağın da əhəmiyyəti böyükdür. Milli irsə hörmətsizlik edən davranışları sosial şəbəkələrdə yaymaq və bunu əyləncə predmetinə çevirmək əvəzinə, belə hallara qarşı ictimai mövqe nümayiş etdirməliyik.

E.Akimova əlavə edib ki, Şuşanın azadlığı bizə yalnız qürur hüququ verməyib. Həm də böyük məsuliyyət verib.Biz şəhidlərimizin uğrunda can verdiyi şəhərə onların xatirəsinə layiq şəkildə sahib çıxmalıyıq. Şuşanın hər bir tarixi məkanını qorumaq, onun təmizliyinə və tarixi görünüşünə hörmət etmək, müəyyən olunmuş qaydalara əməl etmək əslində Vətənə münasibətin gündəlik ifadəsidir.

Bir millət vəkili kimi hesab edirəm ki, bu məsələyə münasibətimiz çox aydın olmalıdır: Şuşada milli irsə hörmətsizliyə bəraət qazandırmaq olmaz. Heç bir foto, heç bir paylaşım, heç bir şəxsi maraq Azərbaycanın tarixi və mədəni irsindən üstün deyil.

Şuşanı bizə şəhidlər əmanət edib. Bizim borcumuz isə bu əmanəti qorumaq, ona hörmət etmək və gələcək nəsillərə salamat çatdırmaqdır.Şuşanın azadlığını qeyd etmək asandır. Əsl məsuliyyət isə azad edilmiş Şuşaya layiq davranmaqdır.

Millət vəkili Azər Allahverənovun sözlərinə görə, ümumiyyətlə, haqlı olaraq bir neçə gündür ki, həm sosial şəbəkələrdə, həm də müxtəlif media subyektlərində bu məsələ ilə bağlı xalqımız öz etirazını bildirir. Birmənalı şəkildə vurğulanır ki, Şuşada qayaların üzərinə müxtəlif yazıların yazılması istənilən halda yolverilməzdir. Bunun bir neçə səbəbi var.İlk növbədə, məsələnin hüquqi aspekti mövcuddur. Qayaların üzərinə yazı yazan insanlar nəzərə almalıdırlar ki, Şuşa uzun illər Azərbaycan xalqının həsrət və nisgil yeri olmaqla yanaşı, həm də bizim üçün müqəddəslik və milli simvol anlayışını özündə ehtiva edən məkandır. Şuşanın istər qayaları, istər meşələri, istərsə də digər təbii və tarixi məkanları xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan həmin ərazilərdə təbii mühitə və tarixi-mədəni irsə hər hansı formada müdaxilə edilməsi yolverilməzdir.Dünya praktikasına nəzər saldıqda da görürük ki, qayalar, tarixi tikililər və digər təbii və mədəni irs nümunələri üzərində müxtəlif yazıların yazılması vandalizm aktı kimi qiymətləndirilir. Bu səbəbdən məsələyə yalnız adi bir davranış pozuntusu kimi deyil, həm də təbii və mədəni irsə münasibət kontekstində yanaşmaq lazımdır.Şuşa özü-özlüyündə bizim üçün müqəddəs məkandır. Buradakı daşın, qayanın, ağacın, yamacın, meşənin və Cıdır düzünün hər biri Şuşanın təbii simasının ayrılmaz hissəsidir. Bu təbii görkəmə hər hansı şəkildə müdaxilə olunması həmin məkanın özünəməxsusluğunun pozulmasına gətirib çıxarır.

Deputat vurğulayıb ki, məsələnin mənəvi tərəfi də xüsusi əhəmiyyət daşıyır. Şuşa yüzlərlə Vətən oğlunun canı bahasına işğaldan azad edilmiş məkandır. Bu amilin özü belə Şuşaya və onun hər qarışına son dərəcə həssas münasibət göstərilməsini zəruri edir. Burada edilən hər bir hərəkət həmin torpaq uğrunda şəhid olan insanların xatirəsinə münasibət baxımından da qiymətləndirilməlidir. Şuşada qayaların üzərinə yazı yazılması bu baxımdan həm də şəhidlərimizin ruhuna qarşı hörmətsizlik kimi qəbul oluna bilər.Biz bunu tariximizdə də görmüşük. Şuşanın 30 il ərzində işğal altında olduğu dövrdə erməni işğalçıları şəhərin tarixi və mədəni irsinə ciddi ziyan vurub, onun tarixi simasını dəyişdirməyə və mədəni dəyərlərini məhv etməyə çalışıblar. Bu gün isə Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Məqsəd şəhərin tarixi və mədəni simasını yenidən bərpa etmək, onun əsrlər boyu formalaşmış görkəmini gələcək nəsillərə çatdırmaqdır.Belə bir şəraitdə kiminsə gedib qayaların üzərinə müxtəlif adlar, tarixlər, rəqəmlər və digər yazılar yazması həmin bərpa prosesinə və Şuşanın təbii-mədəni irsinə münasibətdə məsuliyyətsiz yanaşmadır.Məsələnin digər ciddi tərəfi isə ekoloji amildir. Qayaların üzərinə yazıların yazılması zamanı müxtəlif kimyəvi tərkibli boyalardan istifadə oluna bilər. Bu maddələr qayaların, daşların və onların səth strukturunun zədələnməsinə səbəb ola bilər. Digər tərəfdən, həmin yazıların sonradan silinməsi də qayalara əlavə zərər vura bilər. Çünki boyaların təmizlənməsi üçün istifadə olunan mexaniki və kimyəvi üsullar daşın və qayanın təbii strukturuna mənfi təsir göstərə bilər.

Millət vəkili bildirib ki, bu baxımdan məsələni yalnız estetik görüntünün pozulması kimi qiymətləndirmək düzgün deyil. Burada hüquqi, mənəvi, tarixi, mədəni və ekoloji aspektlər bir-biri ilə əlaqəlidir. Bu amillərin hər biri nəzərə alınaraq belə halların qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir.Mən hesab edirəm ki, bu məsələdə Şuşaya səfər edən turistlər, ziyarətçilər və müxtəlif qruplar arasında maarifləndirmə işlərinin aparılmasına da ciddi ehtiyac var. İnsanlara izah edilməlidir ki, qayaların üzərinə yazı yazmaq, tarixi və təbii ərazilərə müdaxilə etmək nə üçün yolverilməzdir və hansı hallarda qanunvericiliyə zidd əməl kimi qiymətləndirilə bilər.Bununla bağlı Şuşanın müxtəlif ərazilərində maarifləndirici və məlumatlandırıcı lövhələrin yerləşdirilməsi də məqsədəuyğun olardı. İstər qayalıqlarda, istər Cıdır düzündə, istər meşələrdə və yamaclarda, istərsə də digər ziyarət məkanlarında insanlara həmin ərazilərin təbii və mədəni əhəmiyyəti barədə məlumat verilməlidir.

A. Allahverənovun sözlərinə görə, məqsəd yalnız qadağa qoymaq deyil, insanlarda məsuliyyətli davranış mədəniyyəti formalaşdırmaq olmalıdır. İnsan bilməlidir ki, Şuşada gördüyü hər bir qaya, hər bir ağac, hər bir tarixi məkan və təbii landşaft qorunmalı olan milli sərvətin bir hissəsidir.Bu gün Şuşaya səfər edən müxtəlif blogerlər, media nümayəndələri və turist qrupları şəhərin gözəlliyini, tarixi mədəni irsini çəkərək sosial şəbəkələrdə paylaşır və bununla da Şuşa ilə bağlı mühüm mesajları beynəlxalq ictimaiyyətə çatdırırlar. Bu, əlbəttə ki, müsbət haldır. Lakin həmin görüntülərdə qayaların üzərində yazılmış müxtəlif adların, tarixlərin, rəqəmlərin və digər yazıların əks olunması istər-istəməz mənfi təəssürat yaradır və Şuşanın ümumi görüntüsünə xələl gətirir.Azərbaycan xalqı öz mədəni və tarixi irsinə sahib çıxır. Eyni münasibət təbiətimizə və təbii sərvətlərimizə də göstərilməlidir. Bu baxımdan cəmiyyətdə yaranan etiraz səsləri tamamilə başadüşüləndir və məsələyə həssas yanaşılmasının vacibliyini göstərir.Ona görə də düşünürəm ki, Şuşaya səfər edən hər bir insan öz davranışına görə məsuliyyət daşıdığını anlamalıdır. Burada söhbət yalnız hüquqi məsuliyyətdən getmir. Eyni zamanda mənəvi, milli, tarixi və mədəni məsuliyyət də var. Biz mümkün hüquqi mexanizmlərdən istifadə etməklə yanaşı, maarifləndirmə, təbliğat və təşviqat yolu ilə də insanların bu məsələyə daha həssas yanaşmasını təmin etməliyik. Əsas məqsəd isə gələcəkdə belə halların baş verməsinin qarşısını alacaq məsuliyyətli və hörmətli davranış mühiti formalaşdırmaq olmalıdır.

 Sabiq korpus komandiri, ehtiyatda olan general leytenant Yaşar Aydəmirov hesab edir ki, Şuşada qayaların üzərinə müxtəlif yazıların yazılması tamamilə yolverilməzdir: “Bir neçə gündür ki, bu məsələ müzakirə olunur, deputatlar fikirlərini bildirir, sosial şəbəkələrdə geniş ictimai narazılıq ifadə edilir. Mən də bir general kimi bu məsələyə son dərəcə ciddi yanaşıram.” 

Generalın sözlərinə görə, ilk növbədə, bunu edən insanlar anlamalıdırlar ki, Şuşanın hər qarışının arxasında böyük bir tarix, şəhidlərimizin və qazilərimizin fədakarlığı dayanır. Onlar bilməlidirlər ki, hər bir qaya, hər bir daş, hər bir yüksəklik və hər bir təpə gənc yaşında həyatını itirmiş Vətən övladlarının qanı hesabına azad edilib. Həyatda hələ çox şey görməli olan gənclərimiz bu torpaqlar uğrunda canlarından keçiblər. Belə bir müqəddəs məkanda qayaların üzərinə yazı yazmaq, həmin əraziləri korlamaq necə mümkün ola bilər? Bu, mənim fikrimcə, şəhidlərimizin və qazilərimizin ruhuna hörmətsizlikdir. İnsan belə bir hərəkəti etməzdən əvvəl düşünməlidir ki, ayaq basdığı torpağın, toxunduğu daşın arxasında hansı böyük fədakarlıq dayanır. Şuşanın hər bir qarışının Azərbaycan əsgərinin qanı hesabına azad edildiyini unutmamalıyıq.

Y.Aydəmirov bildirib ki, məsələnin digər tərəfi isə həmin ərazilərə nəzarətlə bağlıdır. Təbii ki, aidiyyəti qurumlar bu məsələyə daha ciddi nəzarət etməlidirlər. Söhbət yalnız minalardan və təhlükəsizlik məsələlərindən getmir. Şuşaya daxil olan və həmin ərazilərdə hərəkət edən insanların davranışlarına da müəyyən nəzarət mexanizmləri olmalıdır.Belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun şəkildə ciddi məsuliyyətə cəlb edilməlidirlər. Elə bir nəzarət və məsuliyyət mexanizmi formalaşdırılmalıdır ki, heç kimin ağlına belə bir hərəkət etmək gəlməsin. Kiminsə gedib müqəddəs Şuşa torpağında qayaların üzərinə boya ilə adını, tarixini və ya başqa bir yazını həkk etməsi qətiyyən normal davranış deyil.Şuşa adi bir turizm məkanı deyil. Bura Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan müqəddəs məkandır. Ona görə də hər bir insan burada davranışına, hərəkətinə və ətraf mühitə münasibətinə görə məsuliyyət daşımalıdır.

General vurğulayıb ki, aidiyyəti qurumlar tərəfindən ərazidə nəzarət gücləndirilməli, müşahidə kameraları və digər nəzarət vasitələrindən daha səmərəli istifadə olunmalıdır. Ərazidə fəaliyyət göstərən əməkdaşların da nəzarət imkanları artırılmalıdır. Bu, həm təhlükəsizliyin təmin olunması, həm də belə halların qarşısının alınması baxımından vacibdir.Hər birimiz bilməliyik ki, Şuşanın hər daşı, hər qayası, hər yüksəklik və hər qarış torpağı bizim üçün qiymətlidir. Bu torpaqlar böyük itkilər və qəhrəmanlıqlar hesabına geri qaytarılıb. Ona görə də həmin ərazilərə hörmət etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rəhbəri, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib ki, İşğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni irsin qorunması ilə bağlı cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bu ərazilərə səfər edən hər kəs bilməlidir ki, oradakı daş, qaya, bina və tarixi tikililər sadəcə bir obyekt deyil, Azərbaycanın keçmişinin və milli yaddaşının bir hissəsidir.Mən həmin ərazilərə tez-tez səfər edirəm və təəssüf ki, hər səfər zamanı qayaların üzərində müxtəlif adlara və yazılara rast gəlirəm. Bəzən insanlar bunu öz adlarını yaddaşda saxlamaq, bəzən isə hansısa yaxınlarının adını qeyd etmək məqsədilə edirlər. Lakin bu cür davranışın heç bir halda normal qəbul edilməsi mümkün deyil.Xüsusilə məni narahat edən məsələlərdən biri qayaların üzərində şəhidlərimizin adlarının da yazılmasıdır. Şəhidin adını əbədiləşdirmək istəyərkən belə bir üsula əl atmaq doğru yanaşma deyil. Çünki şəhidlərimizin adları dövlət səviyyəsində müxtəlif layihələr, küçə və obyektlərin adlandırılması, xatirə lövhələri və abidələrlə yaşadılır. Bu baxımdan insanların öz təşəbbüsü ilə tarixi ərazilərdə yazılar həkk etməsi nə şəhidlərin xatirəsinə, nə də həmin torpaqların müqəddəsliyinə xidmət edir.

Rey Kərimoğlu qeyd edib ki, İşğaldan azad edilmiş torpaqlar uzun illər ərzində böyük dağıntılara məruz qalıb. Bu gün isə həmin ərazilərdə həm tarixi irsin bərpası, həm də gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görülür. Belə bir vaxtda bərpa edilən və qorunan tarixi məkanların üzərinə yeni yazılar əlavə etmək yolverilməzdir. Biz bir tərəfdən dağıdılmış irsimizi bərpa etməyə çalışarkən, digər tərəfdən həmin irsə özümüz zərər verməməliyik.Bu məsələyə yalnız inzibati pozuntu kimi baxmaq da düzgün deyil. Burada söhbət ilk növbədə mədəniyyətə, tarixə və ümumi dəyərlərimizə münasibətdən gedir. İnsanlar başa düşməlidirlər ki, üzərində yazı yazdıqları qaya və ya daş illər, hətta əsrlər sonra da bu torpaqların tarixindən xəbər verə bilər. Şəxsi adların həmin obyektlərə həkk olunması isə bu tarixi yaddaşın görünüşünü dəyişdirir.Hesab edirəm ki, belə halların qarşısının alınmasında maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərə səfərlər təşkil edən turizm şirkətləri turistlərə əvvəlcədən bu barədə məlumat verməli, davranış qaydalarını izah etməlidirlər. İnsanlara çatdırılmalıdır ki, qayaya ad yazmaq, daşı cızmaq, tarixi tikilinin divarına hər hansı qeyd qoymaq sadə bir hərəkət deyil və bununla tarixi irsə müdaxilə edilir.

Onun sözlərinə görə, eyni zamanda, dövlət qurumlarının da bu ərazilərdə nəzarəti gücləndirməsi vacibdir. Tarixi və mədəni obyektlərin qorunması yalnız aidiyyəti qurumların deyil, bütün cəmiyyətin işi olmalıdır.Biz şəhidlərimizin adını yaşatmaq istəyiriksə, bunu onların uğrunda can verdiyi torpaqlara hörmət etməklə göstərməliyik. O torpaqlarda dağıntıların, izlərin və tarixi yadigarların qorunması şəhidlərin xatirəsinə ən böyük ehtiram nümunələrindən biridir.

 Hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, son vaxtlar müqəddəs torpaqlarımıza - Qarabağa səfərlər edən ayrı ayrı vətəndaşlar tərəfindən həmin ərazilərdəki qayalıqların, daşların və ağacların gövdələrində yazılar və adlar yazıldığının şahidi oluruq. Bu insanlar başa düşməlidirlər ki 3 min şəhidlərimizin qanı hesabına azad edilmiş vətənimizin hər daşı, qayası meşəsi və torpağı müqəddəsdir. Onu incitmək, korlamaq, ərazini zibilləmək həm qanunla cəzalandırılır həm də şəhidlərimizin ruhunu incidir.Təəssüf ki bunu uşaqlar yox böyüklər edir. Belə şəxslərin ölkəmizin həm vətən daşı, həm də vətəndaşı olmaq kimi öhdəliyi, borcu budurmu ?  Hesab edirəm ki belə şəxlərə qarşı inzibatı metodlarla bərabər həm də maarifləndirici işi gücləndirməliyik. Onlar keçid məntəqələrində şifahi xəbərdarlıqlar edilməklə bərabər maarifləndirici və xəbərdaredici bukletlər paylanmalı, məsuliyyətləri izah edilməlidir. 

Hazırladı: Turan Etibaroğlu