Daha bir universitet bağlanır? – Planda yer verilmədi...
11 Avqust 2026, 17:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
779
11.08.2026, 17:20
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Sazişi” Yaxın Şərqdə və daha geniş mənada İslam dünyasında yeni təhlükəsizlik və əməkdaşlıq formatının formalaşması baxımından diqqət çəkir. Saziş üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Məkkə Sazişi”nin gündəmə gəlməsi yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Bu təşəbbüs müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi baxımından da diqqət çəkir. Regional sabitliyin təmin olunması, müxtəlif dövlətlər arasında dialoqun genişləndirilməsi və qarşılıqlı maraqların uzlaşdırılması İslam dünyasında daha dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edə bilər. Bəs Türkiyə və Pakistanla strateji tərəfdaşlıq münasibətləri olan Azərbaycanın gələcəkdə belə bir təhlükəsizlik formatına qoşulması nə dərəcədə realdır?
Mövzu barədə Oxu24.com-a danışan türkiyəli siyasətçi Hasan Oktay qeyd edib ki, HƏMAS-ın İran və Rusiyanın yönləndirməsi ilə 7 oktyabr 2023-cü ildə İsrailə hücum etməsi ilə Yaxın Şərq çıxılmaz bir xaosa doğru sürətlə yuvarlanır:
“Bunun davamı olaraq baş verən İran-ABŞ-İsrail müharibəsi sülhlə nəticələnsə belə, bölgədə ciddi etimad böhranı yaradacaq. Məhz bu məqamda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi” Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik arxitekturasında uzun müddətdir axtarılan yerli, çoxqatlı və avtonom bir inkişaf təşəbbüsü kimi gündəmə gəlib. Sazişdə tərəflərdən birinə qarşı yönəlmiş silahlı hücumun hər üç ölkəyə qarşı həyata keçirilmiş hücum kimi qiymətləndiriləcəyi qeyd olunur. Bu müddəa texniki baxımdan NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə anlayışını ortaya qoyur və klassik hərbi əməkdaşlıq çərçivələrini aşır. Bu yanaşma xarici təhlükəsizlik təminatlarından, xüsusilə Qərb aktorlarının etibarlılığı və dəyişkənliyindən asılılığı azaltmaqla, region ölkələrinin öz böhranlarını idarə etmək və çəkindirmə qabiliyyəti formalaşdırmaq iradəsini simvolizə edir.
Osmanlı dövlətinin Yaxın Şərqdən çəkilməsindən sonra Atatürk 8 iyul 1937-ci ildə Tehrandakı Səədabad sarayında Türkiyə, İran, İraq və Əfqanıstan arasında dördtərəfli hücum etməmək və dostluq müqaviləsinin imzalanmasına nail olmaqla bölgədə yeni tarazlığın formalaşmasına töhfə vermişdi. Daha sonra Bağdad Paktı Sovet İttifaqının Yaxın Şərqdə nüfuz qazanmasının qarşısını almaq məqsədilə 1955-ci ildə yaradılmış təhlükəsizlik və müdafiə birliyi kimi meydana gəldi. Əvvəlcə Türkiyə və İraq arasında imzalanan pakta daha sonra Böyük Britaniya, Pakistan və İran qoşuldu. ABŞ isə pakta kənardan dəstək verdi”.
Türkiyəli ekspert vurğulayıb ki, Yaxın Şərqdə Türkiyənin iştirak etdiyi bu cür razılaşmalar zaman-zaman regionda tarazlaşdırıcı amil kimi çıxış edib.
“Bu üçtərəfli mexanizm klassik hərbi paktın hüdudlarını aşaraq bir-birini tamamlayan strateji imkanların birləşməsini yaradır.
Türkiyə: NATO-nun ikinci ən böyük ordusuna, yüksək əməliyyat qabiliyyətinə və son illərdə qlobal səviyyədə özünü təsdiqləmiş yerli müdafiə sənayesinə, xüsusilə PUA və SİHA texnologiyalarına malikdir. Bu xüsusiyyətlər Türkiyəni çəkindirmə mexanizminin hərbi-texnoloji dayağına çevirir.
Pakistan: Nüvə silahına malik yeganə müsəlman dövləti kimi paktın ən yüksək səviyyəli strateji-nüvə çəkindirmə imkanını təmin edir.
Səudiyyə Ərəbistanı: Böyük maliyyə resursları, enerji təchizatının təhlükəsizliyində mərkəzi rolu və Körfəz-Qırmızı dəniz geosiyasındakı çəkisi ilə mexanizmin iqtisadi və geoiqtisadi dayağını formalaşdırır.
Bu imkanların birləşməsi Anadoludan Fars körfəzinə və Cənubi Asiyaya qədər uzanan güclü geosiyasi ox və çəkindirmə zolağı yaradır”- deyə siyasətçi əlavə edib.
“Ankara sazişin hər hansı konkret ölkəni, xüsusilə İranı hədəf almadığını, tamamilə regional sabitlik, yük paylaşımı və müdafiə məqsədi daşıdığını vurğulasa da, Tehranın bu mexanizmi potensial mühasirə və ya təhdid kimi qəbul etməsi mümkündür. Bu təhdid qavrayışının zamanla aradan qaldırılması regionda sabitliyin təmin edilməsinə kömək edə bilər. Xüsusilə Körfəz bölgəsində baş vermiş əvvəlki raket və infrastruktur hücumları, eləcə də Tehranın regiondakı təsir dairələri nəzərə alındıqda, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistan kimi iki güclü hərbi aktorla bu səviyyədə institusional təhlükəsizlik çətiri yaratması İranın ənənəvi çəkindirmə hesablamalarını çətinləşdirəcək. Tehran bu mexanizmi geosiyasi sıxışdırma cəhdi kimi qiymətləndirə bilər. Lakin mexanizmin “hücum deyil, müdafiə və sabitlik” məqsədi daşıması diplomatik müstəvidə gərginliyin nəzarətdə saxlanılması üçün imkan yaradır.
İran-ABŞ danışıqlarında Pakistanın oynadığı rol nəzərə alınarsa, burada sülh yönümlü mexanizmin fəaliyyət göstərdiyi daha sağlam şəkildə başa düşülə bilər. Bu, eyni zamanda İran daxilində Rusiya və Çinlə birlikdə hərəkət edən radikal elementlərin kənarlaşdırılması və İranın normallaşması üçün də yol aça bilər”- deyə Hasan Oktay qeyd edib.
Siyasətçi hesab edir ki, Türkiyənin NATO üzvü olması bu mexanizmin beynəlxalq hüquqdakı legitimliyini və siyasi çəkisini artıran amildir:
“Beynəlxalq hüquq və NATO müqavilələri üzv dövlətlərin alyansdan kənarda yerləşən ölkələrlə ikitərəfli və ya çoxtərəfli müdafiə sazişləri imzalamasına mane olmur. Yunanıstan və Fransa kimi ölkələrin də buna bənzər nümunələri dəfələrlə mövcud olub. Lakin praktiki baxımdan Türkiyənin NATO çərçivəsindəki öhdəlikləri ilə “Məkkə Sazişi”ndən irəli gələn öhdəliklər arasında ziddiyyətin yaranıb-yaranmayacağı böhranın xarakterindən asılı olacaq. Türkiyənin NATO daxilində də həyata keçirdiyi “strateji muxtariyyət” və müttəfiqlik hüququnu milli maraqlarla uzlaşdıran xarici siyasət xətti bu iki mexanizm arasında balans yaradılması imkanını təmin edə bilər. “Məkkə Sazişi”nin NATO-ya alternativ deyil, regional tamamlayıcı mexanizm kimi formalaşdırıldığı görünür.
İsrailin Yaxın Şərqdəki strateji yanaşması, ümumiyyətlə, parçalanmış, daxili koordinasiyası zəif və ikitərəfli təhlükəsizlik razılaşmalarından asılı olan ərəb və İslam dünyası üzərində qurulub.
Xüsusilə Netanyahu hökuməti dövründə İsraildə təhlükəsizlik konsepsiyasının dəyişdiyi və yüksək təhlükəsizlik yönümlü yanaşmanın ön plana çıxdığı görünür. HƏMAS-ın Rusiya və İranın yönləndirməsi ilə İsrailə hücumunda bu amilin böyük rol oynadığı irəli sürülsə də, nəticə etibarilə oktyabr seçkilərində Netanyahu hakimiyyətdən kənarlaşdırılarsa, bu ittifaq İsraildə təhlükəsizlik çətiri yarada bilər.
Əks halda, Netanyahunun impulsiv addımları Türkiyə kimi yüksək texnologiyaya və əməliyyat qabiliyyətinə malik bir aktorun, Səudiyyə Ərəbistanının maliyyə gücünün və Pakistanın strateji imkanlarının eyni masa ətrafında institusional təhlükəsizlik paktı yaratması ilə İsrailin sərbəst fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
İsrail xalqı Netanyahunun mövqeyi səbəbindən ciddi çətinliklərlə üzləşməmək üçün oktyabr seçkilərini diqqətlə qiymətləndirəcək.
Xüsusilə Təl-Əviv rəhbərliyinin regional gərginliyi artıran addımlarına qarşı Riyad və ətrafında formalaşan yeni təhlükəsizlik çətiri İsrail üçün nəzərə alınması vacib olan daha yüksək maliyyətli bir geosiyasi vəziyyət yaradacaq”.
Müsahibimizin fikrincə, “Məkkə Sazişi” daşıdığı simvolik ad və nəzərdə tutulan institusional struktur — daimi katiblik və nazirlər komitəsi — baxımından bir nüvə paktı xarakteri daşıyır:
“Əgər bu üçtərəfli struktur ilk mərhələdə əməli uğur və sabitlik təmin edə bilsə, Şimali Afrika, Körfəz və ya Cənub-Şərqi Asiyadakı digər strateji müsəlman ölkələrinin də mərhələli şəkildə müşahidəçi və ya tamhüquqlu üzv statusunda bu çətirə qoşulmaq istəyəcəyi proqnozlaşdırıla bilər. Bu baxımdan “Məkkə Sazişi” İslam dünyasının uzun müddətdir ehtiyac duyduğu, Qərb mərkəzli himayə strukturlarından asılı olmayan yerli və inklüziv kollektiv təhlükəsizlik arxitekturasının ilk böyük dayağı olmağa namizəddir.
Bu kontekstdə qiymətləndirildikdə, “Məkkə Sazişi” yalnız üç ölkənin ikitərəfli münasibətlərinin davamı deyil, Avrasiya və Yaxın Şərq geosiyasiyasının ağırlıq mərkəzini yenidən formalaşdıra biləcək dərin dönüş nöqtəsidir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı mərkəzli bu saziş Səədabad və Bağdad paktlarından sonra Yaxın Şərqdə gündəmə gələn mühüm addımlardan biridir. Bu təşəbbüsün uğurlu olması üçün Türk Dövlətləri Təşkilatını da özündə birləşdirərək İslam dünyasının ümumi təhlükəsizlik ehtiyaclarını qarşılaya biləcək yeni bir modelə çevrilməsi mümkündür”.
Pakistanlı siyasi ekspert Qaiser Navab deyib ki, “Məkkə Sazişi” İslam dünyasında kollektiv təhlükəsizliyə yanaşmamızda paradiqma dəyişikliyini ifadə edir:
“Sazişin əsl əhəmiyyəti onun hər üç istiqaməti vahid və inteqrasiya olunmuş yanaşmada birləşdirməsidir. Pakistan üçün saziş, mahiyyət etibarilə, müasir təhdidlərin bir-biri ilə əlaqəli xarakterini nəzərə alan dayanıqlı təhlükəsizlik arxitekturasının yaradılması deməkdir. Səudiyyə Ərəbistanının sabitliyi birbaşa Pakistanın öz təhlükəsizliyi və iqtisadi maraqları ilə bağlıdır. Krallığın rifahı Pakistan vətəndaşları üçün iqtisadi imkanlara birbaşa təsir göstərir, pul köçürmələri ailələrimizə geri qayıdır və regional sabitlik öz inkişaf gündəliyimizi həyata keçirməyə imkan yaradır.
Lakin bu, sadəcə mövcud vəziyyətin qorunub saxlanılması məsələsi deyil. Türkiyənin bu mexanizmə daxil edilməsi həqiqətən də yeni bir yanaşma yaradır — bu, əvvəlki heç bir çərçivənin bacarmadığı şəkildə Cənubi Asiya və Aralıq dənizi regionlarının təhlükəsizlik məsələlərini birləşdirir. Bu üçtərəfli mexanizm onu qəbul edir ki, transsərhəd terrorizm, kibertəhdidlər və böyük güclər arasında rəqabətin hökm sürdüyü bir dövrdə coğrafi yaxınlıq strateji uyğunluq və ortaq dəyərlər qədər əhəmiyyətli deyil.
Bunu İslam dünyası üçün həqiqətən əhəmiyyətli edən məqam ondan ibarətdir ki, biz reaktiv, böhranların təsiri ilə formalaşan tərəfdaşlıqlardan proaktiv təhlükəsizlik çərçivəsinə doğru irəliləyirik. Bu saziş göstərir ki, müxtəlif maraq və imkanlara malik üç böyük müsəlman çoxluqlu ölkə — Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə — fundamental təhlükəsizlik prinsipləri üzrə ortaq mövqeyə gələ bilər. Bu isə gələcəkdə digər müsəlman çoxluqlu ölkələrin də qoşula və ya nümunə götürə biləcəyi bir model yaradır, bununla da daha geniş İslam dünyasının özünümüdafiə və müstəqil qərarvermə imkanlarını gücləndirir.
Pakistan üçün isə bu saziş ölkəmizin regional məsələlərdə səsini daha da gücləndirir və bizi Yaxın Şərqin təhlükəsizlik arxitekturasında mühüm aktor kimi mövqeləndirir. Yəni Pakistan burada kənarda qalan bir iştirakçı deyil, qanuni strateji maraqları olan əsas tərəf kimi çıxış edir”.
Pakikstanlı ekspert vurğulayıb ki, Pakistanın nüvə imkanları bu ittifaqın strateji hesablamalarını əsaslı şəkildə dəyişir:
“Açıq şəkildə qeyd etmək istəyirəm: söhbət nüvə gücündən hədə-qorxu vasitəsi kimi istifadə etməkdən və ya təxribat xarakterli güc nümayişindən getmir. Əksinə, məsələ ondan ibarətdir ki, Pakistan regional sabitliyə çəkindirmə vasitəsilə töhfə verən qabaqcıl nüvə və ənənəvi hərbi imkanlara malikdir. Bizim nüvə arsenalımızın bir aydın məqsədi var: Pakistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq. Pakistan Səudiyyə Ərəbistanı və Türkiyə ilə üçtərəfli təhlükəsizlik çərçivəsində iştirak etdikdə, çəkindirmə effekti dəfələrlə artır. İttifaqın hər hansı üzvünə qarşı düşmənçilik xarakterli addım atmağı nəzərdən keçirən istənilən tərəf artıq üç böyük regional gücün birləşmiş hərbi imkanlarını, iqtisadi çəkisini və strateji əhəmiyyətini nəzərə almalı olacaq.
Səudiyyə Ərəbistanı və daha geniş Körfəz təhlükəsizlik arxitekturası baxımından Pakistanın hərbi gücü — istər Ərəb dənizindəki ənənəvi hərbi-dəniz imkanları, istər hava hücumundan müdafiə sistemləri, istərsə də nüvə çəkindirməsinin yaratdığı son strateji təminat olsun — real təhlükəsizlik təminatı yaradır. Bu, nəzəri məsələ deyil, praktik reallıqdır. Pakistan tarixən Körfəz regionunun təhlükəsizliyinə sadiqliyini nümayiş etdirib və bu ittifaq həmin öhdəliyi rəsmiləşdirir və gücləndirir.
Nüvə silahına malik Pakistanın bu ittifaqda iştirakı həm də incə, lakin mühüm diplomatik təsirə malikdir: bu, regiondan kənar güclərə Yaxın Şərq məsələlərinin hərbi imkanlara və strateji dərinliyə malik legitim aktorların maraqları nəzərə alınmadan idarə edilə bilməyəcəyi mesajını verir. Bu isə xarici güclərin dominant olduğu regional nizamdan fərqli olaraq, daha balanslı və çoxqütblü regional düzənin formalaşmasına töhfə verir.
Bununla belə, vurğulamaq istəyirəm ki, Pakistanın nüvə imkanlarından istifadəyə hər zaman təmkinli və məsuliyyətli yanaşılır. Biz beynəlxalq hüquq çərçivəsində öhdəliklərimizi və məsuliyyətli nüvə dövləti kimi rolumuzu dərk edirik. İttifaq bu yanaşmanı dəyişmir; əksinə, məsləhətləşmə və əlaqələndirilmiş qərarqəbuletmə üçün formal mexanizmlər yaratmaqla onu daha da möhkəmləndirir”.
Qaiser Navab əlavə edib ki, Pakistanın təhlükəsizlik gündəliyi yalnız Hindistanla münasibətlər əsasında müəyyənləşmir. Pakistan həmişə müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq siyasəti yürüdüb: regional diplomatiya, dəniz təhlükəsizliyi, terrorla mübarizə və beynəlxalq tərəfdaşlıqlar:
“Bununla belə, Hindistanla münasibətlər əhəmiyyətini qoruyur və mən bu məsələni diqqətdən kənarda qoymağı təklif etmirəm. Lakin “Məkkə Sazişi” Hindistan-Pakistan gərginliyinin həllinə yönəlmiş siyasətdən imtina demək deyil; əksinə, Pakistanın müstəqil fəaliyyət və təsir imkanlarını gücləndirməyə yönəlmiş tamamlayıcı strategiyadır.
Tarixən Pakistan bəzən reaktiv mövqedə olub — hadisələri formalaşdırmaq əvəzinə, baş verən proseslərə cavab vermək məcburiyyətində qalıb. “Məkkə Sazişi” bu dinamikanı dəyişir. Qərb cinahımızın təhlükəsizliyini möhkəmləndirməklə və əsas regional güclərlə dərin tərəfdaşlıqlar qurmaqla Pakistan şərq sərhədindəki vəziyyəti daha güclü və özünəinamlı mövqedən idarə etmək üçün strateji imkanlar əldə edir.
Saziş həm də mühüm mesaj verir: Pakistanın strateji əhəmiyyəti hər hansı bir ikitərəfli münasibətlə məhdudlaşmır. Biz regional güclər üçün yalnız bir qonşumuzla yaşadığımız münaqişəyə görə deyil, müsəlman çoxluqlu nüvə dövləti, dəniz təhlükəsizliyində mühüm aktor və Cənubi Asiya ilə Yaxın Şərq arasında körpü rolunu oynayan ölkə kimi özünəməxsus əhəmiyyətimizə görə vacibik.
Bundan əlavə, bu saziş bütün Cənubi Asiya dövlətlərinin, o cümlədən Hindistanın da gələcəkdə daha sabit və əməkdaşlığa əsaslanan regional çərçivənin qarşılıqlı faydalarını qəbul edə biləcəyi fərqli bir regional arxitekturanın formalaşması üçün imkan yaradır. Paradoksal görünsə də, güc və özünəinam mənalı dialoqun əsas şərtləridir”.
Pakistanlı ekspert hesab edir ki, Pakistan Yaxın Şərq məsələlərində daha mühüm və institusionallaşdırılmış rol oynamaq niyyətindədir. Bu, nə gizli, nə də yersiz bir məqsəddir — legitim strateji maraqların əksidir:
“Pakistanın Yaxın Şərqdə ciddi maraqları var. Milyonlarla Pakistan vətəndaşı Körfəz regionunda yaşayır və işləyir. Ölkəmizin iqtisadi inkişafı böyük ölçüdə Yaxın Şərqdən daxil olan pul köçürmələrindən, ticarət əlaqələrindən və enerji təhlükəsizliyi üzrə razılaşmalardan asılıdır. Bizim bu regionla dərin və uzunmüddətli mədəni və dini bağlarımız var. Pakistan onilliklər ərzində hərbi qüvvələrin yerləşdirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və diplomatik fəaliyyət vasitəsilə Körfəz təhlükəsizliyinə töhfə verib.
Pakistan Yaxın Şərq məsələlərində dominantlıq etmək və ya regiona Pakistanın gündəliyini qəbul etdirmək niyyətində deyil. Əksinə, biz əsas maraqlı tərəf kimi qəbul olunmaq istəyirik — səsi nəzərə alınan, maraqları legitim olan və təhlükəsizlik narahatlıqları regionun ənənəvi güclərinin narahatlıqları ilə yanaşı diqqətə alınmalı olan bir aktor kimi”
Ekspert əlavə edib ki, Pakistanın İranla münasibətləri mürəkkəb, çoxşaxəli və bizim üçün həqiqətən mühümdür:
“Biz İranla 900 kilometrlik sərhədi, dərin mədəni əlaqələri və regional sabitliyə ortaq bağlılığı bölüşürük. Bu münasibətlərdən imtina etmək nə mümkündür, nə də məqsədəuyğundur.
Eyni zamanda, Pakistan müxtəlif regional güclərlə fərqli münasibətləri idarə etməlidir — bu, strateji yetkinliyin mahiyyətidir. “Məkkə Sazişi” mahiyyət etibarilə İrana qarşı yönəlməyib. Əksinə, bu, üç ölkənin ortaq təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq etmək barədə razılaşmasıdır.
İranın mümkün narahatlıqlarını necə idarə edə bilərik? Bunun bir neçə yolu var:
Birincisi, şəffaflıq və dialoq vasitəsilə. Biz İrana fəal şəkildə çatdırmalıyıq ki, bu saziş heç bir ölkəni kənarda qoymaq məqsədi daşımır və İrana qarşı mühasirə mexanizmi kimi nəzərdə tutulmayıb. Pakistan diplomatik kanallar vasitəsilə aydın şəkildə bildirə bilər ki, İranla ikitərəfli əməkdaşlığa sadiq qalır və sazişin məqsədi hər hansı konkret ölkəni hədəfə almaq deyil, ümumi regional sabitliyi təmin etməkdir.
İkincisi, sazişin öz strukturu və ifadə tərzi vasitəsilə. “Məkkə Sazişi” ortaq çağırışlar — terrorla mübarizə, dəniz təhlükəsizliyi və iqtisadi inkişaf — üzrə inklüziv əməkdaşlığı vurğulayan şəkildə formalaşdırıla bilər və formalaşdırılmalıdır. Bunlar həm İrana, həm də Səudiyyə Ərəbistanı və Türkiyəyə təsir edən məsələlərdir. Saziş mütləq “sıfır məbləğli oyun” kimi təqdim edilməməlidir.
Üçüncüsü, Pakistan İranla tamamlayıcı əməkdaşlıq imkanlarını fəal şəkildə axtara bilər. Pakistan İranla oxşar məqsədlərə xidmət edən ikitərəfli və ya çoxtərəfli mexanizmlər təklif edə bilər — terrorla mübarizədə əməkdaşlıq, dəniz təhlükəsizliyi və ticarətin asanlaşdırılması kimi istiqamətlərdə. “Məkkə Sazişi”nin mövcudluğu bu münasibətlərin qarşısını almır; əksinə, onları tamamlayır.
Dördüncüsü, İranın legitim təhlükəsizlik maraqlarını qəbul etməliyik. İran mühasirəyə alınmaq, sanksiyalar və daxili işlərinə müdaxilə ilə bağlı real narahatlıqları olan böyük regional gücdür. Pakistan Səudiyyə Ərəbistanı və Türkiyə ilə əməkdaşlıq etdiyi halda belə, daha geniş regional müzakirələrdə İranın legitim maraqlarının nəzərə alınmasına çağırış edən tərəf ola bilər.
Qeyd etmək lazımdır ki, bu cür çoxşaxəli diplomatiya yeni deyil. Pakistan uzun müddətdir Səudiyyə Ərəbistanı, İran, İraq və regionun digər ölkələri ilə eyni vaxtda münasibətlər saxlayır. Burada əsas məsələ şəffaf kommunikasiya, ardıcıl siyasət prinsipləri və hər hansı regional gücə qarşı alətə çevrilməmək istiqamətində səmimi iradənin mövcudluğudur.
Uzunmüddətli perspektivdə ən sabit Yaxın Şərq İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və digər ölkələrin daim rəqabət aparmaq əvəzinə, ortaq problemlərin həlli üçün birlikdə çalışdığı bir region olardı. “Məkkə Sazişi” bu baxışdan uzaqlaşan deyil, əksinə, həmin baxışa doğru atılan bir addımdır”.
“Məkkə Sazişi” hazırkı formasında bir təməl rolunu oynayır:
“Uzunmüddətli perspektivdə məqsəd müxtəlif regionlardakı əsas müsəlman çoxluqlu ölkələri əhatə edən inklüziv təhlükəsizlik çərçivəsinin yaradılması olmalıdır. Potensialı nəzərdən keçirək: Malayziya və İndoneziya Cənub-Şərqi Asiyada əhəmiyyətli dəniz imkanlarına və nüfuza malik böyük gücləri təmsil edir. Misir Süveyş kanalına gedən strateji keçiddir və ərəb dünyasında tarixi liderlərdən biridir. Banqladeş mühüm iqtisadi və demoqrafik gücə çevrilməkdədir. Nigeriya və Afrikanın digər müsəlman çoxluqlu ölkələri böyük iqtisadi potensiala malikdir. Hətta Mərkəzi Asiya respublikaları — Qazaxıstan və Özbəkistan — əməkdaşlıq üçün hələ tam istifadə olunmamış imkanlar təqdim edir.
Daha geniş çərçivə bir sıra ortaq çağırışlar üzrə koordinasiyanı təmin edə bilər:
Dəniz təhlükəsizliyi: Hörmüz boğazından Hind okeanına, oradan da Malakka boğazına qədər müsəlman çoxluqlu ölkələr piratçılıq, qaçaqmalçılıq və dəniz terrorizminə qarşı əlaqələndirilmiş hərbi-dəniz mövcudluğu və kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi yarada bilərlər.
Terrorla mübarizə: Ekstremist təşkilatların yaratdığı təhdid dövlət sərhədləri tanımır. Müsəlman çoxluqlu ölkələr arasında əlaqələndirilmiş kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi bizim dəyərlərimizi və maraqlarımızı bölüşməyən qeyri-müsəlman güclərlə qurulan mexanizmlərə güvənməkdən daha səmərəli ola bilər.
İqtisadi əməkdaşlıq: Pakistanın təşəbbüsünü irəli sürdüyü BRISD təşəbbüsü məhz belə bir çərçivədir — müsəlman çoxluqlu ölkələri inkişaf, infrastruktur və dayanıqlı artım ətrafında bir araya gətirmək məqsədi daşıyır. Təhlükəsizlik və iqtisadi əməkdaşlıq bir-birindən ayrı deyil, inteqrasiya olunmuş şəkildə həyata keçirilməlidir.
Diplomatik koordinasiya: BMT Təhlükəsizlik Şurasında, beynəlxalq forumlarda və ikitərəfli danışıqlarda müsəlman çoxluqlu ölkələr ortaq maraqlarımızı irəli sürən vahid mövqe nümayiş etdirə bilər. Bu, xarici güclərin rəğbətini qazanmaq üçün bir-biri ilə rəqabət aparmaqdan daha məqsədəuyğundur.
Dini və mədəni dialoq: Təhlükəsizlikdən əlavə, daha geniş platforma İslam elmləri, təhsil və mədəni mübadilə sahələrində dialoqun inkişafına imkan yarada bilər və bununla da müsəlman dünyasını birləşdirən bağları gücləndirər.
Bunun həyata keçirilməsi üçün yol aydındır: “Məkkə Sazişi”ni sınaqdan çıxmış bir model kimi əsas götürmək. Ortaq problemlər üzrə konkret əməkdaşlıq vasitəsilə uğur nümayiş etdirmək. Daha sonra diplomatik əlaqələr yolu ilə digər əsas müsəlman çoxluqlu ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət etmək. Əsas məsələ genişləndirilmiş çərçivənin həqiqi bərabərhüquqlu tərəfdaşlıq prinsipini qorumasıdır — bir ölkənin dominantlıq etdiyi hegemon struktur deyil, dövlətlərin həqiqi birliyi yaradılmalıdır.Müsəlman dünyasının insan kapitalı, iqtisadi resurslar, hərbi imkanlar və mənəvi nüfuz baxımından böyük potensialı var. “Məkkə Sazişi” bu potensialın sülh, sabitlik və ortaq rifah naminə səfərbər edilməsinin başlanğıcıdır”.
Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov bildirib ki, Azərbaycanın “Məkkə Sazişi”nə qoşulması ilə bağlı hər hansı ehtimalı dəyərləndirərkən, ilk növbədə ölkənin formalaşdırdığı təhlükəsizlik strategiyasını və xarici siyasətdə tətbiq etdiyi balanslaşdırılmış yanaşmanı nəzərə almaq lazımdır:
“Azərbaycan regionda və dünyada gedən prosesləri diqqətlə izləyir və öz təhlükəsizlik arxitekturasını ətrafındakı geosiyasi reallıqlara uyğun şəkildə formalaşdırır. Burada xüsusilə Azərbaycanın yerləşdiyi coğrafiyanın mühüm xüsusiyyətini qeyd etmək lazımdır. Azərbaycan Rusiya, Türkiyə və İran kimi regional və qlobal siyasətdə ciddi təsir imkanlarına malik dövlətlərlə qonşudur. Bu dövlətlərin hər birinin Azərbaycanın təhlükəsizliyi, iqtisadiyyatı, nəqliyyat-kommunikasiya imkanları və xarici siyasəti baxımından xüsusi əhəmiyyəti var. Buna görə də Azərbaycanın hər hansı beynəlxalq və ya regional təhlükəsizlik təşəbbüsünə qoşulması yalnız həmin təşəbbüsün siyasi məqsədləri baxımından deyil, onun Bakı üçün yarada biləcəyi uzunmüddətli öhdəliklər baxımından da qiymətləndirilir.
Xüsusilə İran məsələsi burada diqqətəlayiqdir. Bu gün İranın ABŞ, İsrail və digər aktorlarla ciddi siyasi və təhlükəsizlik problemləri mövcuddur. Azərbaycan isə İranla uzun dövlət sərhədinə malikdir. Bundan əlavə, İran ərazisində milyonlarla azərbaycanlının yaşaması da münasibətlərin həssaslığını artıran amillərdən biridir. Eyni zamanda İran Azərbaycanın iqtisadi və regional əlaqələrində də əhəmiyyətli qonşu dövlət olaraq qalır. Bu səbəbdən Azərbaycanın Yaxın Şərqdə formalaşan istənilən yeni təhlükəsizlik mexanizminə münasibəti yalnız siyasi həmrəylik prizmasından müəyyən edilə bilməz”.
Siyasi şərhçi “Məkkə Sazişi”nin mahiyyətinin, eləcə də gələcək inkişaf istiqamətlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib:
“Mənim fikrimcə, bu təşəbbüsə qoşulmaq ehtimalı ilk növbədə ərəb və müsəlman ölkələri üçün daha yüksək ola bilər. Çünki həmin dövlətlərin bir çoxunun regional təhlükəsizlik məsələlərində bir-birinə daha yaxın maraqları və ortaq problemləri mövcuddur. Azərbaycanın isə belə bir mexanizmə qoşulması məsələsinə daha ehtiyatlı yanaşacağını düşünürəm. Çünki Azərbaycanın hazırkı təhlükəsizlik arxitekturası çoxvektorlu və balanslaşdırılmış xarici siyasət üzərində qurulub. Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərində manevr imkanlarını qorumağa çalışır. Bu baxımdan hər hansı yeni təhlükəsizlik paktına qoşulmaq Azərbaycanın üzərinə gələcəkdə əlavə siyasi və strateji öhdəliklər qoya bilər.
Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri də öhdəliklərə seçici yanaşmasıdır. Bakı hər hansı beynəlxalq təşəbbüsə yalnız siyasi baxımdan faydalı olduğu üçün qoşulmur. Burada həmin addımın gələcəkdə ölkənin təhlükəsizliyinə, regional münasibətlərinə və digər dövlətlərlə əlaqələrinə necə təsir göstərə biləcəyi də nəzərə alınır”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
17:50 / 11 Avqust 2026
31
17:31 / 11 Avqust 2026
41
17:28 / 11 Avqust 2026
44
17:18 / 11 Avqust 2026
47
17:03 / 11 Avqust 2026
66
16:55 / 11 Avqust 2026
70
16:38 / 11 Avqust 2026
387
16:38 / 11 Avqust 2026
59
16:31 / 11 Avqust 2026
65
15:58 / 11 Avqust 2026
793
15:57 / 11 Avqust 2026
101
15:55 / 11 Avqust 2026
65
15:42 / 11 Avqust 2026
62
15:26 / 11 Avqust 2026
70
15:09 / 11 Avqust 2026
234
14:50 / 11 Avqust 2026
87
14:48 / 11 Avqust 2026
82
14:24 / 11 Avqust 2026
87
14:05 / 11 Avqust 2026
148
14:00 / 11 Avqust 2026
82
13:59 / 11 Avqust 2026
87
13:57 / 11 Avqust 2026
83
13:45 / 11 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.