Qaynar xətt:

(+99450) 247 90 86

Kitabxanaçıları nə gözləyir? — Akademiklə MÜZAKİRƏ

Kitabxanaçıları nə gözləyir? — Akademiklə MÜZAKİRƏ

CƏMİYYƏT

95

11.06.2026, 13:08

Milli Məclisin Mədəniyyət komitəsinin keçirdiyi “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusundakı ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli olduqca vacib məqamlara toxunub. Nazir bildirib ki, kitabxana sahəsində də yalnız ali təhsilli şəxslərin bu prosesə cəlb olunması ana hədəflərdən biridir. O, hazırda kitabxana sistemində bu sahəyə aidiyyəti olmayan və qeyri-peşəkar ixtisas sahibi olan şəxslərin fəaliyyət göstərməsini təəssüf doğuran məqam kimi qiymətləndirib. 

Kitabxana sahəsində kadr keyfiyyətinin yüksəldilməsi və yalnız ali təhsilli mütəxəssislərin bu prosesə cəlb olunması müasir dövrün ana hədəflərindən biridir. Bəs rəqəmsallaşan dünyada bu sahəni gənclər üçün necə cəlbedici etmək olar və bu gün mövcud olan problemlərin kökündə nə dayanır?

Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov mövzu ilə bağlı Oxu24.com-a açıqlama verib. 

Akademik sahənin gələcəyi, idarəetmə islahatları və qurumlararası inteqrasiya barədə vacib məqamlara toxunub.

“Maddi təminatı düzəltsək də, oxucu gələcəkmi”?

Kitabxanaların müasir tələblərə tam cavab vermədiyini bildirən Nizami Cəfərov, bu tələblərin hələ ki dəqiq formalaşmadığını vurğulayıb:

“Burada söhbət ondan gedir ki, kitabxanalar müasir tələblərə ümumiyyətlə cavab vermir. Amma bu müasir tələblər nədən ibarətdir? Biz bunu da, yəni kitabxana işçiləri, peşəkarlar, eləcə də bu sahənin bu və ya başqa şəkildə mütəxəssisləri də – bütün belə yerli xüsusiyyətlərə uyğun təfərrüatı ilə bilmirik. Yəni sadəcə müəyyən təcrübələr keçilir”.

Akademik qeyd edib ki, hazırda əsas tələblər kitabların mövzu müxtəlifliyi, oxu şəraiti və işçilərin əməkhaqqının artırılması üzərində qurulub. Lakin onun fikrincə, problem təkcə bununla bitmir:

“Tutaq ki, o rəqəmsallıq da təmin olunsun, kitabxana elə bir obyekt olsun ki, oradan hər ev üçün əlçatan olsun orada olan ədəbiyyatdan istifadə edilsin. Axı dünyanın özündə də kitabxanalar arasında rəqabət gedir. Heç də bütün kitabxanalardan bütün kitabları alıb oxuculara təqdim etmək imkanı yoxdur. Ona görə də bu sahədə çoxlu suallar, problemlər var”.

“Milli Kitabxanada və universitetlərdə vəziyyət yaxşıdır"

Müzakirələrin konkret hədəflərə yönəlməsinin vacibliyini qeyd edən akademik, Azərbaycan reallığında müsbət nümunələrin olduğunu da diqqətə çatdırdı. O, Milli Məclisdəki son iclaslarda bu məsələnin xüsusi qeyd edildiyini bildirdi:

“Bugünkü Azərbaycan reallığı və o reallıqdan istifadə edərək normal bir kitabxana sistemi yaratmaq daha çox maraqlıdır. İndi bizim elə kitabxanalarımız var ki, oxucuların ixtiyarındadır və bu kitabxanalardan lazımi səviyyədə istifadə olunur. Dünənki müzakirələrdə, Milli Məclisdə olan müzakirələrdə o kitabxanaların adı çəkildi. Deyək ki, məsələn, bizim Milli Kitabxanadır, Akademiyanın kitabxanasıdır, universitetlərimizin çoxunun kitabxanalarıdır, bunlarda vəziyyət yaxşıdır. Hər halda müasir tələblərə cavab verir”.

Nazirliklərə birgə çağırış: “Kitabxanalar birləşdirilməlidir”

Sahədə cəlbediciliyin artırılması və elektron kitab formatının inkişafı üçün struktur islahatlarına ehtiyac olduğunu deyən N.Cəfərov, bu istiqamətdə irəli sürülən yeni və səmərəli bir təklifi açıqlayıb:

“Məsələn, bir yaxşı yol təqdim olundu, təklif olundu ki, Elm və Təhsil Nazirliyinin nəzdində olan kitabxanalarla Mədəniyyət Nazirliyinin nəzdində olan kitabxanaların ya birləşməsi, ya qarşılıqlı əlaqələndirilməsi təmin olunmalıdır. Əgər, bir kənddə yaxşı bir məktəb kitabxanası yaratmaq mümkündürsə, amma kəndin, ya bələdiyyənin, ya icra orqanının belə bir kitabxanasını yaratması mümkün deyilsə, onda bu kitabxana məktəbdə birləşdirilməlidir. Çünki əsas oxuyanlar, təbii ki, orta məktəb şagirdləridir”.

Akademik eyni yanaşmanın rayon mərkəzlərində də tətbiq edilə biləcəyini vurğulayıb. N.Cəfərov  universitet və ya onların filiallarının geniş imkanlarından digər oxucuların da yararlanmasının mümkünlüyünü qeyd edib: 

“Rayon mərkəzlərində universitetlərimiz var, ya universitetlərimizin filialları var. Belə olan halda digər başqa oxucular da oradan istifadə eləyə bilərlər. Çünki orada bu mühiti yaratmaq asandır”.

Çimnaz Telmanqızı