Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: “Məhkəmələrin iş yükü yalnız cinayət işləri ilə məhdudlaşmır”…  

Zahid Oruc: “Məhkəmələrin iş yükü yalnız cinayət işləri ilə məhdudlaşmır”…  

CƏMİYYƏT

65

26.05.2026, 14:59

Yeni hakimlərin seçilməsi və yerdəyişmələrə dair məsələ kadr təyinatları sayılsa da, ədalət mühakiməsinin keyfiyyəti, məhkəmə qərarlarına ictimai etimad və vətəndaşların dövlətlə münasibətində ən həssas sahələrdən biri kimi həmişə aktuallığını saxlayır. Çünki qərarlar dövlətin adından çıxarılır.

Bu sözləri deputat Zahid Oruc Milli Məclisdəki çıxışı zamanı bildirib.

Avropa Şurasının “Avropada həbsxanalar və məhbuslar” üzrə 2025-ci il hesabatı da göstərir ki, Azərbaycanda hər 100 min nəfərə düşən məhbus sayı 271 nəfər, cəzaçəkmə müəssisələrinin doluluq səviyyəsi isə 100 yerə qarşı 98 nəfərdir. Göstəricilər cəza siyasətinə, alternativ cəza mexanizmlərinə və məhkəmə təcrübəsinə daha diqqətli yanaşmanı zəruri edir. Ölkəmizdə kriminogen durumun sabitliyi, o cümlədən, əvf və amnsitiya institututlarının aktiv fəaliyyəti həmin rəqəmlərin necə yarandığını dərindən təhlil etməyi tələb edir.

Son illərdə mühüm islahatlar aparılıb. Probasiya Xidmətinin yaradılması, elektron nəzarət vasitələrinin tətbiqi, azadlıqdan məhrumetməyə alternativ mexanizmlərin genişləndirilməsi cəza siyasətində humanist yanaşmanı gücləndirib. Lakin əsas prinsip dəyişməməlidir: həbs ən son tədbir olmalıdır. Az ağır və ictimai təhlükəsi böyük olmayan cinayətlərdə cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması, probasiya və elektron nəzarət imkanlarından daha geniş istifadə edilməlidir.

2025-ci ilin məhkəmə-hüquq statistikası da ciddi nəticələr çıxarmağa imkan verir. 2024-cü ildə məhkum olunmuş şəxslərin sayı 15 885 nəfər olduğu halda, 2025-ci ildə həmin rəqəm 13 846 nəfərə enib. Yəni, 12,8 faiz azalma var. Lakin struktur təhlilləri göstərir ki, bəzi sahələrdə artım var. Mülkiyyət əleyhinə cinayətlər üzrə məhkum olunanların sayı 3431 nəfərdən 3680 nəfərə yüksəlib. Narkotik vasitələrlə bağlı cinayətlər üzrə isə 5683 nəfər məhkum olunub və həmin kateqoriya ümumi məhkumların 41 faizini təşkil edir.

Deməli, ümumi azalma müsbət göstərici olsa da, sosial-iqtisadi münasibətlərə, mülkiyyət hüququna və narkotiklərlə mübarizəyə dair məsələlər ayrıca diqqət tələb edir. Xüsusilə, narkotik istifadəçisi ilə narkotik ticarətçisinə eyni yanaşma tətbiq edilməməlidir. Asılılıqdan əziyyət çəkən şəxslər üçün müalicə və reabilitasiya mexanizmləri genişləndirilməli, satış və mütəşəkkil dövriyyəsi ilə məşğul olanlara qarşı sərt mübarizə davam etdirilməlidir.

Cəza siyasətində balans məsələsi də önəmlidir. 2025-ci ildə məhkum olunanların 58,1 faizi müəyyən müddətə azadlıqdan məhrum edilib. Həmin göstərici alternativ cəzaların tətbiqi barədə daha dərindən düşünməyə əsas verir. Əgər məqsəd yalnız cəza verməkdirsə, həbs kifayət edə bilər. Amma məqsəd təkrar cinayətkarlığın qarşısını almaqdırsa, probasiya, reabilitasiya, sosial dəstək və nəzarət mexanizmlərinin daha səmərəli işləməsi nıticələər birbaşa təsir edir.

Məhkəmələrin iş yükü yalnız cinayət işləri ilə məhdudlaşmır. Birinci instansiya məhkəmələrində inzibati xətalar üzrə baxılmış işlərin sayı 2024-cü ildə 112 021 olduğu halda, 2025-ci ildə 133 046-ya çatıb. Artım 18,8 faizdir. Belə dinamika hakimlərin gündəlik iş yükünü artırır, proseslərin operativliyi və qərarların keyfiyyəti baxımından əlavə çətinliklər yaradır.

Mülki və kommersiya mübahisələri də məhkəmə sisteminin üzərində əlavə öhdəliklər və tələblər yaradır. 2025-ci ildə birinci instansiya məhkəmələrində 167 310 mülki işə baxılıb, iddiaların 95,1 faizi təmin edilib. Kommersiya mübahisələrində həmin göstərici 92,2 faiz, inzibati mübahisələrdə isə 79, 2 faiz olub. Rəqəmlər göstərir ki, vətəndaşlar və hüquqi şəxslər məhkəməyə fəal müraciət edir. Sual yaranır: əgər iddiaların böyük hissəsi təmin olunursa, deməli, mübahisələrin xeyli hissəsi məhkəməyə qədər mərhələdə düzgün həll edilmir. İnzibati orqanlar, müqavilə tərəfləri, sahibkarlıq subyektləri və digər institutlar hüquqi məsuliyyəti vaxtında və düzgün yerinə yetirmədikdə yük məhkəmələrin üzərinə düşür. 

Ən vacib məsələlərdən biri isə apellyasiya və kassasiya göstəriciləridir. Cəmiyyət bilməlidir: birinci instansiya məhkəmələrinin qərarlarının neçə faizi yuxarı instansiyalarda qüvvədə saxlanılır, neçə faizi dəyişdirilir, neçə faizi ləğv olunur? Nəticələrin məxfi olmadığı üçün açılması faydalı olardı.

Ali Məhkəmənin işinin yüksək nəticələrini, xüsusilə şəffaflıq və elektron məhkəmə sisteminin gücləndirilməsi üçün atılan addımları, həmçinin hakimlərinin müstəqilliynin gücləndirilməsində Məhkəmə-Hüquq Şurasının fəaliyyətini təqdir edirik.

Hakimlərin sayı və iş yükünün də ayrıca qiymətləndirilməsinə ehtiyac var. Əhalinin 100 min nəfərinə düşən hakim sayı, bir hakimə düşən işlərin həcmi, qərarların yazılması üçün real vaxt və məhkəmə aparatının imkanları qərarların keyfiyyətinə birbaşa təsir edir. 

Ona görə də hakimlərə uğur diləyir, Vətən müharibəsində Qələbə qazanan bir xalqın ədalətdən də hər zaman zəfər gözlədiyini unutmamalarını arzulayırıq.

Miri Məcidli