Qaynar xətt:

(+99450) 247 90 86

BDU-da "Dilimizin güzgüsü: Media" mövzusunda tədbir keçirilib - MÜZAKİRƏ  

BDU-da \"Dilimizin güzgüsü: Media\" mövzusunda tədbir keçirilib - MÜZAKİRƏ  

CƏMİYYƏT

37

28.09.2026, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetində “BDU könüllüləri" təşkilatının Filologiya və Jurnalistika fakültələri üzrə könüllülərinin birgə əməkdaşlığı ilə "Dilimizin güzgüsü: Media" adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, həmçinin gənc jurnalistlər və filoloqlar iştirak ediblər. Təşkil olunan görüşün əsas məqsədi kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin qorunması və mediada qarşıya çıxan dil qüsurlarının təhlil edilməsidir. Tədbir çərçivəsində çıxış edən ekspertlər media məkanında dil normalarının pozulması səbəblərinə və bu istiqamətdə görülməli olan vacib işlərə diqqət çəkiblər. Natiqlər gənc jurnalistlərin dil biliklərinin artırılmasının və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinin vacibliyini xüsusi vurğulayıblar. Diskussiya formatında davam edən tədbirdə izahlı lüğətlərin yenilənməsi və mediada üslub təmizliyinin təmin olunması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və dilimizin mediada düzgün tətbiqi ilə bağlı mühüm təkliflər səsləndirilib.

Tədbirdə qonaq qismində çıxış edən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçilik kafedrasının müəllimi Pərvin Eyvazov orfoqrafiya qaydaları və lüğət tərkibindəki mövcud problemlərə toxunub. O bildirib ki, orfoqrafiya qaydalarında məntiqə əsaslanan sadələşdirmələr aparılmasına ehtiyac var:

"Bəzən elə xırdalıqlar olur ki, qaydanı xatırlamaq üçün yenidən lüğətə baxmalı oluruq. Məsələn, mənbə dildə təkhecalı olan sözlərin dilimizdə bir və ya iki heca ilə yazılması qaydasında müəyyən ziddiyyətlər var; 'səbir' sözü 'i' ilə, 'sədr' sözü isə 'i'-siz yazılır. Bunun üçün aydın metodoloji izah olmalıdır. Həmçinin izahlı lüğətlərimiz də yenilənməlidir, çünki dil sürətlə dəyişir və artıq işlənməyən, köhnəlmiş sözlər lüğətlərdə qalmaqdadır".

P.Eyvazov vurğulayıb ki, jurnalistika nöqteyi-nəzərindən əsas məsələ dilin özü deyil, dili yaxşı bilməyənlərin önə çəkilməsidir:

"Biz dili bilməyən adamları qabağa çəkdikcə Azərbaycan dilində problem axtarmamalıyıq. Əsas məsələ kadr hazırlığıdır, peşəkar və dili kamil bilən şəxslər öndə olmalıdır. Mediada ləhcə və dialektlərin kütləviləşməsi dilçinin yox, kadr hazırlığının problemidir. Biz diqqətimizi yalnız tələffüz və orfoqrafiyaya yox, mediaya daxil olan yeni ifadələrin, səslənən fikir və cümlələrin məzmununa, onların həqiqi mənaya nə dərəcədə cavab verməsinə, dilin semantik imkanlarına yönəltməliyik".

Daha sonra çıxış edən BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova dilin yalnız qaydalardan ibarət olmadığını, onu hiss etməyin vacibliyini qeyd edib. O, bəzi media orqanlarında etik və mənəvi normalara sığmayan başlıqların verilməsini tənqid edib:

"Kütləvi informasiya vasitələrində işləyənlər dili duymalı və hiss etməlidirlər. Bəzi ifadələrin tirajlanması yolverilməzdir. Çünki media gənc nəsil üçün modeldir. Tələbə xətanı televiziyada, mediada görür və onu təkrar edir".

X.Hüseynova nitq mədəniyyətinin formalaşmasında iki ana amilin – doğru danışıq texnikası və intellektual səviyyənin rolunu xüsusi qeyd edib:

"Doğru fikri olanın doğru nitqi olar. İntellekt və dünyagörüşü yetərli olmadıqda, yalnız danışıq texnikası ilə zəngin nitq qurmaq mümkün deyil. Bir daha vurğulamaq istəyirəm ki, jurnalist ekran qarşısındadırsa, ictimaiyyətə xəbər və analitik material təqdim edirsə, ləhcə ilə danışması bağışlanılmazdır. Dialekt yalnız hansısa bədii personajı canlandırarkən işlənə bilər, digər hallarda isə ədəbi dil normalarına tam əməl edilməlidir".

Çimnaz Telmanqızı