Qaynar xətt:

(+99450) 247 90 86

DAHİ – Şəmsi Vəfadarın YAZISI  

DAHİ  – Şəmsi Vəfadarın YAZISI  

CƏMİYYƏT

67

16.03.2026, 15:17

Mən ona nə müəllim deyirdim, nə də bəy. Elə ilk ünsiyyətimiz yaranan gündən ona belə müraciət edirdim... Dahi. Sonralar müştərək dostlarımız hamısı – Oqtay Rza, Qulu Məhərrəmov, Ənvər Əhməd, Ramiz Məmmədzadə, Fazil Rəhmanzadə, Sərvaz Hüseynoğlu, Dayandur Sevgin, Sabir Abdin, Yusif Nəğməkar, Ramiz Bahadıroğlu,Mübariz Süleymanlı və digərləri də onu öz adı ilə deyil, mənim dilimlə elə Dahi deyə çağırırdılar. Amma, sözün əsl mənasında kişi doğrudan da elə dahi idi. O, dahiliyini bütün tərəfləri ilə sübut etmişdi. Söhbət  Dövlət Mükafatı Laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədən gedir. 

Yaxşı xatırlayıram, Xalq şairi Zəlimxan Yaqubun 65  illik yubliyi idi. N.Şəmsizadə və mən də rəsmi tədbirdən sonrakı ziyafətə dəvət edilmişdik. Unutmuşam, hansısa səbəbdən 2 saatdan artıq ziyafətə gecikdik. Biz zala daxil olanda məclis artıq sovulurdu. Zəlimxan Yaqub özü bizi qarşıladı. Onlar Yeni Yasamalda Yazıçılar Birliyinin verdiyi mənzildə qonşu olmuşdular. Demək olar, bütün masalar dolmuşdu. Oturmağa yer belə yox idi. 10 dəqiqəyə yaxın ayaqüstə gözlədik. Bizim üçün ucqar bir yerdə tələm-tələsik ayrıca stol açdılar. N.Şəmsizadə gülümsünərək üzünü mənə tutdu: “Sən heç narahat olma, 15 dəqiqədən sonra bu stolun ətrafında yer olmayacaq, bura mərkəzə çevriləcək”. Doğrudan da elə oldu. Nizami Cəfərov, Şirindil Alışanov, Əsəd Cahangir, Qurban Bayramov, Sərvaz Hüseynoğlu, Əlizra Xələfli, Asif Rüstəmli, Fuad Poladov, Ramiz Əzizbəyli və  digər tanınmış şəxslər bizim masaya onun başına toplaşdılar. 

Mənim düşüncəmə görə insanlar 2 yerə bölünür, tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər. Mənə elə gəlirdi,O,hər gün kamilləşirdi,abidləşirdi.Demək olar ki, hər gün səhər saatlarında O, mənə, ya da mən ona zəng edərdim. Telefonun o başından səsi gələn kimi zarafatla bu bəndi söyləyərdim: 

İndi oxucuma xəbər verim mən, 

Dahilər dahisi Şəmsizadədən.

Qubada, İspikdə dünyaya gəldi,

Onun əsərləri qızıldı, ləldi... 

Xeyli gülürdü və deyirdi: Gəl sən mən deyənə qulaq as, bu bəndi proqramlaşdırıb, sənin və mənim telefonuma yazdıraq. Sənin də canın qurtarsın, mənim də... 

Hər günün əksər hissəsini biz birlikdə keçirdik. Mən həyatda ondan çox şey öyrənmişəm. Mənim adım onun soyadı idi. Bəlkə də elə bu səbəbdən bəziləri bizi qohum bilirdilər. Amma, bizim münasibətlərimiz ən doğma qohumdan da yaxın və isti idi. O söhbətləri zamanı mənə dəfələrlə demişdi ki, bilmirəm, sən mənim kiçik qardaşımsan, yoxsa böyük oğlum? Bu iki fərd kimi  mənə yaxınsan. 

Onun bu sözləri mənim yaddaşıma əbədi həkk olunub. Uşaqlıq və gənclik illərindən, ötüb keçənlərdən, ünsiyyətdə olduğu insanlarla (Mircəlal Paşayevlə, Vilayət Quliyevlə, Vaqif Kərimovla, Aydın Məmmədovla, Dilarə Əliyevayla, Rəşad Məcidlə, İsa Həbibbəyli ilə, Elçinlə, Timuçin Əfəndiyevlə, Gülşən Kəngərli və Arif Əmrahoğlu  ilə) bağlı mənə xatirələr danışardı. Mənə elə gəlir, hər kəs onu tanıyan sonuncu insan ölənə qədər yaşayır. Ş Şəmsizadənin isə tanıyanların sayı hər gün, hər saat, hər dəqiqə artır. Ümumiyyətlə, mən belə hesab edirəm ki, N.Şəmsizadə kimi insanların məzar daşlarında vəfat etdikləri tarixi yazmaq düzgün deyil, ona görə ki, belə insanlar ölmürlər axı... Onları ölmüş saymaq olmaz. N.Şəmsizadə mənim üçün, onun qədirbilən dostları üçün ailəsi üçün heç zaman ölə bilməz. Şəxən mən belə hesab edirən ki, O, ölməyib. Sadəcə cismi bizimlə deyil. Mənəvi varlığa qovuşub. Ruhu hər an bizimlədir onun. Düşünürəm ki, N.Şəmsizadə yaşayır, nə qədər biz varıq, bu millət var, xalq var, nə qədər Azərbaycan var, o da olacaq, o da yaşayacaq. Mən addımbaşı onunla rastlaşıram: küçədə, xiyabanda, parkda, evlərinin yanında, kitabxanada, məsliclərdə... Hər gün xatırlayıram, yadıma salıram, yuxuda görürəm... Onun fikirlərindən sitatlar gətirirəm. Mən onu necə unuda bilərəm axı? Mən onu istəsəm belə unuda bilmərəm. Söhbətləri zamanı tez-tez təkrar edirdi ki, insan yalnız unudulanda ölə bilər. Unudulmaq ölmək deməkdir. Bir də ata-anası, uşaqlıq illəri barədə mənə çoxlu xatirələr danışardı, danışdıqca özü də mənə qoşulub ürəkdən gülərdi. Uşaqlaq illərini detalları ilə təsəvvür edib, nöqtəsinə qədər elə danışardı ki, özümü həmin mühitdə, Qubanın ucqar dağ kəndi İspikdə hiss edirdim. Kənd evinin özünəməxsus ətri, təndir çörəyinin tamı, həyəti bürümüş samanlıq qoxusu, dağlardan süzülüb gələn çayın şırıltısı, əyri-üyrü, daşlı-kəsəkli kənd yolları, neftlə işləyən çırağın torpaq döşəməli evi necə şölələnldirməsi, odun-ocağın tüstüsünün divarlara hopması,həyətləri bir-birindən ayıran çırpıdan hörülmüş çəpər,axşamüstü naxırdan qayıdan mal-qaranın,qoyun-quuznun mələşməsi... O deyirdi ki, Allahın buyurduqlarını sevərək icra etmək lazımdır, qorxaraq yox. Cəhənnəm qorxusu və ya hər hansı qadağalar bir adamı yaxşı olmağa vadar edirsə, demək o adamın pisdən heç bir fərqi yoxdur. 

Belə bir deyim var: işlətdiyi günahları ört-basdır edənlərlə hər gün rastlaşıram. Amma etdiyi yaxşılıqları gizlədən görmədim. Amma mən N.Şəmsizadənin timsalında görmüşəm. 

Dəfərlələ şahidi olmuşdum ki, onunla tədbirdə və ya hansısa məclisdə olarkən kimsə yaxınlaşıb, nə zamansa etdiyi yaxşılığın müqabilində ona minnətdarlıq bildirib. Hiss etmişəm ki, N.Şəmsizadə o adamı tanımayıb və bəlkə də heç xatırlamayıb da... Ona görə xatırlamayıb ki, o etdiyi yaxşılığı məqsədli etməyib, qarşı tərəfdən umacağı olmayıb. 

Birlikdə rayonlara tez-tez işgüzar səfərlər edərdik. Biz bir dəfə onunla Ağcabədiyə tanınmış şair Ənvər Əhmədin bacısının yas mərasiminə gedirdik. Maşını mən idarə edirdim. İmişlinin Bəhramtəpə qəsəbəsindən keçərkən avtomobili mənə saxlatdırdı. Tikanlı məftillərlə əhatələnmiş sərhəd dirəklərinə yaxınlaşdı. 20 dəqiqədən çox gözləri yaşla dola-dola o taya baxdı. Üzü Təbrizə sarı ağaya-ağlaya salavat çevirdi. Maşına oturub, hönkürdü. Uca səslə uşaq kimi ağladı. Onu tanıdığım 20 il ərzində heç vaxt belə görməmişdim. Maşındakılar Ramiz Məmmədzadə, Oqtay Rza, Fazil Rəhmanzadə və mən ona qoşulub ağladıq. Ağcabədiyə çatana qədər hamı kədər içində susdu. Heç kim danışmadı. Hüzür sahibləri bizi kövrəlmiş gözüyaşı görüb məsələnin nə yerdə olduğunu anlamadılar. Boynumuzu qocaqlayıb, onlar da kövrəldilər. 

Üsyan etmək başqa şeydir, bəyənməmək tamam başqa şey. Onun bəyənmədiyi, qəbul etmədiyi konkret adamlar və xüsusiyyətlər mövcud idi. O iftiranı, yalanı, riyakarlığı qəbul etmirdi. İti qılınc kimi idi. Onu kiminsə üzünə yalandan gülən görmədim. Vəzifəsindən və mövqeyindən asılı olmayaraq adamlar onun üçün ya var idi, ya da yox...

Son gününə qədər də belə oldu. Onun mövqeyindən hansısa danışıq və ya güc yolu ilə döndərmək mümkün deyildi. Məhz, bu xarakterinə görə onu qəbul etməyənlər də var idi. Sirr deyil ki,insanların əksəriyyəti, xüsusən ixtiyar sahibləri düz danışan insanları, bir sifəti olanları sevmirlər axı... Deyirdi, mən döyüşə qalib gəlmək üçün girmirəm, vuruşmaq üçün girirəm. 

Azərbaycan Mili Elmlər Akademiyasına müxbir üzvü olmaqdan ötrü iki dəfə seçkilərdə iştirak etdi. Ondan qat-qat aşağıda olanlar, aztanınmışlar vaxtilə doktorluq işlərini N.Şəmsizadənin yazdığı adamlar “seçildi”. Ona imkan vermədilər. Özü mənə demişdi ki, bu işlərin arxasında o zaman Prezident Adminstrasiyasının rəhbəri olan Ramiz Mehdiyev dayanır. Onun deməsinə görə hətta Ramiz Mehdiyev “Azərbaycançılıq” əsərinə görə Ümummilli Lider Heydər Əliyev tərəfindən ona Dövlət Mükafatı Laureatı adı verilən zaman da ona maneə yaratmaq istəyib.Amma bacarmayıb. Ramiz Mehdiyevin qılıncının dalı-qabağı kəsəndə, televiziyada görüntüsünü seyr edəndə, bəzi insanlarda hətta evində oturduğu yerdə tərpəniş yarananda N.Şəmsizadə qorxmadan açıqcasına onu Azərbaycan xalqının düşməni adlandırırdı. Deyidi ki, onun qarışığı var, o bizləri sevə bilməz. Vaxt gələcək, bu gün etdiklərinə görə cavab verəcək, şükürlər olsun Allaha ki, gec də olsa bu gün  haqq yerini tutur.

Düzdür, N.Şəmsizadə Ramiz Mehdiyevin  dövlətçiliyimizə qarşı törətdiyi xəyanətini necə ifşa olunmasını yaxınlarının payızda budaqdan bir-bir qopan yarpaq kimi vəzifələrini itirmələrini, kürəkəni İ.Əliyevin 15 suktalıq həbs ediləcəyindən qorxaraq kamera qarşısında kövrəlməsini, erməni qaynanasının məzarının mətbuatın 1 nömrəli xəbərinə çevrilməsini, onunla münasibəti olduğunu danıb, küncə-bucağa sığınanları görmədi. Amma, inanıram ki, onun ruhu şaddır. Ona görə şaddır ki, N.Şəmsizadə əsl Azərbaycanlı idi, xalq adamı idi.... Azərbaycançılıq hissini, duyğusunu, ideyasını yayan şəxs idi... Allah sənə rəhmət eləsin, ey Dahi. Sənin arzularının sıra ilə həyata keçməsinə biz şahidik, sən rahat yat...

Yazıçı-şair Şəmsi Vəfadar