Qaynar xətt:

(+99450) 247 90 86

Nərgiztəpə- oğuz elinin alınmaz qalası 

Nərgiztəpə- oğuz elinin alınmaz qalası 

CƏMİYYƏT

615

14.01.2026, 13:51

Bura Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saçır

“Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yıqdı, ikisini atanda üçin-dördin yıqdı. Kafirlərin gözinə qorxu düşdi. Qaracuq Çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar.”

Nərgiztəpə… Qarabağ silsiləsinə mənsub dağ ətəklərinin Mil düzü ilə kəsişməsində, Qaraçuğ dağının 7-8 kilometrliyində, Hunaşen çayından cənub-şərqdə yerləşən təbii yüksəklik. Hündürlüyü 8 m, sahəsi isə 1,3 hektara yaxındır. Bu yüksəklik tarixin müxtəlif dönəmlərində qanlı döyüşlərə şahidlik edib, oğuz elinin alınmaz qalasına çevrilib.

Söhbətimizə “Kitabi-Dədə Qorqud” dastanındakı “Salur Qazanın evi yağmalandığı boy”dan körpü salmağımız heç də təsadüfi deyil. Uzaq əsrlərdən bu günümüzədək gəlib çıxan rəvayətə görə, Qaracuq (Qaraca) çobanın mərdliklə vuruşduğu, qardaşları Qabangücü və Dəmirgücünün şəhid olduğu hadisə bu yerdə baş verib. Xalq inancına görə, ərazidəki iri daşlar, yaxud “daşlaşmış qoyunlar” qeyri-adi gücə malik el qəhrəmanının sapandından çıxaraq hərəsi bir tərəfə yuvarlanıb, onun özü isə bu yerdə dəfn olunub.

Barəsində dastan və rəvayətlər dolaşmağı, siyasi, hərbi-strateji əhəmiyyəti öz yerində, Nərgiztəpə, həm də tarixi abidə kimi də qiymətlidir. Onun haqqında ilk dəfə ötən əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan tanınmış rus alimi A. A. İessen məlumat verib. Orta tunc və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanan araşdırıcı, təpəni çoxtəbəqəli abidə adlandırıb.

Son vaxtlar aparılan arxeoloji qazıntılarla burada qədim divar və xəndək qalıqları aşkar edilib. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilmədiyindən, onu Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxil edirlər. Alimlər belə tikililəri ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçid dövünə aid edirlər.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Təvəkkül Əliyev hesab edir ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saça biləcək abidədir: “Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Qazıntılar zamanı Orta Tunc, Son Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilir.”

Antik və Erkən Orta əsrlərdə Nərgiztəpə qədim Azərbaycan dövləti olan Albaniyanın Ərsaq vilayətinə daxil olub, ölkənin mədəni-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb.

Qəbir abidələri, türk mənşəli toponimlər, folklor nümunələri və maddi artefaktlar təsdiq edir ki, bütünorta əsrlər boyu Nərgiztəpə türkdilli tayfaların yaşayış məskəninə çevrilib.

Dastan qəhramanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Nərgiztəpə yaxınlığındakı Qarabağ dağ silsiləsinə məxsus yüksəkliklərdən birinin adı da məhz “Qaraçuğ”dur. Təvəkkül Əliyev, Bəhlul İbrahimli və Gülanə Əliyevanın həmmüəllifliklə nəşr etdirdikləri “Qarabağda Nərgiztəpə abidələr kompleksi” əsərində (Bakı, Elmin İnkişafı Fondu, 2017) qeyd olunur ki, 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində çəkilən hərbi-topoqrafik xəritələrdə hündürlüyü 632 metr olan bu dağın adı qeyd edilib. Orta əsrlərdə həmin ərazidə Qaraçuğ adlı kəndin olması haqqında məlumat var.

Həmin nəşrdə həmçinin vurğulanır ki, 18-ci əsrin əvvəllərində Rusiya Xəzərsahili vilayətləri işğal edəndə Osmanlı qoşunu Cənubu Qafqaza daxil olaraq onun böyük bir hissəsini nəzarət altına alıb. Osmanlı məmurları vergi sistemini nizama salmaq məqsədilə 1727-ci ildə buradakı bütün yaşayış məntəqələrinin dəqiq siyahısını tərtib ediblər. “Dəftəri-müfəssəl əyaləti Gəncə” adlı bu siyahıda Qarabağın dağlıq hissəsinin 5 mahalına mənsub kəndlərin adı yer alıb, o cümlədən Vərəndə mahalına daxil olan 60 kəndin sırasında Qaraçuğun da adı çəkilib.

Qaraçuğ yaxınlığında Böyük Oxlu və Kiçik Oxlu adlı dağlar – yüksəkliklər var. Məlumdur ki, oğuzlar hər birinin öz damğası – fərqləndirici möhürü olan 24 tayfadan ibarət idilər. Bayat boyuna məxsus damğa ox işarəsi şəklində təsvir edilib. Avşarlar oğuzların Bozox qoluna mənsub idilər. Son yüzilliklərdə avşarlar Mil-Qarabağ bölgəsində Kəbirli və Qaradolaq camaatı ilə yanaşı ən iri heyvandarlıq təsərrüfatına sahib olublar.

Beləliklə, bir tərəfdən, türk mənşəli toponimlər, digər tərəfdən isə Nərgiztəpə ətrafındakı işarəli qəbir daşları, eyni zamanda, bölgədə tez-tez rast gəlinən Səlcuq və Eldəniz hökmdarlarının adına kəsilmiş mis sikkələr təsdiq edir ki, bəhs olunan ərazidə aramsız olaraq Oğuz türkləri həyat sürüblər.

Qarabağda 7-ci əsrdən əvvəl də türk tayfalarının yaşadığını göstərən dəlillər az deyil. Onlardan biri hun türklərinin adı ilə bağlı olan “Hunaşen” hidronimidir. Qarabağ silsiləsinin şərq ətəklərindən başlayan bu çayın uzunluğu 62 km-dir, Xocavənd və Ağcabədi rayonlarının ərazisindən axır və Azərbaycanın qədim suvarma sistemlərindən olan Gavurarxa çatmadan quruyur.

1727-ci ilə aid sənəddə Bərgüşad mahalında Honabad adlı kənd göstərilib. Keçmış Mardakertin ilkin adı da Hunaşen, yaxud Xonaşen olub, Qarabağ düzünün böyük bir hissəsi “Xonaşen çölü” adlanıb. Bizans tarixçisi Feofanın “Xonaşen” adlı yeri “Hun ölkəsi” adlandırması da təsadüfi deyil.

Təpənin üzərində, eləcə də ətraf sahələrdə Birinci Qarabağ müharibəsinə aid çoxlu səngər yerləri var. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın dağlıq hissəsi və ona bitişik rayonlar işğal olunarkən, Nərgiztəpə də bir müddət erməni hərbi qüvvələrinin nəzarətinə keçib. 1993-cü ilin sonlarından başlayaraq Azərbaycan Ordusu və könüllülər amansız döyüşə atılaraq ərazini geri almağa müvəffəq olub. Torpaqlarımızın 20 faizinin işğal olunduğu dövrdə Nərgiztəpə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi idi.

Təpənin yüksəkliyində torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə abidə kompleksi yaradılıb, Azərbaycanın dövlət bayrağı asılıb. Beləcə Nərgiztəpə xocavəndlilər üçün vətənpərvərlik ruhuna, qürur mənbəyinə və and yerinə çevrilib.

Qarabağın dağlıq və aran hissələrinin kəsişməsində yerləşən Nərgiztəpədə geniş miqyaslı arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Bu isə abidə haqqında daha geniş və zəngin materialların əldə olunmasına imkan yaradacaq və Azərbaycan tarixinin tədqiqinə yeni töhfələr verəcək.

… Biz bilmirik bu təpə niyə belə adlandırılıb. Nərgiz gül adıdır. Amma klassiklərimiz gözəlin gözlərini də bu gülə bənzədiblər. Bu təpə “on iki batmanlıq daş” altından da çiçək çıxarmağı bacarıb. Bu təpə saf sevgilərə şahidlik edib. Oğuz elində ana südü ilə dağ çiçəyi yaraya məlhəm buyurulub…

Azər Əli

Zenmedia

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0