Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın böyük işğalı: Cavad xanın ölümü, xanlıqların süqutu, güc və xəyanət...  

news/2026_01_03/xcrt9yrllidkrouw1bzg_1767445413.webp

CƏMİYYƏT

846

03.01.2026, 16:58

 Bu gün Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın şəhid olduğu gündür. 

Oxu24.com xəbər verir  ki,bu gün həm də ruslar tərəfindən məğlub olacağını bilsə də, təslim olmayan, son damla qanına kimi işğalçılara qarşı vuruşan Cavad xanın  canından çox sevdiyi Gəncənin süqutu, yağı əlinə keçməsinin günü kimi  tarixə düşüb.

 1804-cü ilin 3 yanvarı:Bu ümumilikdə Azərbaycanın Rusiya tərəfindən işğalı demək idi 

 XVI əsrdən hökmranlıq etmiş, ilk doqquz Qızılbaş tayfalarından biri olan və Qacarların bir qolu sayılan Ziyadoğlular nəslindəndir. 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş Şahverdi xanın oğlu olan Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. 38 yaşında hakimiyyətə gələn Cavad xanın dövründə (1786-1804) Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Tarixçilər həmin dövrü yüksək qiymətləndirir. Çünki,  Cavad xanın islahatları  sayəsində ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Xan sarayında alimlər, şairlər məclisi toplanır. 

 

Rusiyanın işğal planı gündəmdə

Tarixçilər bir nüansı da Cavad xanın ağıllı və uzaqgörən olduğu ilə əlaqələndirirlər. Deməli, həmin dövrdə Azərbaycanı işğal etməyə gələn rus ordusu   1796 -cı ildə II Yekaterinanın ölümündən sonra geri çağırıldı. Cavad xan  bundan dərhal sonra Nadir şahın  Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Borçalı mahallarını geri aldı. Bu böyük cəsarət həm gürcüləri, həm də rusları Gəncə xanına qarşı ədavətə sürüklədi, Azərbaycanın işğal planının hazırlanmasına səbəb oldu.

 Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı, gürcü əsilli rus general Pavel Sisiyanov işğal planını həyata keçirməyə başlayır. Sisiyanov gürcü mənşəli Sisişvili (Panaskerteli) kökü gürcü çarlarına (Tamara) bağlı olan knyaz nəslindən idi və  azərbaycanlılara nifrəti bu üzdən böyük idi.  O, yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndi.  Nifrətini biruzə verməmək üçün  o,  Cavad xana bir neçə dəfə təslim olmağı təklif edir, rədd cavabı alır.

İşğalın ilk  və əsas səbəbi

Beləliklə, 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır. Gəncə şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirir.

Gəncənin, ümumilikdə Azərbaycanın işğala məruz qalmasının əsas səbəbi  Azərbaycan ərazilərində hökmdarlıq edən feodal xanlarının arasındakı çəkişmələr və milli birlik olmamasıdır. Gəncəyə hücum edən rusların ilk addımında  o dövrdə mövcud olan Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı  qarşı çıxmadı.

İşğalda ikincı səbəbi

Həmin dövrdə  rus ordusu daha müasir artilleriya və tüfənglə təchiz edilmişdi, bu da onların qala mühasirəsində və hücumda üstünlüyünü təmin edirdi. Rus tarixçiləri sonrakı illərdə iddia edirdi ki, Gəncəyə hücum zamanı qala divarlarında və şəhərin dar küçələrində Cavad xanın döyüşçülərindən ən azı 1.500 nəfər, ən çoxu 3.000 nəfər şəhid edilib. Çar ordusunun isə guya vur-tut 3 zabiti və 35 əsgəri həlak olmuşdur.

Beləliklə, yuxarıdakı məlumata görə, 8 metr hündürlüyündə qalın divarları olan, o dövr üçün Qafqazın ən güclü istehkamı sayılan Gəncə qalasını birbaşa hücumla almış ruslar cəmi 38 nəfər, onlara son dərəcə qətiyyətlə müqavimət göstərmiş gəncəlilər isə 3.000 nəfər itirmişlər. Düzdür, avropalı tarixçilər rusların bu şişirtməsinə inanmasalar da  tarix dərsliklərinə bu rəqəm düşdü.

 İşğalda üçüncü faktor 

Sisianov o qədər rəzil adam olub ki, Cavad xanın ailə üzvlərini də əsir etmişdi. Cavadxanın arvadları Bəyimxanım və Şükufəxanım, gəlini Nisəbəyim, qızları, nəvəsi Zeynəb, Sisianovun əmri ilə qalada girov saxlanılır və onların azad edilməsi üçün Gəncə əhlindən külli miqdarda pul tələb edilir. Maraqlı məqam ondan ibarətdir ki, Cavad xanın arvadlarından biri də erməni olub. Və əzəməti, mübarizəsi ilə böyüklük simvoluna çevrilmiş bu şəxsin sonu elə erməni qadınının ucbatından faciə ilə bitir.Cavad xan haqqında tədqiqat işləri aparan professor Sadıq Şükürov yazır ki, Cavad xanın arvadlarından biri erməni qızı Astığik idi. Cavad xan Gəncə xanlığının nüfuzunu daha da böyütmək və ətraf ərazilərə də yaymaq üçün bir növ nikah diplomatiyasına girir. O, bununla da xrisitian və erməni məliklərini təsirinə salmaq üçün yararlanırdı. Cavad xan Astığiklə nikaha girdikdən sonra onun adını dəyişdirib Astagül qoyur. İllər sonra Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən rus işğalçısı Sisianov hər dəfə rədd cavabı alır. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verir. Məhz yanvarın ilk günlərində Sisianovun qərargahına bir şəxsi gətirirlər.

Adı Revaz Andoyan olan şəxs Sisianova Gəncə qalasının yollarının, planlarının xəritəsini təqdim edir. Cavad xanın ölümünə və Gəncənin süqutuna bais olan Anodyan Cavadxanın arvadı Astığikin qardaşı idi.

  Xəyanətin səbəbi əbədi nifrətdir

Cavad xan haqqında poema yazan Sabir Rüstəmxanlı yazır:" Qarabağdan qaçan, İbrahimxəlil xanın qovduğu erməniləri Cavad xan qəbul eləmişdi və onların bir hissəsini Gəncədə, bir hissəsini isə Şəmkir yolunda, dağətəyi kəndlərdə yerləşdirmişdi. Və Cavad xanın ermənilərə xoş münasibəti vardı, ona tabe olan insanlar kimi hamısına yaxşı münasibət bəsləyirdi. Cavad xanın qucaq açdığı, yardım etdiyi ermənilər Sisianovun yanına gedib deyirlər ki, Gəncənin ərzağı da var, hər cəhətdən təminatı da var, bir il də mühasirədə saxlasanız, bu şəhəri ala bilməzsiniz. Sisianov soruşur ki, bəs şəhərə girmək üçün yol nədir? Ermənilər deyir, Gəncənin suyu kəsilməlidir. Ermənilər Gəncəyə gələn suyun yolunu göstərirlər və o boruları heyvan qanları ilə doldururlar. Yəni şəhərə qan axıdırlar. Bundan sonra şəhərin suyu kəsilir, xəstəlik başlayır, müqavimət zəifləyir..ermənilər Sisianova deyir ki, Gəncənin açarlarının biri bizdə olacaq, biz o qapını açacağıq. Belə də olur və şübhəsiz ki, Gəncənin əldən getməsində ermənilərin xəyanəti çox ciddi rol oynadı. Məlumdur ki, Cavad xan Acıdərədə son ana qədər vuruşur, sonra düşmənin topunun çox olduğunu görüb qalaya sığınır. Cavad xan və oğlu öldürüləndən sonra rus ordusu şəhərə girib, qaçıb məsciddə gizlənən insanları yandırıblar."

Bu işğaldan sonra  Gəncə xanlığı ləğv olundu və Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək  Çar II Aleksandrın arvadı Yelizavetanın şərəfinə dəyişərək. Yelizavetpol adlandırıldı. Beləcə, Pyotrun da vəsiyyət etdiyi kimi, ermənilərdən istifadə bəhrəsini vermişdi.

 Əntiqə Rəşid