SON DƏQİQƏ! Vəzifələr ləğv edildi: Bir neçə məmur işsiz qaldı
31 Yanvar 2026, 15:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
19.12.2025, 13:38
Mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə cəzalar sərtləşdirilir.
Oxu24.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq:
- Həmçinin dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum ediləcək.
"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyət haqqında" Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.
Həmçinin layihəyə əsasən, mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar müəyyənləşir. Belə ki, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb oldubda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin oxuyun
Layihədə mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilməsi də nəzərdə tutulur.
Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat (hazırkı cərimə: 1 500 manat) məbləğində, vəzifəli şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində, hüquqi şəxslər 20 min manat (hazırkı cərimə: 10 min manat) məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Həmçinin mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Həmçinin Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat (hazırkı cərimə: 200 manat) məbləğində, vəzifəli şəxslər 1 500 manat (hazırkı cərimə: 500 manat) məbləğində, hüquqi şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində cərimə ediləcək.
Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
16:04 / 31 Yanvar 2026
1
15:51 / 31 Yanvar 2026
45
15:45 / 31 Yanvar 2026
21
15:35 / 31 Yanvar 2026
52
15:28 / 31 Yanvar 2026
30
14:34 / 31 Yanvar 2026
723
13:57 / 31 Yanvar 2026
67
13:45 / 31 Yanvar 2026
80
13:15 / 31 Yanvar 2026
180
12:54 / 31 Yanvar 2026
763
12:48 / 31 Yanvar 2026
98
12:20 / 31 Yanvar 2026
1016
11:51 / 31 Yanvar 2026
591
11:48 / 31 Yanvar 2026
84
11:02 / 31 Yanvar 2026
84
11:00 / 31 Yanvar 2026
74
10:49 / 31 Yanvar 2026
320
10:40 / 31 Yanvar 2026
142
10:31 / 31 Yanvar 2026
3836
10:19 / 31 Yanvar 2026
1196
09:37 / 31 Yanvar 2026
111
09:23 / 31 Yanvar 2026
206
09:19 / 31 Yanvar 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.