Qaynar xətt:

(+99450) 247 90 86

Nişanlı olan şəhid mayorun saatı 9 ay sonra haradan tapıldı? -Tükürpədici hadisə 

news/2025_12_14/383704550_2538534449644600_8704672411509218857_n_1765701165.jpg

CƏMİYYƏT

930

14.12.2025, 12:18

Bu gün şəhid mayor Vüsal Vəliyevin torpağa tapşırılmasından 5 il ötür.

Oxu24.com xatırladır ki,Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 

1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub. 

Vüsal Vəliyevə 22.06.2009-cu il tarixdə leytenant,  26.06. 2012-ci il tarixdə baş leytenant, 26.06.2016-cı il tarixdə kapitan, 20.08.2020-ci il tarixdə isə mayor rütbəsi verilib.

2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb.

Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. 

Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub.

Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Mayor Vüsal Vəliyev nişanlı idi.

3 dekabr 2024-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında Adilə Nəzərin Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş "Axirətdən gələn səs" qəhrəmanlıq dramı əsasında İftixar Piriyevin rejissorluğu ilə "Səs" adlı tamaşa təqdim edilib. Onun haqqında "Qisas 44" və "Vüsalın dastanı" adlı iki kitab çap olunub. "Qisas 44" kitabında Vüsal Vəliyevə həsr olunmuş məqalələr, şeirlər, poemalar, xatirələr, şəkillər yer alıb.

Doğulduğu Dizə kəndində xatirəsinə "Şəhid Vüsal bulağı" adlı abidə–bulaq kompleksi inşa edilmiş, ata evində xatirəsinə həsr olunmuş ev muzeyi yaradılıb.Mayor Vüsal Vəliyev haqqında onlarla televiziyada süjet hazırlanıb, yüzlərlə məqalə, şeir və mahnılar yazılıb, ölkənin müxtəlif məktəblərində otuzdan artıq sinif otağına onun adı verilib. N saylı hərbi hissədəki bir posta Vüsal Vəliyevin adı verilib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu özünün sosial media hesabında onunla son görüşündən yazıb:

“3 aylıq təlimdən çıxmışdı, çox yorğunuydu.

5 il əvvəl elə bugünki tarixdə Göygöldə son dəfə bərk-bərk qucaqlaşdıq, son dəfə bir-birimizi öpdük, son dəfə göz-gözə baxdıq, səssizcə vidalaşdıq.

Hadisələr sanki dünən baş verib”.

“Bu dəfə sonacan gedəcəyik, bizdən sonrakı nəslə müharibə qalmamalıdır.

Bircə döyüş əmr verilsin, hamısını məhv edəcəyik. İgidlərimə bircə əmr kifayətdir, düşmənin külü göyə sovrulacaq. Nə vaxta qədər torpaqlarımızda onların gəzməsinə dözəcəyik.

Dostlarımın, cənab generalın intiqamını alacam. Bu dəfə onları “dayday”ları da qurtara bilməyəcək”, – dedi.

“Maşına doğru gedəndə qəflətən geri döndüm, bir dəfə də möhkəm qucaqladım. “Özünü qoru, özündən muğayat ol” dedim.

Gülümsədi, “narahat olma, qaqam, hər şey yaxşı olacaq”, – dedi. Amma hər şey yaxşı olmadı.

Ürəyimdə bir köz var. Nə sönür, nə də alışmır. Eləcə korun-korun yandırır.Ömrümün sonunacan da o köz ürəyimi yandıracaq.

Ruhun şad olsun qardaşım,

Ruhun şad olsun Komutan !”

***

Mayor Vüsal Vəliyevin döyüş zamanı əsgərinə verdiyi qol saatı... Əsgər də şəhid olur və onun nəşi 9 aydan sonra tapılır.

Bu barədə şəhid komandir Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu  bu hadisə ilə bağlı çox ürək sızladan bir hadisəni öz Facebook səhifəsində yazıb: 

“...Vüsalın əşyalarını təhvil alanda ən çox sevdiyi hərbi saatını görmədim. Sonuncu şəklində qolu uzun hərbi forma geyindiyindən saatın qolunda olub-olmadığı görünmürdü. Dəfələrlə çantaları açdım, təkrar-təkrar baxdım, amma saat tapılmadı. Vüsalın ən sevimli yadigarını tapa bilmədiyim üçün çox kədərləndim. Saatdan tamamilə əlimi üzdüm. 

Bir neçə gün öncə telefonuma zəng gəldi:

- Salam. Vüsalın qardaşısınız?

- Bəli, buyurun.

- Sizə bir əmanət çatdırmalıyam. Harada görüşə bilərik?

Görüşdük. O da şəhid qardaşı idi. Bir paket verdi. Ürəyim bərkdən döyünə-döyünə açdım. Vüsalın hərbi saatı...

"Mən Vüsalın son dəfə toxunduğu hərbi saatı sığallayıram, o danışır...”

Elyar deyir ki,  həmin əsgər şəhid olsa da. Onun nəşi 9 ay sonra tapılır:

“...Düz doqquz aydan sonra qardaşının nəşi tapılıbmış. Üstündəki əşyaları verəndə bir dənə də qolundan açılmış hərbi saat veriblər. Qardaşı ilə son döyüşdə yaralanan qazi deyib ki, saat komandirin idi. Döyüş vaxtı yadigar vermişdi. Amma sonradan o da şəhid olub”.

O əlavə edib ki, şəhid qardaşı saatı komandirin ailəsinə çatdırmaq, mənimlə görüşmək üçün ucqar bir rayondan Bakıya gəlmişdi.

“Vüsal qardaşıma komandir yox, qardaş olmuşdu. Mən bu əmanəti sizə çatdırmalıydım”, - şəhid qardaşı deyib. 

Saat şəhidin qolunda, qar, yağış, toz, torpaq altında 9 ay qalsa da hələ də işləyir.

"İki igidin şəhidliyinə şahid olan bu saatın dəyəri mənim üçün ölçüyə gəlməz dərəcədə çox böyükdür...", - Elyar deyir.

Hazırladı: Miri Məcidli