Bakı Slavyan Universitetinin (BSU) Mətbuat xidməti rektor, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyaya münasibət bildirib.
BSU-dan bildirilib ki, deyilənlər böhtandır:
"Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.
İlk növbədə onu qeyd edək ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur. Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir.
Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professoun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir.
Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür".
BSU Mətbuat xidməti olaraq bəyan edirik ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq şər və böhtandır.
Siyasi mövqeyindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları bizim üçün eyni dərəcədə əzizdir. Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir".
Xatırladaq ki, sosial şəbəkələrdə N.Əliyevanın BSU tələbələri ilə görüşündə "harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə" dediyi iddia olunub.(report)
Oxu24.com
ŞƏRHLƏR