Qaynar xətt:

(+99450) 247 90 86

Mədəniyyət Nazirliyi və onun yaratdığı komisssiya hansı ixtiyarla həddini aşaraq böyük nüfuzları tapdaq altına atır, tapdalayır?      —   Nəcibə  İlkin yazır

CƏMİYYƏT

2115

25.04.2025, 12:12

 Hörmətli Mədəniyyət Naziri!

Azərbaycan Yazıçılar Birliyi yazıçı-dramaturq Marat Haqverdiyevin teatr və kino sahəsindəki uğurlu  fəaliyyətini qeyd edərək, anadan olmasının 85 illiyi ilə əlaqədar onun qələmə aldığı yeni bir pyesini səhnələşdirilməsi ilə qeyd edilməsini və seçilmiş əsərlərinin bir cilidliyinin nəşr olunmasını Mədəniyyət Nazirliyindən xahiş etmişdir (21.06.2022). Bu məsələyə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsində baxılıb. Və nəticədə kitab sənayesi şöbəsindən müəllifin aldığı cavaba (28 may 2024-cü il tarixli məktuba)  Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Nazirlik tərəfindən yaradılmış komissiyanın iki imzasız rəyi əlavə edilmişdir.  Həmin rəyləri sizin nəzərinizə çatdırırıq. 

1.“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dramına rəy:

Eyni kitab həm də təqdim olunan müəllifin pyeslərindən ibarət çoxcildliyində də yer alıb. Və bu ədəbi dəyər çoxcildlik haqqında verilən rəydə ös əksini tapıb.

 “Əsrin möcüzəsi” dramı həm də 2023-cü ildə “Elm və Təhsil” nəşriyyatında kitab şəklində  çap olunduğu və nəşrlərin satınalması proqramının müddət şərtinə zidd olaraq təkrar nəşrə təqdim edildiyi üçün geri qaytarılır.

Qeyd: Komissiyanın bu imzasız rəyi ilə aşağıdakı səbəblərə görə qətiyyən razı deyiləm.

Baxın, adi bir kiçik həcmli rəydə komisiyanın səhlankarlığı və məsuliyyətsizliyi aydın görünür. Əvvala kitab çoxcildlik yox, bircildlikdi. Əsərdə çoxlu saydı elemntar cümlə səhvləri vardır ki, onları burda düzəliş etdik. Əsərin adı belə tam yox, yarımçıq yazılıb. Hansı  ki, əsərin adı “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dir. Qəribə burasındadır ki,  komissiyanın bu rəyində imza belə dərc olunmayıb. Belə olduğu halda bu rəy rəsmi sənəd hesab oluna bilərmi?  Burdan tam aydın  olur ki, əsər komissiya tərəfindən heç oxunulmayıb. 

2. Əsərin əsas mahiyyəti- Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliye¬vin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olma¬yan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolun¬da yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götü¬rülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlə¬rimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri –  Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.

“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət, son dərəcə aktuallıq kəsb edən, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yeganə, alternativi olmayan, ən yüksək səviyyələrdə, yəni Prezident Administrasiya (siyasi şöbə) və Mədəniyyət Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilmişdir.  

Əsər xalq yazıçısı çox hörmətli Anarın rəhbərlik etdiiyi Yazıçılar Birliyinin “Literaturnıy Azerbaycan” aylıq ədəbi-bədii jurnalında 2019-cu ilin oktyabr ayında və respublikamızın Milli Məclisinin deputatı, akademik çox hörmətli Nizami Cəfərovun rəhbərlik etdiyi  möhtəşəm Atatürk Mərkəzində bəyənilərək “Elm və təhsil”  nəşriyyatında kitab şəklində 200 nüsxədə çap edilmişdir.  Göründüyü kimi qəbul olunmuş şərait və qaydaya görə kitabın nəşri yalnız 200 nüsxə çərçivəsindədir. Ona görə “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” kimi xüsusilə mühüm  siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb edən əsərlərin daha geniş- iri nüsxədə çap olunması vacibdir və  bircildliyə daxil olması zəruridir.

  

Onu da qeyd etmk istəyirəm ki, teatra təqdim olunmuş “Əlvida, ay subaylıq” pyesi hələ səhnə üzü görmədiyi üçün  onun da çap olunmaması üçün razıyam. Lakin qalan (11-1= 10)  pyesinin heç birinin çapa layiq olmadığını bildirən komissiyanın rəyi ilə razı deyiləm:  

Rəydə tamtaraqlı, pafoslu kəlmələrlə Marat Haqverdiyevin pyeslərinin dramaturgiya üçün vacib olan tələblərə cavab vermədiyini sübut etmək məqsədi ilə aşağıdakı yeganə, tamamilə əsassız, sübutsuz və uydurma cümləyə istinad edir:

İkinci rəy:

Nəzərə alsaq ki, pyes səhnədə təsdiqini tapmalıdır və təqdim olunan pyeslərin əksəriyyətinin səhnə həyatı məlum deyil, dövlət tərəfindən nəşrinə zərurət yaranmır.

Qeyd: Yenə imzasız rəy.  

Tam əminlik və məsuliyyətlə yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, məhz çapa təqdim olunan müxtəlif janrlı əsərlərin hər birindən kifayət qədər statlar gətirməklə tələb olunan təkzibolunmaz dəlil-sübutlara istinad etmədən tərtib olunmuş komissiyanın bu imzasız RƏY-i ( əgər bunu rəy adlandırmaq olarsa) heç bir hüquqi qüvvəyə malik deyil və məhz ona görə də mütləq ləğv olunmalıdır.

Lakin bununla belə onu da məsuliyyətlə bildirmk istəyirəm ki, yuxarıda qeyd olunan, qətiyyən bağışlanmaz qüsurlara göz yumsaq belə komissiyanın bu rəyi aşağıdakı konkret, təkzibolunmaz faktlara görə tamamilə səhv olduğu üçün ləğv olunmalıdır.

1.Komissiyanın rəydə qeyd etdiyi “əsər  səhnədə təsdiqini tapmayıb” fikrinə  aşağıdakıları qeyd etmək istəyirəm:

Qəbul olunmuş qanun-qaydaya əsasən müəllif əsəri əvvəlcə teatra təqdim edib. Teatrın bədii şurası əsərə baxıb bəyəndikdən sonra Mədəniyyət Nazirliyinə təqdim olunub. Mədəniyyət Nazirliyinin müəyyən şöbələri və rəhbərliyi baxıb bəyəndikdən sonra əsər nazirliyin Repertuar planına daxil edilir və nazirliyin kollegiyası tərəfindən təsdiq olunur. Yalnız ondan sonra teatrlara göndərilir və teatrlarda həmin əsər hazırlanır. Tamaşa hazırlandıqdan sonra ilk növbədə teatrın bədii şurası tərəfindən qəbul olunur və nəhayət  tamaşa Dövlət Komissiyası (Nazirliyin komissiyası) tərəfindən qəbul olunduqdan sonra geniş tamaşa kütləsinə təqdim olunur. Belə ki, müəllifin bütün əsərləri yuxarıda qeyd olunmuş qaydada tamaşaya qoyulmuş və Nazirlik tərəfindən alınmışdır.  

Bununla belə bir çox tamaşalar, o cümlədən;  1.“Qısqanc ürəklər” komediyası, 2. “Amerikalı kürəkən”, 3. “Fədakarlıq” və s. Az.Tv və başqa televiziya kanalları tərəfindən tam həcmdə çəkilərək nümayiş etdirilib. Onu da nəzrinizə çatdırım ki, müəllifin bütün  qeyd olunan  və çapa təqdim olunan əsərləri barədə çoxlu sayda müsbət rəylər və risenziyalar respublika mətbuatında  dərc olunmuşdur.

2.Respublikamızın Prezident Administrasiyasının Humanitar siyasət, dias¬pora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən Nazirliyin adından müəllifə ünvanladığı məktublarda qeyd olunur: 

“Sizin yaradıcılıq fəaliyyətiniz hər zaman Nazirliyin diqqət mərkəzində olmuşdur. Uzun illər ərzində qələmə aldığınız pyeslər Nazirlik tərəfindən alınmış və respublika teatrlarında uğurla tamaşaya qoyulmuşdur”. Teatr sənəti sahəsindəki fəaliyyətinizə görə Prezident təqaüdünə təqdim olmağınız barədə xahişiniz imkan daxilində nəzərə alınacaqdır”. (Nazirliyin 07.05.2009-cu il tarixli məktubunun surəti əlavə olunur).

“Sizin yaradıcılığınız həmişə Nazirliyin diqqət mərkəzində olmuşdur. Qələmə aldığınız “Ailədə məhkəmə”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Fədakarlıq”, “Səninlə və sənsiz”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır”, “Amerikalı kürəkən” kimi əsərləriniz respublikanın müxtəlif teatrlarında hazırlanmışdır. “Üç dəniz əfsanəsi” əsəriniz Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmişdir. Həmin əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmişdir. Sizin fəxri ada və Prezident təqaüdünə təqdim olmağınız barədə xahişiniz nəzərə alınacaq”. (Nazirliyin 11.03.2013-cü il tarixli məktubunun surəti əlavə olunur).

Beləliklə, Nazirliyin müəllifin  yaradıcılığına və pyeslərinə verdiyi yüksək qiymət, komissiya RƏY-indəki “Nəzərə alsaq ki, pyes səhnədə təsdiqini tapmalıdır və təqdim olunan pyeslərin əksəriyyətinin səhnə həyatı məlum deyil, dövlət tərəfin¬dən nəşrinə zərurət yaranmır” kimi məhz aydın olmayan, qeyri-müəyyən və qətiyyətsiz sözlərdən quraşdırılmış, müəllifin əsərlərinin (10 pyesinin) nəşrinə yol verməyən ən əsas, yekun vuran və həlledici cümləsinin nə qədər gerçəklikdən uzaq, uydurma, əsas¬¬sız və sübutsuz olduğunu açıq-aydın göstərir. 

3.Respublikamızın bütün tanınmış yazıçılarını, şairlərini, tənqidçilərini, ədiblərini və başqa incəsənət xadimlərini özündə cəmləşdirən, möhtəşəm “Yazıçılar Birliyi”nin sədri, çox hörmətli Xalq yazıçısı Anarın imzası ilə Mədəniyyət Nazirliyinə ünvanlanan məktubda aşağıdakılar qeyd olunur: 

Marat Haqverdiyev yarım əsrdən artıqdır ki, bədii yaradıcılıqla məşğuldur. “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və s. pyesləri respublikamızın teatrlarında uğurla tamaşaya qoyul-muşdur. “Qısqanc ürəklər” və “Ah, qadınlar, qadınlar” komediyaları Türkiyənin bir çox teatrlarında (İstanbulun Çemberlitaş FKM teatrı, Sarıyer Bələdiyyə Teatrı, “Fateh” Universitetinin teatr toplusu və s.) səhnələş¬diril¬mişdir. Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Fədakarlıq” pyesi Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir (Yazıçılar Birliyinin 21.06.2022-ci il tarixli məktubu). 

Bu qeyd olunanların hamısı komissiya RƏY-inin tamamilə əsassız və haqsız olduğunu sübut edir. 

4.Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, çox hörmətli Xalq artisti (mərhum) Azər Paşa Nemətovun imzası ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı rəsmi müraciətdə (məktubda) müəllifin yaradıcılığı haqda aşağıdakılar qeyd olunur: 

“O ölkəmizin və Türkiyə Respublikasının müxtəlif səhnələrində uğurla tamaşaya qoyulmuş bir çox dram əsərlərinin, o cümlədən “Ailədə məhkəmə”, “Məşuqələr”, “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Məhəbbət əzabları” və başqa dram əsər¬ləri¬nin, “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” bədii televiziya filmlərinin ssenari müəllifidir. Dramaturqun Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Fədakarlıq” dramı Sumqayıt Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuş və “Lider” televiziya kanalı ilə nümayiş etdirilmişdir.  Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Televiziyasında Marat Xanlar oğlu Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş veriliş hazırlanması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm”. 

Və nəticədə müəllifin yaradıcılığı və teatr sahəsindəki fəaliyyəti, eləcə də uğurla tamaşaya qoyulmuş dram əsərlərindəki epizodlardan ibarət veriliş hazırlanaraq nümayiş etdirildi (03.09.2008-ci il tarixli məktub). 

 5.Respublikamızın AzTV və başqa televiziya kanalları ilə MHhaqverdiyevin yaradıcı¬lığı və teatr sənətinin inkişafındakı xidmətləri, o cümlədən uğurla tamaşaya qoyulmuş əsərlərinin bir çoxu (“Qısqanc ürəklər”, “Amerikalı kürəkən”, “Fədakarlıq” və başqaları) tam həcmdə, əksəriyyətinin isə premyerası haqqında geniş məlumatlar dəfələrlə nümayiş edilmişdir. 

Respublikamızın dövri mətbuatında da müəllifin yaradıcılığı və teatr sənətindəki uğurlu fəaliyyətinə dair saysız-hesabsız məqalə və məlumatlar dərc olunmuşdur.  Məlumat üçün onlardan birini – Ulu Öndərimiz Heydər Əliyev üçün ən əziz olan qəzetdə,  “SƏS”  qəzetində çap olunmuş “Bir ömrün həyat hekayəsi” adlı məqaləni diqqətinizə çatdırıram  (29 dekabr 2023-cü il tarixli məqalənin surəti).

Çox hörmətli Nazir! 

 Xüsusilə onu da diqqətinizə çatdır¬maq istəyirəm ki, yuxarıda qeyd olunan əsaslara görə Komissiya RƏY-inin artıq heç bir hüquqi qüvvəyə malik olmadığını bildirməklə, əlavə olaraq təqdim etdiyim 5 təkzibolunmaz faktdan hətta biri də bu RƏY-in ləğv olunması üçün tamamilə kifayətdir. 

Ən böyük təəssüf doğuran isə odur ki, Mədəniyyət Nazirliyi Komissiyanın bu tamamilə gerçəklikdən uzaq olan, əsassız və haqsız RƏY-inə göz yummaqla, müəllifin yaradıcılığını və qələmə aldığı əsərləri yüksək qiymətləndirən: 

- Respublikamızın Prezident Administrasiyasının Humanitar Siyasət və diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyevanın, 

- Çox hörmətli Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Respublikamızın möhtəşəm Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının, 

-Azərbaycan Dövlət Televiziya Kanalları və dövlət dövri mətbuatının böyük nüfuzunu, ədəbi dillə desək “tapdaq altına atır, tapdalayır”. 

Çox hörmətli Nazir!

Rəhbərlik etdiyiniz Nazirliyin adına böyük xələl gətirən belə gerçək¬likdən uzaq, əsassız və sübutsuz RƏY barədə müvafiq tədbir görməyinizi və müəllifin teatr sənətinin inkişafında göstərdiyi xidmətlərini və 86 illiyini nəzərə alaraq bircildliyinin (10 pyesdən ibarət) nəşr olunması üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. 

 Qeyd: O ki, qaldı müəllifə Nazirlik tərəfindən dəfələrlə rəsmən vəd olunan   prezident təqaüd və başqa məsələlərə... Bu mövzuya qayıdacağıq.

Nəcibə İlkin

Yazıçı, araşdırmaçı jurnalist,

AYB-nin, AJB-nin üzvü.

Prezident mükafatçısı

“Azad qələm” qəzetinin baş redaktoru