Axşam saatlarında Balakən rayonuna dolu düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, bu gün saat 20.00-a olan məlumata əsasən, Quba, Göygöl, Gəncədə yağış yağıb. Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20.02-dən-20.08-dək 6 dəqiqə ərzində dolu muşahidə edilib. Dolunun diametri 24 mm təşkil edir.
Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir:
"Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.
Mayın 11-də isə respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.
Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək".
Oxu24.com
ŞƏRHLƏR