Ermənistan cəbhədə Azərbaycan Ordusunun fəallaşdığını, irihəcmli mühəndislik işlərinin aparıldığını iddia edir.
Oxu24.com xəbər verir ki, son günlər işğalçı erməni hərbi birləşmələrinin itkilər verməsi, yaralanma hadisələrinin artması, o cümlədən, əsgərlərin müəmmalı şəkildə yoxa çıxmasına görə İrəvan Azərbaycanı günahlandırır. Halbuki, erməni hərbi birləşmələri təmas xəttində gərginliyin artırılması məqsədilə cəbhəboyu kəndlərdə mülki əhalini intensiv atəşə tutur.
Müşahidələr göstərir ki, hazırda cəbhədə vəziyyət müharibə həddinə çatıb və işğalçı tərəf Düşənbə razılığına əməl etmək niyyətində deyil.
Erməni politoloq Robert Qevondyan bildirib ki, Azərbaycan Düşənbə razılaşmasına əməl edilmədiyini və atəşkəsin zaman-zaman pozulduğunu görəndən sonra aktivləşdi.
“Bakı gözləyirdi ki, Ermənistanda siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da dəyişikliyə səbəb olacaq, lakin İrəvan hərbi ritorikanı dayandırmadı və daha sərt mövqe sərgilədi. Buna görə də təmas xəttində aktivləşmə başlandı. Ermənistan cəmiyyətində Azərbaycana sərt hərbi cavab verilməsi gözləntisi var, buna görə də yeni hakimiyyət bəyanatlarında bu xətti seçdi. Bu, cəbhədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.
Politoloq Levon Şirinyan isə Azərbaycan-Türkiyə hərbi təlimlərinə diqqət çəkib və qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir.
Şirinyan Ermənistan ordusunu Azərbaycana hücum etməyə çağırıb və qorxu ilə bildirib ki, “hücum geciksə, rəqib bizi qabaqlayacaq və o zaman heç nəyi xilas etmək mümkün olmayacaq”.
Oxu24.com
ŞƏRHLƏR