162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev istintaqın gecikdirilməsindən narahatlığını bildirir.
O, News24.az-a açıqlamasında ekspertizanın cavabının 20 gün ərzində çıxmalı olduğunu, amma hələ də bir cavab almadığını deyib: “20 gündən artıq müddət keçib, amma proseslə bağlı heç bir məlumat verilmir. Müstəntiqlə danışıram, deyir iş gedir. Mənə hökümət tərəfindən təyin olunan vəkil də telefona cavab vermir. Bir kəlmə demir ki, iş nə yerdədir. Görüşmüşük, qol çəkmişəm, vəkilim olub. Vəssalam, o gündən görməmişəm. Zəng eləyirəm, deyir, sənin işinlə məşğulam, amma mən heç nə görmürəm. Mənim balam torpaq altında çürüyür, günahkarlar isə isti ocaqlarında balaları ilə dincəlirlər. Bəlkə də işlər görülür, mən bilmirəm, amma mənə heç kim bu haqda məlumat vermir”.
Ə.Hacıyev onun kimlərdənsə pul alıb susduğu haqda deyilənlərə də münasibət bildirib: “ Haqqımda bu sözləri deyən kəs kimdirsə, yəqin o, öz balasını 100 minə satar. Amma mən balamın qanını heç nəyə dəyişmərəm, Sadəcə, mənə deyiblər istintaq bitənə qədər gözlə. Mən də gözləyirəm. O müxbir kimdirsə, onu məhkəməyə verəcəm. İndi başım 40 mərasiminə qarışıb. Bundan istifadə edirlər”.
Demirəm, Baş Prokurorluqda iş aparılmır. Dindirilmə gedir. Di gəl, nəticə yoxdur. Əl-qolu bağlı oturub cavab gözləyirəm. Texnologiyanın inkişaf etdiyi vaxtda, ən müəmmalı cinayətləri belə tez bir zamanda aşkara çıxarmaq mümkündür. Bəs, eləsə balamın işi niyə uzadılır?!
Hərdən düşünürəm ki, elə bil bu işi yola verirlər. Istintaq gedir, amma nəticə yoxdur. Istintaq üçün bütün dəlillər var axı... O direktora ev dustaqlığı verməklə mənim uşağımı ordan çıxara biləcəklərmi?! Mən balamın qəbrinə söz vermişəm ki, gunahkarlar cəzalarını alanacan bu işdən əl çəkməyəcəm, mübarizə aparacam”. Oxu24.com
ŞƏRHLƏR