SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı
09 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
8329
07.05.2025, 11:10
"Süd vəzi xərçəngi kişilərdə az rast gəlinir, lakin daha təhlükəlidir"- Cərrah-mammoloq -onkoloq Eslanda Səlimova ilə müsahibə
Dünyada hər il milyonlarla insana xərçəng diaqnozu qoyulur. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il üzrə məlumatına əsasən, qlobal miqyasda 19,3 milyon yeni xərçəng hadisəsi qeydə alınıb və onlardan təxminən 2,3 milyonu süd vəzi xərçənginə aiddir. Süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılan xərçəng növüdür .Təəssüf ki, bu statistika ildən-ilə artmaqdadır.
Azərbaycanda da vəziyyət narahatedicidir. Təkcə 2022-ci ildə 2,565 nəfər qadına süd vəzi xərçəngi diaqnozu qoyulub və ümumilikdə 16 mindən çox qadın bu diaqnozla qeydiyyatdadır. Xəstəliyin erkən mərhələdə aşkarlanması isə həyatda qalma şansını əhəmiyyətli dərəcədə artırır.
Uzun illər bu xəstəlik əsasən qadınlarla əlaqələndirilsə də, son dövrlərdə statistikalar göstərir ki, kişilərdə də süd vəzi xərçənginə rast gəlinir.Bu, cəmi 1 faiz təşkil edir. Lakin kişilərdə sinə xərçəngi xəstəliyi daha aqressiv gedişə malik olur və çox zaman gec diaqnoz edilir.
Bəs, süd vəzi sağlamlığını necə qorumaq lazımdır? Risk faktorları hansılardır? Genetik meyllilik nə dərəcədə təsir edir?
Sadalanan suallara cavab tapmaqla yanaşı, mammoqrafiya, ultrasəs müayinəsi, biopsiya və risk faktorları haqqında da geniş və dəqiq məlumat əldə edəcəksiniz.
Oxu24.com-un əməkdaşı problemin ciddiliyini nəzərə alaraq cəmiyyətdə tibbi maarifləndirmə aparmaq,əhalinin sağlamlığına dəstək olmaq məqsədi ilə cərrah-mammoloq- onkoloq Eslanda Səlimova ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
– Eslanda xanım, süd vəzisində narahatlıq hiss edən pasiyent ilk olaraq hansı müayinədən keçməlidir?
– Əgər süd vəzində şişkinlik, ağrı, sərtlik və ya digər dəyişiklik müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdır. Həkimin göstərişinə əsasən, ilk olaraq ultrasəs müayinəsi (USM) və ya mammoqrafiya aparılır. Bu iki müayinə bir-birini tamamlayır və daha dəqiq nəticə əldə etməyə imkan verir.
– Mammoqrafiya ilə ultrasəs müayinəsi arasında hansı fərqlər var?
– Ultrasəs müayinəsi 35 yaşa qədər olan qadınlar üçün daha uyğundur, çünki bu yaşda süd vəzi toxuması daha sıx olur. 40 yaşdan yuxarı qadınlarda isə mammoqrafiya əsas diaqnostik üsul sayılır.
Ən ideal variant – 35-40 yaşdan sonra hər iki müayinənin birlikdə aparılmasıdır. Belə olduqda, biri ilə aşkarlanması mümkün olmayan dəyişiklik digər müayinə ilə müəyyən edilə bilər.
– Ailədə süd vəzi xərçəngi olan xanımlar üçün risk hansı səviyyədə olur?
– Əgər birinci dərəcəli qohumlarda – ana, bacı və s. süd vəzi xərçəngi aşkarlanıbsa, bu xanımların xəstəliyə tutulma riski 2 dəfə artır. Əgər bir neçə yaxın qohumda bu diaqnoz olubsa, risk 5 dəfəyə qədər yüksəlir.
Bu cür hallarda BRCA1 və BRCA2 gen mutasiyalarına dair genetik testlər tövsiyə olunur. Çünki bu mutasiyalar mövcud olduqda süd vəzi və yumurtalıq xərçəngi riski 70%-ə qədər yüksələ bilər.
– Kişilərdə süd vəzi xərçəngi mümkündürmü?
– Bəli, kişilərdə də süd vəzi xərçəngi müşahidə oluna bilər. Süd vəzi xərçəngi hallarının təxminən 1%-i kişilərdə qeydə alınır. Lakin bu zaman xəstəlik daha aqressiv və müalicəyə daha çətin tabe olur. Bu səbəbdən kişilər üçün də erkən diaqnostika və genetik risk faktorlarının müəyyən edilməsi çox vacibdir.
– Kişilərdə sinə böyüməsi hər zaman xəstəlik əlamətidir?
– Bu vəziyyətə jinekomastiya deyilir və iki forması mövcuddur:
1. Yalancı jinekomastiya – piylənmə nəticəsində sinə böyüməsi
2. Həqiqi jinekomastiya – süd vəzi toxumasının böyüməsi
Əgər bu vəziyyət 18 yaşdan sonra geriləmirsə və estetik narahatlıq yaradırsa, estetik cərrahiyyə ilə aradan qaldırıla bilər.
– Xanımlarda süd vəzisində ağrı, həssaslıq və ya axıntı nədən qaynaqlanır?
– Süd vəzi ağrıları iki qrupa bölünür:
1. Menstrual dövrə bağlı ağrılar – adətən menstruasiyadan 5-7 gün əvvəl başlayır və sonra keçir.
2. Menstrual dövrdən asılı olmayan ağrılar – hormonal pozğunluq, stress və əzələ gərginliyi ilə əlaqəli ola bilər.
Əgər axıntı müşahidə edilirsə, prolaktin və digər hormon testləri aparılmalıdır.
Həmçinin oxuyun
– Dəridə və ya gilədə forma dəyişikliyi nədən xəbər verə bilər?
– Süd vəzisində portağal qabığına bənzər dəri dəyişikliyi, gilənin içəriyə doğru çəkilməsi, qızartı və sərtlik xərçəngin ilkin əlamətləri ola bilər. Bu kimi hallarda dərhal həkimə müraciət olunmalıdır.
– Süd vəzi xərçəngindən qorunmaq üçün nə etməliyik?
– Sağlam həyat tərzi çox vacibdir:
Düzgün qidalanma və fiziki aktivlik
Siqaret və alkoqoldan uzaq durmaq
Stressin idarə olunması
Vaxtında doğuş (gec yaşda doğuş risk faktorudur)
Uzunmüddətli hormon terapiyasından çəkinmək
– Profilaktik müayinələrə nə vaxtdan başlanmalıdır?
– 35 yaşdan sonra müntəzəm ultrasəs, 40 yaşdan etibarən isə mamoqrafiya müayinəsi tövsiyə olunur. Ailəsində xərçəng keçmişi olanlar daha erkən yaşlardan həkim nəzarətində olmalıdırlar.
– Hər hansı qidaların süd vəzi sağlamlığına təsiri varmı?
– Bəli.
Müsbət təsir edən qidalar:
Meyvələr
Qoz, kətan toxumu
Antioksidantlarla zəngin məhsullar
Mənfi təsir edənlər:
Fast food, duzlu və yağlı qidalar
Spirtli içkilər və siqaret
– Stress və həyat tərzi xəstəlik riskini nə dərəcədə artırır?
– Stress və hərəkətsiz həyat tərzi hormonal balansı poza bilər. Bu isə süd vəzi xərçəngi də daxil olmaqla, müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır. Estrogen balansının pozulması hüceyrə səviyyəsində dəyişikliklərə səbəb ola bilər.
– Müayinə zamanı aşkar edilən düyün hər zaman xərçəngdirmi?
– Xeyr. Tapılan düyünlərin əksəriyyəti xoşxassəli olur – məsələn, kistalar və fibroadenomalar. Lakin istənilən halda, daha ətraflı müayinə və lazım gəldikdə biopsiya aparılmalıdır.
– Biopsiya necə həyata keçirilir? Ağrılı prosesdirmi?
– Bu prosedur keyitmə ilə aparılır, ağrısız və təhlükəsizdir
Təxminən 10 dəqiqə davam edir
Nəticələr 1-2 həftəyə hazır olur
Bu üsul tibbdə "qızıl standart" hesab olunur və ən dəqiq diaqnostik metodlardan biridir.
– Eslanda xanım, maraqlı və faydalı cavablarınıza görə təşəkkür edirik.
– Mən də təşəkkür edirəm. Cəmiyyətimizin bu mövzuda maariflənməsi çox önəmlidir.
Qeyd edək ki, Oxu24.com bundan öncə İİV(HİV) xəstəliyinin yaratdığı təhlükə ilə bağlı müsahibə yayımlamışdı.Sözügedən müsahibəni linkdən oxuya bilərsiniz.
Müsahibəni apardı: Pərvin Şakirqızı
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.