Qaynar xətt:

(+99450) 247 90 86

İki qardaş ölkənin tarixi qərarı: “Əbədi dostluq müqaviləsi” nələri dəyişəcək?  

İki qardaş ölkənin tarixi qərarı: “Əbədi dostluq müqaviləsi” nələri dəyişəcək?  

SİYASƏT

209

25.08.2026, 11:31

Azərbaycan–Özbəkistan münasibətləri son illərdə tarixi və mədəni yaxınlıqdan strateji müttəfiqliyə doğru inkişaf edir. Siyasi etimadın möhkəmlənməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi, nəqliyyat və enerji layihələri iki ölkə arasında əməkdaşlığa yeni məzmun qazandırıb. Bu prosesdə Azərbaycanın milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Türk dünyasında həmrəyliyə əsaslanan xarici siyasəti də mühüm rol oynayır.

Məhz Prezident İlham Əliyevin 23–24 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri bu münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm hadisədir. Səfər çərçivəsində imzalanan “Əbədi dostluq haqqında müqavilə” iki ölkə arasındakı qarşılıqlı etimadı hüquqi müstəvidə daha da möhkəmləndirməklə yanaşı, siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əməkdaşlıq üçün yeni imkanlar yaradır. Müqavilə eyni zamanda Azərbaycan–Özbəkistan tərəfdaşlığının Türk dünyası və region üçün əhəmiyyətini də artırır.

 “Əbədi dostluq haqqında müqavilə”nin imzalanmasını Azərbaycan–Özbəkistan münasibətlərində hansı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar? Bu sənəd iki ölkə arasında mövcud siyasi etimadı konkret olaraq hansı yeni əməkdaşlıq imkanlarına çevirə bilər və onun Türk dünyası üçün strateji əhəmiyyəti nədən ibarətdir?

Bu barədə Oxu24.com-a danışan Millət vəkili Rizvan Nəbiyev bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yolu təkcə iki qardaş dövlət arasında əlaqələrin genişlənməsi deyil, həm də Avrasiya məkanında iki və çoxtərəfli foormatlarda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasının mühüm göstəricisidir:

“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bu münasibətlərin mahiyyətini, əldə olunan nəticələri və gələcək strateji istiqamətləri aydın şəkildə ortaya qoyur. Müsahibədən görünən əsas siyasi nəticə budur ki, ortaq tarixi-mədəni köklərə əsaslanan Azərbaycan–Özbəkistan qardaşlığı artıq institusional, hüquqi və siyasi baxımdan möhkəmlənmiş müttəfiqlik modelinə çevrilib. İki ölkə arasında münasibətlərin ideya-mənəvi təməlini əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və qarşılıqlı rəğbət təşkil edir. Lakin son dövrün əsas xüsusiyyəti bu tarixi yaxınlığın konkret siyasi və institusional məzmun qazanmasıdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və yüksək etimad dövlətlərarası münasibətlərin inkişafını sürətləndirən mühüm amilə çevrilib. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və əlaqələrin xüsusi prioritet daşıdığını göstərir”.

Millət vəkili xatırladıb ki, 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri münasibətlərin yeni mərhələsinin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirdi:

 “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycan və Özbəkistan arasındakı təbii qardaşlığı rəsmən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəltdi. Bununla da əlaqələr uzunmüddətli dövlət strategiyası və hüquqi öhdəliklər üzərində qurulan əməkdaşlıq modelinə çevrildi.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Şura iki ölkə arasında əməkdaşlığın ayrı-ayrı istiqamətlər üzrə koordinasiyasını təmin edən, uzunmüddətli prioritetləri müəyyənləşdirən və strateji qərarların qəbulunu əlaqələndirən əsas institusional platformadır. Bu mexanizm Azərbaycan–Özbəkistan münasibətlərinin  yalnız mövcud siyasi şəraitdən asılı olmadığını, gələcəyə hesablanmış sistemli xarakter daşıdığını nümayiş etdirir.

Müttəfiqliyin mühüm geoiqtisadi ölçüsünü nəqliyyat və logistika əməkdaşlığı təşkil edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərq–Qərb istiqamətində yaranan yeni nəqliyyat-kommunikasiya arxitekturasının təbii tərəfdaşlarına çevirir. 2025-ci ildə tranzit daşımalarının həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin ilk yarısında isə əlavə 12,2 faiz artımın qeydə alınması bu əməkdaşlığın real iqtisadi dinamika qazandığını göstərir.

Bu kontekstdə Orta Dəhlizin inkişafı xüsusi strateji əhəmiyyət daşıyır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhliz və TRIPP istiqamətləri ilə daha sıx inteqrasiyası Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni tranzit sinerjisi yarada bilər. Belə bir inteqrasiya Özbəkistanın qlobal bazarlara çıxış imkanlarını genişləndirərkən, Azərbaycanın da Avrasiyanın əsas logistika qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək. Başqa sözlə, Azərbaycan–Özbəkistan əməkdaşlığı tədricən ikitərəfli nəqliyyat gündəliyindən regional bağlantılar sisteminin formalaşdırılmasına doğru inkişaf edir”.

Müsahibimiz qeyd edib ki, enerji sahəsində, xüsusilə yaşıl enerji istiqamətində əməkdaşlıq da yeni geosiyasi məzmun qazanır:

“Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə yaradılmış “Yaşıl Dəhliz Birliyi” Mərkəzi Asiya–Azərbaycan enerji əməkdaşlığının yeni modelini formalaşdırır. Bu layihənin mahiyyəti yalnız bərpaolunan enerjinin istehsalı və ixracı ilə məhdudlaşmır. Söhbət Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan vasitəsilə daha geniş regional və beynəlxalq bazarlara çıxarılması perspektivindən gedir. Geniş coğrafi mənada Xəzərin iki sahili arasında enerji bağlantılarının yaradılması gələcəkdə regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Azərbaycan–Özbəkistan münasibətlərinin strateji ölçüsünü gücləndirən digər mühüm amil Türk dünyası çərçivəsində əməkdaşlıqdır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatını sadəcə çoxtərəfli əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi və mədəni kimliyə əsaslanan siyasi, iqtisadi və humanitar inteqrasiyanın əsas mexanizmlərindən biri kimi qiymətləndirir. TDT çərçivəsində nəqliyyat, enerji, iqtisadiyyat, təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi Türk dünyasının beynəlxalq sistemdə siyasi və iqtisadi çəkisinin artmasına xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsində diqqəti cəlb edən əsas geosiyasi məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar əvvəlki “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi deməkdir.

Bu dəyişiklik sadəcə iştirakçıların sayının artması deyil, mühüm və geniş perspektivləri olan strateji qərardır. Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yerləşən xarici tərəfdaş deyil, regionun iqtisadi, nəqliyyat, enerji və siyasi prosesləri ilə sıx bağlı strateji aktora çevrilir. Azərbaycan və Özbəkistanın nümunəsində , C 6-lıq dövlətlərinin daha sıx koordinasiyası vahid geoiqtisadi məkanın formalaşmasına şərait yaradır. Azərbaycan bu prosesə özünün inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları, Avropa və Qafqazla bağlantıları, eləcə də siyasi-diplomatik təcrübəsi ilə mühüm töhfə verir”.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxdığını göstərir: 

“Bu münasibətlər tarixi qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlməsi isə daha geniş regional inteqrasiya modelinə doğru inkişafı göstərir.

Siyasi etimad, yüksək səviyyəli dialoq, institusional mexanizmlər, nəqliyyat və enerji layihələri, Türk dünyası çərçivəsində inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya ilə yeni formatda yaxınlaşması bir-birini tamamlayan vahid strateji sistem formalaşdırır.

Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki dövlətin milli maraqlarına xidmət edən tərəfdaşlıq deyil. O, eyni zamanda Türk dünyasının daha sıx inteqrasiyası, Orta Dəhlizin inkişafı, yaşıl enerji marşrutlarının yaradılması, Mərkəzi Asiya ilə Cənubi Qafqazın geoiqtisadi baxımdan yaxınlaşması və bütövlükdə Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasının mühüm dayaqlarından birinə çevrilməkdədir.

Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.

Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır”.

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış “Əbədi dostluq haqqında müqavilə” iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini çox aydın şəkildə ortaya qoyur:

“Sənədin əsasını dostluq, qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik təşkil edir. Tərəflər bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstəyi bir daha təsdiqləyirlər. Bu, iki dövlət arasında münasibətlərin yüksək qarşılıqlı etimad üzərində qurulduğunu göstərən mühüm hüquqi təsbitdir.

Müqavilənin əhəmiyyətini ümumən  beş əsas istiqamətdə qiymətləndirmək olar:

Siyasi-strateji tərəfdaşlıq və müttəfiqlik;

Təhlükəsizlik və qarşılıqlı etimad;

İqtisadi və texnoloji tərəfdaşlıq;

Nəqliyyat və regional bağlantılılıq;

Xalqlararası əlaqələri və birgə dəyərlər,

Humanitar və mədəni inteqrasiya – dil, təhsil, elm, mədəniyyət, gənclər, turizm və şəhərlərarası əlaqələrin inkişafı.

Tərəflər çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının əsas əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli istifadə etmək və bu mexanizm çərçivəsində fəal qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəldilər”.

Millət vəkili qeyd edib ki, “Əbədi dostluq haqqında müqavilə” Azərbaycan və Özbəkistan münasibətlərini yalnız dostluq ifadələri ilə deyil, çoxsaylı konkret əməkdaşlıq istiqamətləri və qarşılıqlı öhdəliklərlə möhkəmləndirən geniş hüquqi çərçivədir:

“Burada siyasi etimad təhlükəsizlik əməkdaşlığı ilə, iqtisadi tərəfdaşlıq nəqliyyat və logistika imkanları ilə, humanitar yaxınlıq isə elm, təhsil, dil, mədəniyyət və turizmlə tamamlanır. Müqavilənin mətnindən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər hərtərəfli, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə söykənir. “Əbədi dostluq” anlayışının sənəddə konkret hüquqi və praktiki məzmunla ifadə olunması da bu münasibətlərin möhkəm əsaslara malik olduğunu göstərən ən mühüm məqamlardan biridir

Müqavilənin mühüm xüsusiyyətlərindən biri qarşılıqlı təhlükəsizlik və etimad məsələlərinin konkret şəkildə əks olunmasıdır. Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək fəaliyyətlərdə iştirak etməməyi, öz ərazilərindən digər tərəfə qarşı belə fəaliyyət üçün istifadə olunmasına yol verməməyi öhdələrinə götürürlər. Bununla yanaşı, müqavilənin üçüncü dövlətlərə qarşı yönəlmədiyi xüsusi olaraq qeyd olunur. Müqavilənin iqtisadi məzmunu xüsusilə genişdir. Tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək, sənaye kooperasiyasını inkişaf etdirmək və energetika, nəqliyyat-logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar kimi strateji sahələrdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər. Eyni zamanda, yüklərin və sərnişinlərin daşınmasının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin tranzit imkanlarının artırılması və iki ölkə arasında nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, sənədin mahiyyəti Azərbaycan və Özbəkistan arasında etibarlı, sabit və qarşılıqlı faydalı münasibətləri möhkəmləndirməkdir”.

Deputat sənədin iki ölkə arasında siyasi əməkdaşlığı daha sistemli və davamlı xarakterə daşıdığını diqqətə çatdırıb:

 “Parlamentlərarası əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi və xarici işlər nazirlikləri xətti ilə daimi məsləhətləşmələrin aparılması üçün mexanizmlər müəyyən edilir. Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müntəzəm fikir mübadiləsinin aparılması da iki ölkə arasında siyasi dialoqun davamlılığını təmin edən mühüm istiqamətdir”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.

Miri Məcidli