Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevin İrəvan mesajı dünya gündəmində: İndi regionda qaydaları Bakı müəyyən edir     —  TƏHLİL

İlham Əliyevin İrəvan mesajı dünya gündəmində: İndi regionda qaydaları Bakı müəyyən edir     —  TƏHLİL

SİYASƏT

300

05.05.2026, 14:13

Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvanda keçirilən 8-ci Zirvə toplantısı təkcə regional məsələlərin müzakirəsi ilə məhdudlaşmayaraq, mühüm siyasi mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı isə xüsusi diqqət çəkdi. Dövlət başçısı çıxışında regionda formalaşan yeni reallıqlara, postmünaqişə dövründə sülh gündəliyinə və əməkdaşlıq imkanlarına toxunmaqla yanaşı, Avropa institutları ilə münasibətlərə də aydınlıq gətirdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər mövcud gərginliyin mahiyyətini ortaya qoydu. Bu yanaşma son illərdə bəzi Avropa qurumlarının Azərbaycana münasibətdə sərgilədiyi mövqeyə verilən siyasi cavab kimi dəyərləndirilə bilər. Eyni zamanda, çıxış Azərbaycanın həm regional əməkdaşlığa açıq olduğunu, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Bu barədə Oxu24.com-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən tədbirinə videobağlantı vasitəsilə qoşularaq bir sıra mühüm mesajlar verib. Onun sözlərinə görə, bu mesajlar arasında Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı nümayiş etdirdiyi qərəzli mövqeyə kəskin tənqid xüsusi yer tutur:

“Belə ki, 2021-ci ildən etibarən Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib və bu sənədlərin hamısı qərəzli, yalan və uydurma iddialar üzərində qurulub. Bu qətnamələr erməni diasporu və lobbi qruplarının müxtəlif siyasi rıçaqlardan istifadə etməklə digər ölkələrdə qəbul etdirdikləri sənədlərlə üst-üstə düşür və bu da onların  eyni “mərkəzdə” hazırlandığını göstərir. Avropa Parlamentinin bəzi üzvlərinin həmin lobbi qruplarının dəstəyi ilə bu sənədlərin qəbuluna təşəbbüs göstərməsi, müəyyən öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər. Parlamentdə xüsusilə Fransa və ona yaxın ölkələrin təmsilçilərinin üstünlük təşkil etməsi, həmin ölkələrdə erməni diasporunun fəallığı ilə birlikdə belə qətnamələrin ortaya çıxmasına zəmin yaradır. Bu addımlar regionda gedən sülh prosesinə zərbə vurmaqla yanaşı, yeni siyasi reallıqlar fonunda gərginliyin artmasına xidmət edir”.

Deputat qeyd edib ki, bu cür yanaşmalar bölgədə son doqquz ay ərzində formalaşan sülh prosesinə ciddi təhdid yaradır və 8 avqust 2025-ci ildə ABŞ-da əldə olunmuş Vaşinqton razılaşmasına ziddir:

 “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə hədəfə alınması ilə bağlı yanaşmalar qərəzlidir. 44 günlük Vətən müharibəsinədək beynəlxalq institutların, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətində əsas məqsəd status-kvonun qorunması olub. Halbuki Azərbaycan Ermənistanın hərbi təxribatlarına cavab olaraq öz torpaqlarını işğaldan azad edərək qələbə qazanıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində konstitusion quruluş tam bərpa olunub. Bu, həm də beynəlxalq hüququn təntənəsidir. Çünki BMT Təhlükəsizlik Şurası vaxtilə Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı dörd qətnamə qəbul etsə də, onların icrası uzun illər təmin edilməmişdi və Azərbaycan bu qətnamələri öz gücü ilə reallaşdırdı. Ermənistan isə uzun illər işğalçılıq siyasətindən geri çəkilməyib və bəzi beynəlxalq təsisatların fəaliyyəti də real həllə deyil, vəziyyətin dondurulmasına xidmət edib. Məhz Azərbaycanın atdığı addımlar nəticəsində status-kvo dəyişdi və beynəlxalq hüququn üstünlüyü təmin olundu. Bunu qəbul etmək istəməyən bəzi Qərb institutları, o cümlədən Avropa Parlamenti və digər qurumlar müxtəlif vasitələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə davam edirlər. Bütün bu cəhdlərə baxmayaraq, hazırda Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesi sürətlənməkdə davam edir”.

Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərarı mövcud vəziyyət fonunda tam adekvat və gözlənilən addım idi. Azərbaycan tərəfi dəfələrlə Avropa Parlamentinə müraciət edərək bu qurumdan ölkəmizlə bağlı mövqeyinə yenidən baxmağı, daha obyektiv və qərəzsiz yanaşma sərgiləməyi tələb edib:

“Rəsmi Bakı xüsusilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin gücləndirilməsinə, Azərbaycanın təşəbbüs göstərdiyi əməkdaşlıq və sabitlik prinsiplərinə dəstək verilməsini gözləyirdi. Avropa Parlamenti bu çağırışlara baxmayaraq mövqeyini dəyişmək niyyətində olmayıb. Oxşar vəziyyət daha əvvəl də yaşanıb: 2015-ci ildə Azərbaycan məhz bu cür qərəzli yanaşmalara görə Avropa Parlamenti ilə münasibətləri dayandırmışdı. 2016-cı ildə isə qarşı tərəfin çoxsaylı müraciətlərindən sonra müəyyən ümidlər yaransa da, sonrakı proseslər bu gözləntilərin özünü doğrultmadığını göstərdi və 2020-ci ildən sonra bu mövqe daha da sərtləşib.

Bu gün Avropanın özü ciddi problemlərlə – islamofobiya, ksenofobiya, miqrasiya və qida təhlükəsizliyi kimi çağırışlarla üz-üzədir. Buna baxmayaraq, Avropa Parlamenti diqqəti bu məsələlərə yönəltmək əvəzinə, Azərbaycanı hədəf almağa davam edir. Bu, Avropa İttifaqına üzv olmayan ölkələrin daxili və regional proseslərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər və müəyyən lobbi qruplarının maraqlarına xidmət edir.  Azərbaycanın yaratdığı yeni reallıq bu yanaşmalarla uzlaşmır və Ermənistanda hakimiyyət dairələri də bu reallığı nəzərə alaraq, kənar müdaxilələrə qarşı daha prinsipial mövqe sərgiləməli və regionda dayanıqlı sülhün təmin olunmasına töhfə verməlidir”.

Bu barədə Oxu24.com-a danışan Millət vəkili Zaur Şükürov qeyd edib ki, ölkə başçısının əvvəlki dövrlərdə də istər müxtəlif beynəlxalq platformalarda, istərsə də yerli və xarici mediaya müsahibələrində olduğu kimi,  "Avropa Siyasi Birliyi"nin (ASB) 8-ci Zirvə toplantısındakı çıxışı da Azərbaycanın Cənubi Qafqazın siyasi, hərbi, iqtisadi, nəqliyyat və enerji arxitekturasında yaratdığı yeni reallıqlara, sülh təşəbbüslərinə diqqət çəkməklə yanaşı, dövlətimizin milli maraqlara cavab verən praqmatik xarici siyasət kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi:

“Prezident İlham Əliyev çıxışında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımları, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan sülh sammiti, o cümlədən sülhün bərqərar olması istiqamətində ölkəmizin təşəbbüsləriin qeyd edərək, hazırda 9 aydır davam edən de-fakto sülh əsasında Azərbaycanın 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını, indiyə qədər Azərbaycan ərazisi vasitəsilə bu ölkəyə 28 min ton yük çatdırıldığını,  hətta əlavə addımlar atılaraq, ilk dəfə ticarət münasibətlərinə başlanıldığını, neft məhsullarımızın - benzin və dizelin Ermənistana təchiz edildiyini bildirdi.

Bu çıxış regionumuzda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün zəruri addımlar barədə bir ismarış və çağırış olmaqla yanaşı, AŞPA və Avropa Parlamenti kimi Avropa təsisatlarının ölkəmizə qarşı uzun illər ərzində nümayiş etdirdiyi ikili standart və qərəzli yanaşmanın, sülh və əməkdaşlığa xələl gətirən mövqeyin ifşası idi.  Prezident ikili standartların bu gün sanki AŞPA-nın iş təlimatına çevrildyini və Azərbaycanın ərazi bütövlüyünün istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malik olduğunu bildirərək, bu məsələdə ikili standartların qəbuledilməzliyini vurğuladı.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsi səbəbindən, Avropa Parlamentinin ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almasını qeyd edən ölkə başçısı, cavab olaraq Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul etdiyini diqqətə çatdırdı”.

Millət vəkili vurğulayıb ki, ikinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsi əsl riyakarlıq və qərəz nümunəsi hesab edilə bilər:

“Milli Məclisin bu qərarı ölkəmizin öz milli maraqlarının və prinsipial mövqeyinin ardlcıl şəkildə müdafiə etməsinin göstəricisi olmaqla yanaşı,   Avropa Parlamentinə  adekvat və tutarlı cavab kimi qiymətləndirilməlidir.

Erməni lobbi təşkilatlarnın hələ də təsri altında olan bu təsisatların və Avropanın bir sıra siyasətçilərinin Azərbaycanın öz gücü hesabına  ərazi bütövlüyünü və suverenliyini bərpa və təmin etməsi ilə barışmaq istəməməsi dolayısı ilə regionumuzda sülh və sabitliyə mənfi təsir göstərən amillərdir. Müxtəlif bəyanat və qətnamələr vasitəsilə ölkəmizə təzyiq göstərməyi hədəfləyən bu dairələr unudurlar ki, döyüş meydanında şanlı zəfər qazanan qalib Azərbaycana qarşı bu kimi riyakar və təxribatçı əməllər yenə də heç bir nəticə verməyəcək və dövlətimiz qarşıya qoyduğu hədəflərə nail olacaq. 

Prezidentimizin də qeyd etdiyi kimi, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

Müəllif: Mehim Mehmanqızı