Qaynar xətt:

(+99450) 247 90 86

İrana hücumlar niyə dayandırıldı? - Trampın qərarının pərdəarxası

İrana hücumlar niyə dayandırıldı? - Trampın qərarının pərdəarxası

DÜNYA

71

27.07.2026, 10:14

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi təzyiqin genişləndirilməsi planlarını hələlik təxirə salıb.

Oxu24.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar iyulun 24-də Trampın baş müşavirləri və yüksəkvəzifəli rəsmilərin iştirakı ilə keçirilən iclasdan sonra qəbul edilib. Müzakirələr zamanı mümkün hərbi eskalasiyanın ABŞ və müttəfiqləri üçün yarada biləcəyi risklər əsas mövzu olub.

Məlumata görə, Ağ Ev xüsusilə Yaxın Şərqdə yerləşdirilən Patriot hava hücumundan müdafiə sistemlərinin raket ehtiyatlarının sürətlə tükənə biləcəyindən narahatdır. Eyni zamanda, münaqişənin genişlənməsinin regionda vəziyyəti daha da gərginləşdirəcəyi, Fars körfəzi ölkələri ilə münasibətlərə mənfi təsir göstərəcəyi və qlobal iqtisadiyyatda yeni risklər yaradacağı ehtimal edilir.

Mənbələrin sözlərinə görə, Trampın yaxın çevrəsində yalnız az sayda şəxs hərbi əməliyyatların genişləndirilməsini dəstəkləyib. Yüksəkvəzifəli amerikalı rəsmilərdən biri hesab edir ki, yeni zərbələr İranı danışıqlara məcbur etməyəcək, əksinə, ölkə daxilində xarici təhdidə qarşı birliyi daha da gücləndirəcək.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında 60 günlük atəşkəs, müharibəyə son qoyulması üçün danışıqların başlanması və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan memorandum imzalanmışdı. Lakin sonradan tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edib və hərbi gərginlik yenidən artıb.