Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli virus qapımızda – Azərbaycan bu ölkə ilə ƏLAQƏLƏRİ KƏSİR?

news/2026_02_16/stop_1771250928.jpg

CƏMİYYƏT

58

16.02.2026, 18:19

Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfərdə meymunçiçəyi (mpox) infeksiyasının aşkarlanması regionda epidemioloji vəziyyətə diqqəti yenidən artırıb. Xəstələrin şəhər klinikalarından birinə yerləşdirildiyi, vəziyyətlərinin orta ağır olduğu bildirilir. İlkin məlumatlara görə, yoluxma faktı qeydə alınan şəxslər tibbi nəzarət altındadır və təmasda olduqları şəxslərlə bağlı araşdırma aparılır.

Meymunçiçəyi virusu əsasən yoluxmuş insanla sıx fiziki təmas zamanı ötürülür. Xüsusilə dəri səpgiləri, qabarcıqlar və selikli qişalarla birbaşa kontakt əsas yoluxma yoludur. Bundan başqa, yoluxmuş şəxsin istifadə etdiyi geyim, yataq dəsti və digər məişət əşyaları da risk faktoru hesab olunur. Virusun hava-damcı yolu ilə geniş yayılması COVID-19 qədər intensiv olmasa da, uzunmüddətli yaxın təmas zamanı ötürülmə mümkündür. Xəstəliyin inkubasiya dövrü adətən 5–21 gün arasında dəyişir. İlkin simptomlara yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və halsızlıq daxildir. Bir neçə gün sonra isə xarakterik dəri səpgiləri meydana çıxır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ilin yanvarından 2024-cü ilin noyabr ayınadək dünyada 117 mindən çox yoluxma halı qeydə alınıb. Yoluxmaların böyük hissəsi Afrika qitəsində müşahidə olunur. Xüsusilə Konqo Demokratik Respublikası, Burundi və Uqandada genişmiqyaslı yoluxma dalğaları davam edir. Bu ölkələrdə səhiyyə imkanlarının məhdudluğu və erkən diaqnostikanın çətinliyi vəziyyəti daha da ağırlaşdırır.

 Oxu24.com mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən tanınmış professor Adil Qeybulla bildirib ki, Rusiyada yeni halların qeydə alınması Cənubi Qafqaz regionu üçün də diqqətlə izlənilməli məsələdir:

“Hazırda meymunçiçəyi pandemiya səviyyəsində təhlükə yaratmır. Lakin beynəlxalq səyahətlər, əmək miqrasiyası və regional iqtisadi əlaqələr virusun sərhədlər arasında keçidini mümkün edir. Azərbaycanda indiyədək kütləvi yayılma müşahidə olunmayıb. Amma bu, gələcəkdə riskin tamamilə istisna edilməsi demək deyil”.

Professorun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi tranzit ölkə kimi əhəmiyyətlidir və ölkəyə müxtəlif istiqamətlərdən axın var:

“Risk əsasən xəstəliyin geniş yayıldığı ölkələrdən gələn şəxslərlə bağlıdır. Lakin hazırda Azərbaycanda epidemioloji nəzarət sistemi kifayət qədər güclüdür. Sərhəd-keçid məntəqələrində sanitar nəzarət, şübhəli halların laborator diaqnostikası və təcridetmə imkanları mövcuddur”.

Adil Qeybulla xüsusilə vurğulayıb ki, virusun Azərbaycanda geniş yayılma ehtimalı aşağı qiymətləndirilsə də, fərdi halların ortaya çıxması mümkündür:

“Əsas məsələ vaxtında diaqnoz və operativ izolyasiyadır. Meymunçiçəyi sürətlə yayılmır, lakin yaxın təmas olan mühitlərdə – ailədaxili əlaqələr, tibbi müəssisələr və ya qapalı kollektivlərdə – ötürülmə riski artır. Əhali təşvişə düşməməli, amma diqqətli olmalıdır. Xüsusilə immun sistemi zəif olan şəxslər, xroniki xəstəliklərdən əziyyət çəkənlər və azyaşlılar daha həssas qrup sayılır. Ağırlaşmalar nadir hallarda baş versə də, bakterial dəri infeksiyaları, pnevmoniya və sepsis kimi hallara səbəb ola bilər. Buna görə də gigiyena qaydalarına riayət etmək, şübhəli simptomlar müşahidə edildikdə özünü təcrid etmək və dərhal həkimə müraciət etmək vacibdir”.

Professor qeyd edib ki, hazırkı vəziyyət göstərir ki, qlobal miqyasda meymunçiçəyi nəzarət altındadır, lakin tam aradan qalxmayıb.

Məsələnin iqtisadi tərəfinə gəlincə isə iqtisadçı ekspert Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, hazırkı mərhələdə meymunçiçəyi səbəbindən yeni qapanmalar gözlənilmir:

“Bu virusun yayılma mexanizmi və sürəti COVID-19-la müqayisə edilə bilməz. Ona görə də genişmiqyaslı lokdaun və sərt məhdudiyyətlərin tətbiqi iqtisadi baxımdan real görünmür. Dövlətlər artıq pandemiya təcrübəsindən nəticə çıxarıb və daha hədəfli, lokal tədbirlərə üstünlük verirlər”.

Əkrəm Həsənov

Əkrəm Həsənovun fikrincə, Rusiyadan Azərbaycana idxal olunan mallara qarşı hər hansı ümumi qadağanın tətbiqi də hazırda real ssenari deyil:

“Meymunçiçəyi əsasən birbaşa fiziki təmasla ötürülür. Mallar və ticarət yükləri vasitəsilə geniş yayılma riski elmi baxımdan çox aşağıdır. Buna görə də ticarət dövriyyəsinə kütləvi məhdudiyyətlər iqtisadi cəhətdən əsaslandırılmış sayılmaz. Azərbaycanla Rusiya arasında böyük ticarət dövriyyəsi var və belə bir addım hər iki tərəf üçün iqtisadi itkilərə səbəb ola bilər.”

Ekspert əlavə edib ki, yalnız epidemioloji vəziyyət kəskin şəkildə pisləşərsə və beynəlxalq təşkilatlar xüsusi tövsiyələr verərsə, müəyyən sanitariya nəzarət tədbirləri gücləndirilə bilər:

“Lakin bu, daha çox sərhəd-keçid məntəqələrində tibbi yoxlamaların artırılması və riskli regionlardan gələn şəxslərə nəzarətin gücləndirilməsi formasında ola bilər”.

İqtisadçı hesab edir ki, hazırkı mərhələdə əsas risk psixoloji və informasiya faktorudur:

“Əgər cəmiyyətdə panika formalaşarsa, bu, turizm sektoruna və xidmət sahəsinə təsir göstərə bilər. Lakin obyektiv epidemioloji göstəricilər aşağı səviyyədə qalarsa, iqtisadi sabitlik üçün ciddi təhlükə yoxdur”.