Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
05 Dekabr 2025, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
469
28.11.2025, 13:09
Ayağımız altında bir şəhər yatır...
Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir. Çöl-biyabanda yol qurtarır və vəhşi təbiətin qoynunda piyada gəzintiyə çıxırıq. Təqribən min il əvvəl qazılmış, artıq içərisi qaya uçuntuları ilə dolmuş su arxını keçib təpəyə dırmanırıq. Yüksəklikdə qarşımıza üstünü yabanı bitkilər örtmüş geniş sahə açılır. Bələdçimiz, tarixçi-pedaqoq Asif Cəfərli deyir: “Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır...”
700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib
Bura qədim Beyləqandır. Yüz illər boyunca daim öz muxtariyyəti uğrunda çarpışan, fatehlərin ələ keçirməyə can atdığı, Şərqə böyük mütəfəkkir və sərkərdələr bəxş edən, dünyanın müxtəlif ölkələrindən tacirlərin üz tutduğu, özünəməxsus sənətkarlıq məktəbi olan, axar suları və meyvəli bağlarına İbn Haqvəlin valeh oduğu, şirniyyatından Əl-Müqəddəsinin doymadığı, möhürünə Məhəmməd peyğəmbərin adı həkk olunan diyar…
Beyləqan şəhərinin əsası 495-ci ildə Sasani hökmdarı I Qubad tərəfindən qoyulub. Mərhum Asif Cəfərli hesab edirdi ki, şəhərin adı minilliyin əvvəlindən bu ərazidə məskunlaşmış bel tayfası ilə bağlıdır, “bellərin məkanı” mənasını ifadə edir. Amma, burada başqa xalqların nümayəndələri də yaşayıb. Mənbələrə görə 13-cü əsrin əvvəlində Beyləqan əhalisinin sayı təqribən 40 min nəfər olub.
1221-ci ilin oktyabr-noyabr aylarında şəhər monqollar tərəfindən tutulub. Bir il sonra bu yerə gürcülər hücum çəkərək ona böyük zərər yetiriblər. 1231-ci ildə Çingiz xanın qəzəbinə düçar olan şəhər tam süqut edib, əhalisi qılıncdan keçirilib. 14-cü əsrin sonlarında Teymurləng Beyləqanın bərpasına çalışsa da, bu iş yarımçıq qalıb. Beləcə burada insan yaşayışı bitib.
Zamanın sonrakı dönəmlərində bu viranə yurdun qalan tikililərini yağış yuyub, gün döyüb, külək ovub, zəlzələ uçurub. Ağqoyunluların, qaraqoyunluların, səfəvilərin, Nadir şahın, Qacarın qoşunlarının, hər il aran-yaylaq arasında köç edən elatın tapdağı altında qalan xarabalıq o dərəcədə yerlə-yeksan olub ki, 20-ci əsrdə onun harada yerləşməsi ətrafında ziddiyyətli fikirlər səslənib, mübahisələr yaranıb.
Ərəb səyyahı ibn Xordabeh “Yollar və ölkələr haqqında kitab”ında Beyləqan qalasının təsvirini verib, onun çiy kərpicdən tikildiyini qeyd edib. Tarixi mənbələrdə Beylaqan, Bilaqan, Balasakan, Bilgan, Paytakaran, Millər və s. adlarla keçən bu şəhərin Kürlə Arazın birləşdiyi yerdə, Qarqarçayın sol sahilində, yaxud indiki Lənkəran ərazisində mövcud olduğu ehtimal edilib. Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya 1933-cü ildə təşkil olunub. Şəhər xarabalığının qalıqları yalnız ötən əsrin 50-ci illərində aşkar olunub. Şəhərin qalıqları 40 hektara yaxın ərazini əhatə edir. Amma, Asif Cəfərli bildirirdi ki, Beyləqan ilk vaxtlar 22 hektarlıq “Böyük şəhər”dən ibarət olub. “Kiçik şəhər” və “Sənətkarlar məhəlləsi” sonradan yaranıb. Şəhər 10 metr hündürlüyündə, 6 metr enliyində olan mühafizə barısı ilə əhatələnib.
Tədqiqatçının fikrincə, üzük qaşı kimi şəhərin başına dolanan arxlar, su təchizatı ilə yanaşı, mühafizə məqsədi də daşıyıb: “Bu arxı Sasani hökmdarı tutduğu əsirlərə qazdırıb və onun vasitəsilə Araz çayından Beyləqana su gətirilib. O dövrdə əsirlərə “kavr” deyildiyindən, arx da “Kavr arxı” adlandırılıb. Arxın üzərində asma körpü olub. Mühafizə güclü təşkil edildiyindən monqollar qalanı böyük itki hesabına alıb.”
Orta əsr şəhərində demokratik idarəçilik
Beyləqan orta əsrlərdə Azərbaycan ərazisində öz müstəqilliyini qoruyan tək-tük qala-şəhərlərdən biri hesab edilir. Müxtəlif vaxtlarda şəhər Sacilər, Şəddadilər və Atabəylər dövlətlərinin tərkibinə qatılıb. Səlnamələrdə bunun şərtlər daxilində olduğu qeyd edilib, şəhərə qismən muxtariyyət verilib.
Hətta tarixin elə dönəmi olub ki, 2-3 il müddətində qala müstəqil olaraq öz idarəçiliyini həyata keçirib. Burada, müasir dövrümüzün parlamentli respublikalarında olan kimi, seçki yolu ilə Ağsaqqallar Şurası yaradılıb və qərarlar kollegiyal şəkildə qəbul edilib.
Asif Cəfərli diqqəti buna da çəkirdi ki, Azərbaycanda xalq azadlıq hərəkatı ilk olaraq Beyləqanda başlayıb, buradan böyük sərkərdələr çıxıb: “Babək hərəkatından 80 il əvvəl burada Xəlil üsyanı olub. Qəssab Müsafirin üsyanı başqa yerlərdə də etirazların yaranmasına səbəb olub. Beyləqan hakimi Əbu Musa zəif qüvvə ilə 200 minlik monqol ordusunun 28 həmləsini dəf edib.”
Heyrətamiz tapıntılar
Beyləqanda dulusçuluq, boyaçılıq, zərgərlik də daxil 30-dan çox sənət növü ilə məşğul olunub. Beyləqan bazarına Ərdəbildən, Dərbənddən tutmuş ta Hindistan və Çinədək tacirlər axışıb gəlirdi. Orta əsrlərə aid mənbələrdə bu şəhəin Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi olmağı qeyd edilib. Arxeoloji qazıntılar zamanı tapılan qabın üzərində “Fəzlun Beyləqanda hazırlamışdır” sözləri oxunub ki, bu da yerli istehsal olan bəzi məhsulların başqa ölkələrə ixrac edildiyini təsdiqləyir. Sonrakı qazıntılarından azı 150 möhür surəti aşkar olunub (usta Bədəl, Ömər oğlu İsa və s. şəxslərin adları qeyd olunub.) Bəzi qablar üzərində usta adları yox, lirik şeirlər, qabın gələcək sahibinə xeyirxahlıq arzulayan mətnlər və hikmətli sözlər yazılıb. Arxeoloji materiallar Azərbaycan incəsənətinin, xüsusilə dekorativ tətbiqi sənətlərin ümummüsəlman incəsənəti üçün səciyyəvi əlamətləri daşımaqla yanaşı, həm də sırf yerli, məhəlli xüsusiyyətlərə malik olduğunu göstərir.
Qiymətli tapıntılar arasında üzərində Məhəmməd peyğəmbərin və 12 imamın adı yazılmış möhür-üzük də var. Ehtimal edilir ki, ondan sənədlərin və müqavilələrin təsdiqi üçün istifadə edilib. Şəhərin xarabalığında aşkar edilən su kəməri və kanalizasiya sistemi, mədəni-məişət tikililəri, hamam və s. orta əsrlər Azərbaycan şəhərinin inkişaf səviyyəsini göstərir.
Ən möhtəşəm memarlıq nümunəsi Mil minarəsi hesab oluna bilər. “Azan” səsləndirilən uca qüllədən, ətraf ərazilərə nəzarət etmək üçün "gözətçi məntəqəsi" kimi də istifadə olunub. Minarənin alt hissəsində isə mədrəsə fəaliyyət göstərib. Böyük sənətkarlıqla düzəldilmiş fiqurlu və rəngli bişmiş kərpiclər məscidin binasının yüksək memarlıq səviyyəsində tikildiyini göstərir. Məscidin hörgüsündə düzbucaqlı, romb, kvadrat, çoxbucaqlı, dairəvi, üçbucaqlı və s. formada olan iri müxtəlif rəngli (ağ, firuzəyi, şabalıdı) kaşılarla bərabər, mozaika qopuqlarına bənzər xırda fiqurlardan da istifadə olunmuşdur. Kaşıların xeyli hissəsinin kufi xətti ilə yazılmış yazılara və toxuma naxışlara aid olması onların dar və uzun, bəzən dirsəkli formasından aydın olur. Minarənin ətrafında 10-dan çox türbə olduğu müəyyən edilib. Bütün bu abidələr kompleksi 11-13-cü əsrin əvvəllərinə aiddir. Onun qalıqları bir neçə əsr sonra A. Baxıxanovun da diqqətini cəlb edib.
Asif Cəfərli ürək yanğısı ilə bildirirdi ki, elmin, mədəniyyətin, ictimai mühitin yüksək inkişaf səviyyəsi Beyləqanda böyük şəxsiyyətlərin - alimlər, şairlər, sənətkarların yetişməsinə səbəb olub: “Onların içərisindən şair və səlnaməçi Məsud ibn Namdarı, Atabəylər dövlətinin “məlikül-şüara”sı Mücirəddin Beyləqanini, Bağdad şəhərində Xilafətin xarici siyasətini həyata keçirən, həm də dövrünün böyük şairi Hümbətulla Beyləqanini, Yəməndə fəlsəfi məktəbin əsasını qoyan, islam dünyası üçün alimlər yetişdirən, qanunlar hazırlayan Həsən və Hüseyn Zəki əl-Beyləqaniləri qeyd etmək olar. Mənim araşdırmama görə, Azərbaycan ədəbiyyatında dastançılıq da buradan başlanıb.”
Tədqiqatçı qeyd edirdi ki, ərazidən tapılan qabın üzərində planetlərin hərəkət cədvəli əks olunub. Burada elə şüşə qablar istehsal edilib ki, kimya elminə bələd olmadan onları hazırlamaq olmazdı. Atabəylər dövlətinin sikkəxanalarının biri bu şəhərdə yerləşib. Avropalıların 13-cü əsrdə yaratdığı “sehrli kvadrat”ı beyləqanlı usta Əhməd iki əsr əvvəl saxsı qab üzərində işləyib. Bu tapıntılarla Örənqala abidəsi alimlərin özünü belə heyrətləndirir.
Bu qala- sirli qala...
“Beyləqan yaşayış yeri” dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət tərəfindən qorunur. Amma burada elmi tədqiqat işləri hələ də başa çatdırılmayıb. Torpaq sadəcə möhtəşəm bir şəhərin üstünü örtməyib, həm də tariximizin, mədəniyyətimizin böyük bir parçası üzərinə sirr pərdəsi çəkib. Bu yerdə yeni tədqiqatlar maddi mədəniyyət abidələrini kompleks şəklində öyrənməklə yanaşı, yazılı qaynaqlarda əksini tapmış bir çox tarixi faktları üzə çıxarmaq baxımından da qiymətli ola bilər.
Azər Əli
Oxu24.com üçün
12:36 / 05 Dekabr 2025
1
12:34 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
9
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
18
12:03 / 05 Dekabr 2025
656
11:55 / 05 Dekabr 2025
38
11:48 / 05 Dekabr 2025
48
11:42 / 05 Dekabr 2025
160
11:36 / 05 Dekabr 2025
115
11:33 / 05 Dekabr 2025
124
11:17 / 05 Dekabr 2025
724
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
69
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
240
10:30 / 05 Dekabr 2025
310
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
09:35 / 05 Dekabr 2025
874
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.