Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi bu dəfə də təxirə salınıb.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses məhbuslar gətirilmədiyindən yenidən 30-nadək təxirə salınıb.
Xatırladaq ki, məhkəmə prosesi artıq 11 dəfə qeyri-müəyyən səbəblərdən təxirə düşüb.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Oxu24.com
ŞƏRHLƏR