Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcəbədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.
Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR