Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib.
Oxu24.com xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda "Dram və kino aktyorluğu" ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib.
1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.
Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Ailəlidir, dörd uşaq atasıdır.
O.Qurbanov 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu səhnə əsəri ilin ən uğurlu tamaşası, O.Qurbanov isə ilin ən yaxşı rejissoru nominasiyası üzrə "Qızıl Dərviş" mükafatına layiq görülub. O.Qurbanov dəfələrlə Azərbaycan Prezidentinin mükafatçısı olub.
2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.
O.Qurbanov teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. O, on iki cildlik roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.
Allah rəhmət eləsin!
Oxu24.com
ŞƏRHLƏR