Ermənistan artıq 2 ildir üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla tək vaxt qazanmaqla kifayətlənib kimi görünmür, eyni zamanda düşmən tərəf Azərbaycana qarşı silahlanmaq və bununla paralel olaraq ölkə xaricində havadarlarının və lobbisinin dəstəyi ilə fəaliyyət göstərən mənbələrlə birgə rəsmi Bakıya qarşı mübarizənin yeni mərhələsi üzərində fəaliyyətini daha da ciddi şəkildə artırdığını görürük. Bunu xüsusilə son proseslər rahatlıqla deməyimizə əsas verir.
Belə ki, 44 günlük müharibənin ardından rəsmi İrəvanın Hindistanla sıx diplomatik əlaqələrinin, qarşılıqlı səfərlərinin bu gün hansı işə yaradığını görmək mümkündür. Son dövrlərdə dərinləşən Hindistan-Ermənistan (Bura Fransa-Ermənistan, ABŞ-Ermənistan münasibətlərindəki əlaqələri də nəzərədə tutmaq olar - red.) hərbi əməkdaşlığı sözsüz ki, təkcə İrəvanın maraqlarından irəli gələn məsələlərlə bağlı deyil. Bu proseslərə sözsüz ki, daha geniş müstəvidə nəzər salsaq bir çox məqamları özümüz üçün daha aydınlaşdırmış ola bilərik:
⚫️ İnkar edilməz bir məsələdir ki, ilk növbədə Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələnin aktuallaşması, beynəlmilləşməsi regiona marağı olan böyük dövlətlər üçün bir fürsətdir. Hindistan (Eləcə də ABŞ, Fransa) da bu fürsətdən maksimum istifadə etməkdə maraqlı görünür.
⚫️ Vətən müharibəsindən sonra Azərbaycan-Pakistan strateji müttəfiqliyi daha yüksək səviyyəyə çatdırıldı, iki ölkə arasında bir çox sahələrdə, xüsusən də hərbi sahədə əməkdaşlıq özünün qızıl mərhələsinə qədəm qoydu. Təbii ki, belə olan təqdirdə hərbi təhlükəsizlik siyasəti Pakistana qarşı olan Hindistanın reaksiyasız qalacağı inandırıcı da deyildi.
Heç kəsə sir deyil ki, İran-İsrail, Türkiyə-Yunanıstan, Hindistan-Pakistan kimi münaqişəli tərəflər açıq şəkildə Ermənistan-Azərbaycan çəkişməsində tərəf seçməyə başlayıb. Diqqət yetirsək görərik ki, əgər əvvəllər regionda nisbətən arxa planda qalan ABŞ-Rusiya, Türkiyə-İran, Fransa-Britaniya kimi geosiyasi maraq toqquşmaları artıq regionda çox aşkar şəkildə hiss edilməyə başlayıb. Amma bu qütbləşmələr və gedən geosiyasi oyunlar deməyə əsas yaradır ki, bu cür gedişat regionda tezliklə sülh əldə edilməsi istiqamətində böyük maneə olaraq qalacaq.
Lakin son aylarda, xüsusən Ukrayna-Rusiya müharibəsindən bir gün əvvəl - 22 fevralda Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra Qərb və Rusiya ilə münasibətlərdə təmin olunan uzun illik balansın da sanki pozulması üçün Ermənistana və onun lobbisinə böyük bir fürsət yaratdı. Azərbaycanın "işğalçı" bir dövlətlə müttəfiqlik sənədlərinə imza atmasını Qərbdə xeyrinə işlətməyə çalışan Ermənistan Bakının Avropa İttifaqı ilə münasibətlərini pozmağa nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi. Bu sınaqdan üzü ağ çıxan Azərbaycana qarşı diplomatik və informasiya hücumları səngimək bilmir. Kifayət qədər mürəkkəb geosiyasi situasiya yaranıb. Həm Qərbi, həm Hindistanı əleyhimizə çevirməyə çalışan Ermənistan Azərbaycanı fəlakətlə qarşı-qarşıya qoymaq niyyətində olsa da, rəsmi Bakının da öz planları var.
Prezident İlham Əliyevin Avropada çox önəmli qaz layihələrinin (Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimin - red.) açılışında iştirakı məqamında və Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Cenevrədə sülh danışıqları istiqamətində gözlənilən vacib görüşün keçirildiyi bir vaxtda ortaya çıxan məlum video materaildan da belə anlaşıldı ki, Azərbaycanın daxilində və xaricində bir qrup düşmən və satqın qruplar proseslərə mane olmaq üçün ciddi səylə çalışırlar. Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi danışıqlara mane olmaq, sülh danışıqları üçün münbit şəraitin mövcud olmadığını göstərməyə çalışdı.
Amma güya Azərbaycan hərbçilərinin "erməni əsirləri" güllələməsi ilə bağlı videosunda kifayət qədər şübhəli məqamlara rast gəlindiyi kimi, açıq suallar da az deyil. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırmalara başlanılsa belə, videonun feyk olması ilə bağlı ciddi arqumentlər mövcuddur:
Belə bir önəmli hadisələrin baş verdiyi zamanda sözügedən kadrların yayılması deməyə əsas yaradır ki, həmin görüntülər təxribatdan başqa bir şey deyil. Demək ki, Azərbaycana qarşı təkcə silah-sursat yolu ilə silahlanaraq ciddi təxribatlara hazırlıq görülmür, eyni zamanda bu cür saxta dezo-məlumatlarla da düşmən əli rəsmi Bakının danışıqlar masasında əlini zəiflətmək barədə müəyyən plan tərtib edilib.
Azərbaycan və region üçün çox önəmli hadisələrin baş tutmasına bir neçə saat qalmış o videonun ortaya çıxması və video ətrafında daxilidə və xaricdə aparılan kampaniyalar, eləcə də digər nüanslar yenidən Bakıya qarşı daxildəki "satqın dəstə"nin erməni tezisləri əsasında fəaliyyətlərini var gücləri ilə davam etdirdiklərini nümayiş etdirdi. Əslində bu kadrlardan sonra "ictimai qınaq" lobbiçiliyini aparanlar Ermənistanın bu məqsədinə xidmət etməkdən başqa bir iş görmədilər. Çünki ondan qat-qat dəhşətli görüntüləri olan, Azərbaycan əsgərinə qarşı müharibə cinayətləri olan kadrlar qala-qala, düşmən tərəfin dəyirmanına su tökmək üçün saxta görüntüləri paylaşmağa başqa ad vermək mümkün deyil.
Belə nəticə çıxara bilərik ki, Ermənistan, eyni zamanda Qərb ölkələrindəki erməni lobbisi bütün vasitələrlə Azərbaycanın "təcavüzkar" obrazını formalaşdırmaq istiqamətində səylərini gücləndirib. Ermənistan tərəfi ilk növbədə belə bir məkrli plan tərtib etməklə Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə yaratdığı yeni geosiyasi reallığı dəyişmək, postkonflikt mərhələsində rəsmi Bakının əlini daha da gücləndirdiyi üçtərəfli razılaşmaları arxa plana keçirməyi qarşısına məqsəd qoyub.
Nəticədə isə Avropa və okeanın o tayındakı rəsmi strukturlarda Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi, sanksiyalar məsələsinin gündəmə gətirilməsi yolu ilə rəsmi Bakını təklif etdiyi 5 maddəlik sülh paketini mümkün qədər xeyirlərinə olmaqla xeyli dərəcədə yumşaltmaq haqda düşünürlər.
Ona görə ki, bütün bu hədəflərə nail olmaq üçün ermənilərə, eləcə də onların işğalçı siyasətini istər geridə qalan 30 il ərzində, istərsə də indi dəstəkləyən havadarlarına Ermənistanın mövqeyindən çıxış etmələri üçün əsaslar hazırlamaq lazımdır. Videonun yayılmasında çox qısa zamanda erməni mediasının, siyasətçilərinin, fəallarının canfəşanlıq etməyə başlaması, Azərbaycandakı əlaltılarının Gəncə, Bərdə, Tərtər kaset bombalardan atəşə tutulanda, günahsız körpələr həlak olanda, valideyinlərini itirəndə varlıqları ilə yoxluqları bilinməyən bəzi sosial şəbəkə aktivistlərinin də eyni anda ermənilərin səsinə səs vermələri Azərbaycanı dünya qarşısında çətin vəziyyətə salmaq, deyilən əsası yaratmaq üçün bir tərtib idi.
Bu məsələdə xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını sübut edən növbəti vacib detaldır. Əslində ermənilərin bu cür səhnəcikərini biz İkinci Qarabağ müharibəsinin gedişi zamanı da bir neçə dəfə şahid olduq. Belə başa düşmək olar ki, Ermənistan ən təhlükəli silahı olan iftira, yalan, dezinformasiya, qarayaxma siyasətini bu dəfə Qərbdəki bütün həmdaşları ilə həmrəy şəkildə işə salaraq Bakını vurmaqda çox israrlıdır. Amma sən saydığını say, gör Azərbaycan səndən hansı hesab(lar)ı soracaq...
Milli.az
Oxu24.com
ŞƏRHLƏR