Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75119
az

Tehranın hər məsələdə Bakını hədəf göstərməsinin arxasındakı İLGİNC SƏBƏBLƏR

09:1618 Oktyabr, 2022
172
SİYASƏT
  • A

İran silahlı qüvvələri Azərbaycanla sərhəddə 3 günlük hərbi təlimlərə başlayıb. Bu, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etdiyi 44 günlük müharibədən sonra sayca 3-cü hərbi təlimdir. Budəfəki hərbi təlimləri İnqilab Keşikçiləri Korpusu (SEPAH) keçirir.

OXU24.COM  musavat.com-a istinadən bildirir ki, "Qüdrətli İran" adı verilmiş 3 günlük hərbi təlimlər İranın Azərbaycan Respublikası ilə həmsərhəd Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək. Təlimlərə çoxlu sayda zirehli texnika, o cümlədən tank və zirehli döyüş maşınları, habelə ilk dəfə Baver-373 hava hücumundan müdafiə sistemləri (İran istehsalı olan), Fəth-360 raket kompleksləri və quraşdırıla bilən körpülər, çoxlu sayda pilotsuz uçuş aparatları cəlb edib. Fəth-360 raketləri 120 kilometr məsafəni vura bilən, bütün növ hədəflərə qarşı istifadə olunan raketlərdir.

Helikopterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi adıçəkilən təlimin müxtəlif mərhələlərini təşkil edir.

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian bu gün İran silahı qüvvələrinin Araz bölgəsində təlim keçirməsi ilə bağlı SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşündə təlimlərin "sionist rejim"lə bağlı olduğunu deyib.

Sitat: "Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz".

 

Həmçinin o, builki hərbi təlimlərdən fərqləndiyini, Azərbaycan və Ermənistanın İran üçün təhlükə olmadığını, amma bəzi "baş verənlərin" təhdid olduğunu deyib. Və əlavə edib ki, "bölgənin sərhədləri dəyişilməməlidir".

Həmçinin bu gün İKK komandiri general Hüseyn Salami təlimlərin "sionizm" təhdidi ilə əlaqədar olduğunu deyib.

Qonşularla münasibətlərin dostluq və etimad üzərində qurulması tərəfdarı olduqlarını deyən Səlami İsrailin İranın bəzi cənub və şimal-qərb sərhədlərinə nüfuz etdiyini deyib. General İsrailin regionda etimadı aradan aparmaq istədiyini, buna görə də onlara müraciət edərək İsraili öz ərazilərinə buraxmamaq çağırışı edib.

Açıq şəkildə ad çəkilməsə də, təlimlərin Azərbaycana qarşı olduğu məlumdur. Çünki əgər təhlükə bir başqa ölkədən, məsələn, Ermənistandan gələrdisə o zaman məntiqlə ötən 30 il ərzində də İran dövləti Ermənistanla və ya Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəddə hər hansı hərbi təlimlər keçirməli idi. Ancaq son iki ildə, yəni torpaqlar azad edildikdən sonra artıq 3-cü dəfədir ki, sərhəddə geniş miqyaslı təlimlər keçirilir.

O da məlumdur ki, İsrail Azərbaycanla müttəfiq olsa da, bizim sərhəddən İrana quru qüvvələri ilə hücuma keçməyə hazırlaşmır. Belə bir hücumun perspektivi yoxdur. Deməli bu təlimlərin, Araz üzərində körpülərin atılmasının əsas səbəbi, yəni göz dağı mənbəyi Azərbaycandır. İsrail isə sadəcə bəhanə olaraq lazımdır.

İran Azərbaycanı ordu ilə təhdid edir. Açıq və ya üstüörtülü mesajlarla deyir ki, Azərbaycanın Zəngəzurdan dəhliz almasını istəmir, buna mane olacaq.

Məntiqlə İran İslam Respublikası, dünya müsəlmanlarının - şiələrin himayədarı olan ölkə bir şiə ölkəsinin xristian dövlət üzərində ədalətli qələbə qazanmasına, itirilmiş ərazilərini bərpa etməsinə, hətta qeyri-real və fantastik görünsə belə Zəngəzuru geri almasına sevinməli idi. Çünki Qafqazda kimin kim olduğunu ən yaxşı bilməli olan elə İrandır.

Ancaq bütün bunlar olmur. Əvəzinə Tehran gündən-günə daha da sərtləşir. Azərbaycanın gücü və uğurları artdıqca Tehrandan narahatlıq da artır. Əlbəttə, aydın məsələdir ki, nə Azərbaycan Ermənistana hücum edib torpaqlarını ilhaq etməyə hazırlaşmır, nə də Tehran Azərbaycana müharibə elan etməyə. İran hakimiyyəti sərhədə 6 aydan bir ordu toplamaqla "qırmızı xətlərinə" sadiq olduğunu və Zəngəzur dəhlizinə qarşı olduğunu göstərir.

Eyni zamanda Azərbaycan üzərində təzyiq siyasəti qurmaqla, Azərbaycanı az qala milli təhlükəsizlik üçün təhdid kimi göstərməklə (son aylarda ardıcıl olaraq "şimal-qərb" sərhədlərindən silahlı qrupların ifşası, casusluq fəaliyyətləri kimi xəbərlərin yayılması artıb - Red.) həm də daxili auditoriyaya işləyir. Daxildəki azərbaycanlı çoxluğunu fakt qarşısında qoymaq, Azərbaycanın İran üçün əsas təhdid mənbəyi olduğunu, "Bakının sionist qüvvələrlə əlbir olaraq İrana qarşı fəaliyyət göstərdiyini" təbliğ etməklə daxildə Azərbaycana qarşı mənfi fikir formalaşdırır, həmçinin içəridəki narazılığı "ənənəvi" metodlarla kənara, özü də həssas qonşuya yönəldir. Xüsusən də Vətən müharibəsindən sonra İranda Azərbaycana dəstəyin artması, Güneydə milli hisslərin qüvvətlənməsi də Tehran hakimiyyətinin narahatlığında xüsusi rol oynayır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı