Qaynar xətt:

(+99450) 247 90 86

Ceyhun Bayramovun o XƏBƏRDARLIĞI – Bakının səbri tükənə bilər

Ceyhun Bayramovun o XƏBƏRDARLIĞI – Bakının səbri tükənə bilər

SİYASƏT

88

01.11.2026, 20:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın növbəti xəbərdarlıqlarından sonra Ermənistanda yenidən konstitusiya dartışmaları başlayıb. Yenə də revanşistlər iddia edirlər ki, Nikol Paşinyan Azərbaycanın tapşırıqlarını yerinə yetirir və belə getsə, Ermənistanın izi-tozu qalmayacaq.

Ağır xəstəlikdir və belə görünür ki, heç bir dava-dərman hələlik kömək etməyəcək. Normal xalq, özünü normal müxalifət hesab edən düşərgə əvvəlcə özünə sual etməlidir ki, əsas qanunumuzda qonşu ölkənin ərazilərinə iddia ediriksə, niyə günahı başqasında axtarmalıyıq? Az qala 40 ilə yaxındır Ermənistan Azərbaycana qarşı ərazi iddialarını nəinki konkret addımları, işğalçı, terrorçu siyasəti ilə davam etdirir, üstəlik, bunu konstitusiyasında da saxlayıb. Ermənistanın müstəqillik bəyannaməsi preambula hissəsində Ermənistan Konstitusiyasının başına ip salıb, sürüyür. Özü də bütövlükdə ermənilərin başındadır o kəndir və hər an boğulma ilə nəticələnə bilər. Azərbaycan bu kadastr sənədi olmayan ölkəni xilas etmək istəyir, deyir gəl, adam ol, adamlar - yəni ölkələr - sırasına qoşul, normal qonşuluq münasibəti quraq, daha arada ölüm-itim olmasın, bölgəyə əbədi sülh və rifah gəlsin! Pisdirmi? Yanlışdırmı? Təbii ki, yox. Əraziləri 30 il yağmalanmış hansı ölkənin rəhbəri düşmənçilik, terror və işğal siyasətinin mənsublarına bu qədər güzəşt edər, bunca humanistlik göstərərdi? Azərbaycan tək nümunədir! Bir çoxları heyrətlə izlədilər Azərbaycanın Vətən uğrunda müharibəni 44-cü gündə dayandırmasını.

Hətta ABŞ lideri təəccüblə soruşdu ki, niyə siz dayandınız, müharibəni davam etdirmədiniz? Bəli, Şuşa qayalarına dırmanaraq qala şəhəri azad edən, ildırımsürətli müharibəni tarixi zəfərlə yekunlaşdıran, Ermənistanın hərbi arsenalının, canlı qüvvəsinin onurğa sütununu qıran Azərbaycan ordusuna bir neçə saat bəs idi ki, Ermənistan adlanan qondarma ölkədə - Qərbi Azərbaycanda antiterror əməliyyatını uğurla başa çatdırsın, Zəngilandan keçib, Ordubadda dayansın, Zəngəzur dəhlizini də 6 il əvvəl reallaşdırsın, Köçəryan, Sərkisyan, Ohanyan kimi uşaq qatillərinin qulağından tutub, Bakıda layiqincə cəzalandırsın.

Amma Azərbaycana müharibə lazım deyildi, necə ki, on illərlə səbr etdi, “lazım gələrsə, torpaqlarımızı başqa vasitələrlə, nəyin bahasına olursa-olsun, azad edəcəyik”, dedi. Düzdür, o zaman Köçəryan-Sərkisyan cütlüyü, daha sonra Nikol Paşinyan bu xəbərdarlığı zarafat kimi qəbul edirdilər, amma Dəmir Yumruq zərbələrini endirdikdən sonra anladılar ki, başlarından böyük…səhvlər ediblər. Amma səhvlərə son qoyulubmu? Yox. Necə ki, konstitusiyaya düzəliş etməyə tələsmirlər, iddia edirlər ki, bu, Azərbaycana lazımdır.

Azərbaycan Prezidenti dəfələrlə bildirib: “Konstitusiyada Ermənistanın nə vaxt dəyişiklik edəcəyi barədə heç nə deyə bilmərəm, belə ki, bu həmin ölkənin öz işidir”.

Eyni zamanda dövlətimizin başçısı qeyd edib ki, bu hadisə nə qədər tez baş versə, bir o qədər yaxşı olar və Ermənistanın Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı iddia aradan qaldırılar. Prezident onu da söyləyib ki, sülh sazişi mətninin ABŞ-də paraflanması deməyə əsas verir ki, bu hadisə baş verəcək, əks halda bu, ABŞ-yə qarşı hörmətsizlik olar.

Bəli, sülhün imzalanması zəruridir, Ermənistan hətta normal münasibətlər qurmağın əhəmiyyətini anlamasa belə, ABŞ-nin şahidliyi və prosesdə iştirakını nəzərə almağa borcludur. Lakin sülhün imzalanmasının ilkin şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsi, bunun üçün referendumun keçirilməsidir. Çünki Prezident xəbərdarlıq edib: konstitusiyaya və normativ hüquqi aktlara dəyişikliklər edilməsə, sülhün iki qəpik qiyməti olmayacaq!

Normal qəbul oluna bilməz axı, sən bir ölkənin – Ermənistanın misalında iki ölkəyə - qarşı ərazi iddiasını əsas qanununla davam etdir, amma dilində sülh, saziş imzala, sərhədləri aç, bəhrələn, məqamı düşəndə də ərazi iddiasının konstitusiyada olduğunu əsas gətirərək növbəti dəfə təcavüzkar planı işə sal! Belə sülh olmaz olsun! Belə mindilli ölkənin qulağını kəsib, Andronikin yanına göndərərlər! Özü də istənilən ölkə ona bənzər münasibət göstərilsə, bu qədər səbrli davranmaz, qarşı tərəfin gününü göy əskiyə düyünləyər. İndiki halda referendumun qarşısını alan amil, Ermənistan parlamentində hakim partiyanın təkbaşına qərar verməsinin mümkünlüyü ilə bağlı bəhanələr də keçərli deyil. Paşinyan müxalifətin 5-6 deputatını ələ ala bilməzmi? Təbii ki, bilər. Rəqiblərinin bir hissəsi ev dustağı, bir hissəsi həbsdə, qalanı da qorxularından nəfəs çəkə bilmirlər. Deməli, Paşinyan istəsə, reeferndum üçün yetərli saya sahiblənə bilərdi, hələ 7 iyun seçkilərində. Eləcə də indi yetərsayı düzəldə bilər. Lakin oyun oynayır, özü də çox təhlükəli. Yenə də növbədənkənar seçki söhbətini ortaya atıblar. Seçkidən cəmi 5 ay keçib, növbəti seçki eşqinə düşüb. Adama deyərlər ki, sən növbəti seçkidən “sağ” çıxa bilərsənmi, kimə və nəyə arxayınsan?

Nikol Paşinyan elə də ağılsız adam deyil. Amma deyəsən, axı, onun üçün ayrılan limit bitir. Yəni Azərbaycanla danışıqları bu qədər apardın, daha bəsdir, indi bacardığın qədər prosesi uzat, əlindən bir iş gəlməyəndə, qərar verməkdən başqa əlacın olmayanda növbəti seçkiləri elan et, təhlükəsizliyinə təminat verək, çəkil kənara! Yoxsa hansı ağıllı adam bilə-bilə batacaq, özünü bataqlığa atar? Heç bir şərt Paşinyanın növbəti seçkilərdə daha çox mandat qazanacağını demirsə, onda bu, nə maraq, nə hikkədir?

Bu günlərdə xəbər yayıldı ki, Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya dəyişiklikləri layihəsi ilə bağlı müzakirələrin sürətləndirilməsini tapşırıb, hakimiyyət isə layihəni noyabrın sonlarında ictimai müzakirəyə çıxarmağı və parlamentdə irəlilətmək üçün müxalif deputatların dəstəyini qazanmağı planlaşdırır.

Ermənistan mediasının yazdıqları nə dərəcədə doğrudur, demək çətindir. Çünki ona qalsa, Ermənistan rəhbərliyi sülh sazişini hələ 2022-ci ilin sonlarında imzalamalıydı, Zəngəzur dəhlizinin tikintisinə isə 2026-cı ilin yayında başlamalıydı. Amma nə sülh imzalanıb, nə sülhün imzalanmasının ilkin şərti - konstitusiya dəyişikliyi həyata keçirilib, nə də Zəngəzur dəhlizində daş daş üstə qoyulub.

Amma Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündəki xəbərdarlığı onu deməyə əsas yaradır ki, rəsmi Bakının artıq səbr limiti dolmaq üzrədir. Sitat:

“Azərbaycan sülh sazişinin imzalanması üçün zəruri olan siyasi və hüquqi addımların Ermənistan tərəfindən atılacağını gözləyir”.

Zəruri siyasi və hüquqi addımlar Ermənistanın ev tapşırıqlarıdır və yuxarıda bəzilərindən bəhs etdik. Onları icra etməmək sülhdən boyun qaçırmaqdır…

Azərbaycan eyni xəbərdarlıqları işğal dövründə də edirdi, İrəvan qulaqardına vururdu…Bakı isə əbədi gözləməyəcək! Günün birində Ermənistanın “taxıl yolu” bağlana, İrəvana yanacaq satılmasına son verilə bilər!