Qaynar xətt:

(+99450) 247 90 86

AKP iqtidarının Azərbaycana qarşı buraxdığı ciddi səhv NƏDİR? – Azərbaycanlı politoloqdan ŞƏRH

AKP iqtidarının Azərbaycana qarşı buraxdığı ciddi səhv NƏDİR? – Azərbaycanlı politoloqdan ŞƏRH

SİYASƏT

163

19.10.2026, 16:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan və Türkiyə arasında son dövrlər yaşanan müzakirələr, xüsusilə Azərbaycanda məktəblərlə bağlı qəbul edilən qərara Türkiyənin müəyyən siyasi dairələri tərəfindən verilən reaksiyalar iki ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Məsələ ilə bağlı açıqlamalar, media müzakirələri və siyasi dairələrin mövqeləri Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və xarici siyasət prinsipləri məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə bütövlükdə yanaşmaqla Türkiyədə hakim AKP iqtidarının mövqeyini bir-birindən fərqləndirmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycanın heç bir ölkə ilə, o cümlədən müttəfiq və dost hesab etdiyi dövlətlərlə problemi yoxdur. Türkiyə Azərbaycanın müttəfiqi, strateji tərəfdaşı və qardaş ölkəsidir. Lakin son proseslər Türkiyə ilə münasibətlərdən daha çox, Türkiyədəki müəyyən dairələrin, daha dəqiq desək, AKP iqtidarının buraxdığı ciddi səhv kimi qiymətləndirilməlidir.

“Azərbaycanda bir qərar qəbul edilir və bu qərar Azərbaycanın daxili məsələsidir, Azərbaycan məktəbləri ilə əlaqəlidir. Xüsusilə qeyd etmək lazımdır ki, bu, başqa sektorlarda verilən qərar deyil. Ölkənin qəbul etdiyi qanundur və bu, başqa ölkələri maraqlandırmamalıdır. Hər ölkənin öz qanunları var və həmin qanunlar qəbul edilir. Buna qarşı çıxacaq və ya reaksiya verəcək qüvvə həmin ölkənin vətəndaşlarıdır. Xarici qüvvələr, qardaş ölkə də olsa, dost ölkə də olsa, buna müdaxilə edirsə, bu, artıq faktiki olaraq daxili işlərə müdaxilə etməkdir. Azərbaycan Türkiyənin xarici siyasətinə, yanaşmalarına hörmət edib. Türkiyənin daxilində baş verən proseslərə də maksimum dərəcədə qarışmayıb. Amma bu, Türkiyəyə bizim daxili işlərimizə qarışmaq haqqı tanımır. Türkiyə deyəndə də söhbət ümumilikdə Türkiyədən yox, AKP-dən gedir. Ümumiyyətlə, AKP iqtidarının özünün apardığı siyasi İslam və neo-Osmanlı yanaşması faktiki olaraq bu gün fəsadlarını göstərməyə başlayır. İllərdir davam edən və inkişaf edən münasibətlər sistemi var, amma AKP iqtidarından gələn bəyanatlar, verilən reaksiyalar, sərgilənən mövqelər dostluğa, müttəfiqliyə və qardaşlığa uyğun deyil”, – deyə politoloq bildirib.

Turan Rzayev Azərbaycan-İsrail münasibətlərinin tənqid olunmasına da diqqət çəkib. O bildirib ki, AKP-yə bağlı media qurumları, funksionerlər, deputatlar, o cümlədən Türkiyə daxilindəki troll şəbəkələri bu münasibətlərlə bağlı ciddi kampaniyalar aparırlar.

“Azərbaycan-İsrail arasında enerji ticarəti var. Halbuki Azərbaycan bu ticarəti Türkiyəyə aparır və Ceyhandan keçən boru kəmərlərindən istifadə edir. Yəni burada bir təzad var.Azərbaycanın Fələstinlə münasibətlərinə baxdıqda isə görürük ki, bu təbliğatlar aparılarkən Azərbaycanın Fələstinlə münasibətləri, Fələstinin müstəqilliyini tanıması, Prezident İlham Əliyevin BMT-də Fələstinin müstəqilliyini tanıması, Şərqi Qüdsün onun paytaxtı kimi qeyd edilməsi kimi məsələlər hər zaman vurğulanıb. Azərbaycanın bu gün Fələstində daimi nümayəndəliyi var, Azərbaycan hər il Fələstinə yardımlar ayırır. Amma bunlar Türkiyə mediasında işıqlandırılmır, bu məsələlər heç vaxt qabardılmır. Çünki özləri Azərbaycanın etdiyi tərzdə bir yardım etmirlər.

‘Mehmetçik’, ‘qazi’ deməklə, İsrailə səslənməklə Fələstinə iqtisadi baxımdan real dəstək göstərilmiş olmur. Halbuki Azərbaycan-Fələstin münasibətlərinə baxdıqda görürük ki, Fələstinin özü belə Azərbaycan-İsrail münasibətlərini pisləməyib və ya bu münasibətlərin Fələstinə faydasını görüb. Biz neçə dəfə bu danışıqlar prosesinin bir tərəfi olmuşuq və ya qeyri-rəsmi görüşlərdə vasitəçi olmuşuq. Bunu heç kim demir. Halbuki Azərbaycan bu məsələlərdə də rol oynayıb”, – deyə Turan Rzayev vurğulayıb.

Politoloq qeyd edib ki, son proseslər çərçivəsində məktəblərlə bağlı qərardan sonra İstanbulda və Ankarada aksiyaların keçirilməsi, AKP ilə bağlı qrupların bu aksiyalarda iştirakı, Türkiyə media qurumlarının həmin aksiyaları artan şəkildə tirajlaması və BMT-də məlum Lətəniyevin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsinə verilən reaksiyalar diqqət çəkir.

“Yəni Türkiyə, daha doğrusu, AKP istəyir ki, biz onun siyasi xəttini bir növ qeyd-şərtsiz qəbul edib davam edək. Bu, belə deyil. Azərbaycanın xarici siyasəti balans üzərində qurulub və bu balans hər zaman qorunur.Türkiyənin isə özünün yerləşdiyi coğrafiya və keçmişdən bu günə gələn dövlətçilik ənənələri onun xarici siyasətində tamamilə fərqli bir istiqamət müəyyənləşdirir. Əgər biz, məsələn, İsraili birbaşa işğalçı dövlət adlandırsaydıq və ya məhz İsraillə münasibətlərimizi korlasaydıq, o zaman necə olacaqdı? Biz xarici siyasətimizi necə tənzimləyəcəkdik?

Bilirsiniz, Azərbaycan və Türkiyə dövlət olaraq, siyasət baxımından müəyyən oxşarlıqlara malik ola bilər, amma çox fərqli cəhətləri də var. İki ölkənin xarici siyasətində bu fərqlər özünü daha qabarıq şəkildə göstərir. Ona görə də düşünürəm ki, Türkiyədən ümumiyyətlə Azərbaycana tənqid gələndə daha məntiqli və ölçülüb-biçilmiş düşünmək lazımdır. Azərbaycanın yerləşdiyi coğrafiya, bu coğrafiyanın çətinlikləri onun xarici siyasətdə tutduğu xəttə çox ciddi şəkildə təsir edib”, – deyə politoloq bildirib.

Turan Rzayev əlavə edib ki, Azərbaycan hər an münaqişəyə cəlb olunmaq istəmir və xarici siyasətində balansı qorumağa çalışır.

O vurğulayıb ki, Azərbaycan İsrailin işğalçı siyasətini heç vaxt dəstəkləməyib və İsraillə bağlı məsələlərdə anti-İslam mövqeyi sərgiləməyib.

“Azərbaycan məktəbləri ilə bağlı verilən qərarın da faktiki olaraq öz alt qatında duran səbəbləri var və Türkiyə bunu başa düşməlidir. Amma çox təəssüf ki, AKP iqtidarının buraxdığı yanlış siyasət nəticəsində bu gün Azərbaycana təzyiq etməyə çalışan qonşumuz İranla bağlı məsələlərdə də Türkiyə siyasəti və AKP faktiki olaraq müəyyən partiyalar koalisiyası şəklində hərəkət edir. Onlar seçkilərdə səslər alır, yerləri bölüşürlər. Bunların hamısı ciddi məsələlərdir.AKP-nin buraxdığı yanlış siyasət nəticəsində bu gün Türkiyədə potensial təzyiq mərkəzləri yaranıb. Türkiyədə o qədər şüarlar, təbliğatlar var ki, bunlar Türkiyə cəmiyyətinə ciddi şəkildə təsir göstərir. Biz əvvəllər, məsələn, Türkiyəyə və türk cəmiyyətinə böyük heyranlıqla baxırdıq. Onların intellektual səviyyəsi, təhsili, dünyagörüşü, Avropaya yaxınlığı diqqətimizi çəkirdi. Amma bu gün təəccüblə görürük ki, Türkiyə cəmiyyətinin müəyyən bir kəsimi AKP təbliğatına uyub və bundan çox ciddi şəkildə təsirlənib. Son proseslər də bunu göstərdi. Türkiyə mediasında və Türkiyə cəmiyyətində faktiki olaraq Azərbaycana qarşı aqressiyanın izlərinin böyük olduğunu gördük. Halbuki bu, çox tragikomik bir vəziyyətdir. Fələstinə verdikləri dəstək, Fələstinlə bağlı səsləndirdikləri dostluq və birlik mesajları Azərbaycanla bağlı eyni şəkildə səsləndirilmir. Bunun sırf səbəbi Azərbaycanın daxildə verdiyi bir qərardır. Bu, yanlış siyasətdir”, – deyə politoloq bildirib.

O, fikrini misalla izah edərək qeyd edib ki, sabah Türkiyədə Abdullah Öcalanı uzun illərdən sonra həbsdən çıxarıb parlamentə gətirmək qərarı qəbul olunsa, Azərbaycan da buna etiraz etməlidirmi sualı ortaya çıxacaq.

“Faktiki olaraq etməliyik. Çünki onilliklərdir əli türk qanına batmış bu şəxsin sabah və ya bir neçə gün sonra Türkiyə parlamentinə gəlmək ehtimalı varsa, bu, real məsələlər çərçivəsində müzakirə olunacaq. Məsələ bundadır. AKP iqtidarının apardığı aqressiv siyasət gec-tez öz başına bəla olacaq.

Bu gün faktiki olaraq Azərbaycan-Türkiyə münasibətlərində birdən-birə yaşanan soyuqluğu da bu mənada qəbul etmək lazımdır. Təəssüf ki, bizim mediada da, cəmiyyətimizdə də Türkiyə ilə bağlı bu məsələyə fərqli yanaşan, narahatlıq keçirən və bunu Türkiyəyə xəyanət kimi görən insanlar var. Söhbət Türkiyə və türk xalqından getmir. Söhbət Türkiyənin hakim partiyasından və bu partiyanın yaratdığı zehniyyətdən gedir. Bu partiya faktiki olaraq Atatürkün ‘Yurdda sülh, cahanda sülh’ prinsipinə qarşıdır. Atatürkün yaratdığı Türkiyə ilə bugünkü Türkiyə arasında dünyagörüşü baxımından böyük fərq var. Atatürk özü belə Gəncliyə xitabəsində gələcəkdə bu tip hadisələrin baş verə biləcəyinə dair mesajlar vermişdi. Bu gün Türkiyədə dinçi siyasət ön plana çıxır.Din özü təhlükəli bir şey deyil. Nə mənada? Din insanların inancı kimi qaldıqda təhlükə yaratmır. Amma din siyasətə qarışırsa və ya siyasətçi dindən istifadə edirsə, bu, faktiki olaraq dinin təhrif edilməsi, onun mahiyyətinin pozulması deməkdir. Bu gün Türkiyədə yeridilən bu siyasət, AKP-nin apardığı yanlış təbliğat İslamla heç bir əlaqəsi olmayan yanaşmadır. Çünki gerçək İslam heç vaxt digər dinləri təhqir etmir, başqa insanlara qarşı bu cür aqressiv münasibət sərgiləmir. O baxımdan hesab edirəm ki, bu məsələdə də şərh verərkən diqqətli olmaq lazımdır”, – deyə Turan Rzayev bildirib.

Politoloq əlavə edib ki, Türkiyədə türk xalqı Azərbaycanın qardaşıdır və Türkiyə ilə türk xalqı AKP-dən ibarət deyil.

“Bizim hazırkı vəziyyətdə etirazımız, tənqidi çıxışlarımız daha çox AKP-yə ünvanlanıb. Burada da tamamilə haqlıyıq. Amma birmənalı şəkildə türk xalqını pisləyə bilmərik, Türkiyə dövlətini pisləyə bilmərik. Türkiyə hər zaman bizim qardaş ölkəmiz olacaq. Mən hər zaman demişəm ki, münasibətlər geri dönüşü olmayan həddə çatmayıb. Bugünkü vəziyyət də belə deyil. Əgər Türkiyədə AKP zehniyyəti Azərbaycanın daxili işlərinə müdaxilə edə biləcəyini düşünürsə, çox yanılır. Azərbaycan dövlətdir. Bizim ‘bir millət, iki dövlət’ olmağımız heç kimə daxili işlərimizə müdaxilə etmək imkanı tanımır. Heç kimə bizi nəyəsə məcbur etmək imkanı vermir.Biz lazım gəldikdə bu reaksiyaları qonşu dövlətlərimizə də vermişik, İrana da vermişik, Rusiyaya da vermişik. Əslində, Türkiyə bunu başa düşməli və Azərbaycanın bu məsələdə reaksiya verəcəyinə hazır olmalı idi. Amma təəssüf ki, bu baş vermədi və bugünkü vəziyyət yarandı. Ümid edirik ki, bu proseslərdə geri dönüş və münasibətlərin yumşalması halları da olacaq”, – deyə politoloq qeyd edib.

Turan Rzayev Türkiyədə, xüsusilə Dövlət Baxçelinin ardıcıl açıqlamaları fonunda cəmiyyətin rəngarəng olduğunu və fərqli düşüncə mərkəzlərində Azərbaycanla bağlı müsbət yanaşmaların mövcudluğunu da vurğulayıb.

“Dövlət Baxçelinin verdiyi mesajlar Türkiyənin Azərbaycanla bağlı məsələlərə münasibətində müəyyən yumşalma yarada bilər. Hesab edirəm ki, bu, yerində və doğru açıqlama idi. Ən azından bu vəziyyətdə kiminsə çıxıb Türkiyənin adından danışması lazım idi. Baxçeli köhnə siyasətçidir, ona ‘qoca qurd’ deyə bilərik. O, türk dünyası və Türk birliyi yolunda gedən proseslərdə çox böyük faydaları olmuş şəxsdir.Sevindirici haldır ki, bu məsələdə o, çıxış edib və həssaslığını bildirib. Sevindik, sevindik. Ən azından bu məsələdə daha ağıllı düşünən adamların olduğunu gördük. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son təbrik mesajı da göstərdi ki, məncə, Ankara artıq lazımi mesajı alıb və Azərbaycanın siyasətdəki həssaslığı, narazılığı da lazımi şəkildə qiymətləndirilir”, – deyə politoloq bildirib.

Turan Rzayev sonda vurğulayıb ki, Azərbaycan öz dövlətçiliyinə, qanunlarına və xarici siyasətinə hörmətlə yanaşılmasını tələb edir.

“Siz bunu qiymətləndirməlisiniz. Bundan o tərəfi yoxdur. Bu, bizim dövlətimizdir, bizim siyasətimizdir, bizim qanunlarımızdır. Başqa heç kəs gəlib bizə nəyisə diktə edə bilməz. Bunu etməyi düşünürsə belə, bunun nəticələri də zamanla ortaya çıxacaq”, – deyə politoloq Turan Rzayev  açıqlamasında bildirib.

Turan Etibaroğlu