İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
12 Oktyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
99
12.10.2026, 20:05
Bu gün ABŞ-dan Çinə, Avropa İttifaqından ərəb ölkələrinə qədər İsrailin iqtisadi əlaqələri siyasi ziddiyyətlərdən asılı olmayaraq davam edir. Ticarət aparmaq siyasi dəstək verməkdirmi? Türkiyənin İsraillə münasibətləri ətrafında gedən müzakirələr iqtisadi maraqlar, dövlət siyasəti və Fələstin məsələsi haqqında hansı həqiqətləri üzə çıxarır?
Dünyanın siyasi xəritəsində görünən mənzərə odur ki, dövlətlər bir-biri ilə mübahisə edir, müharibə aparır, bəzən diplomatik münasibətləri kəsir. Ancaq həmin ölkələrin limanlarında gəmilər boşaldılır, fabriklər işləyir, məhsullar sərhədləri keçir, şirkətlər müqavilələr imzalayır.
Siyasət tribunadan danışır, iqtisadiyyat isə hesab aparır. Bu iki sahə bir-birinə təsir etsə də, eyni qanunlarla işləmir. Dövlətin siyasi mövqeyi ilə iqtisadi maraqları hər zaman üst-üstə düşmür. Siyasi rəqiblər bir-birinin bazarına ehtiyac duyur, bəzən müharibə aparan tərəflər belə müəyyən malların ticarətini davam etdirir. Necə deyərlər, indi az qala siyasəti də ticarət müəyyənləşdirir.
Əvvəlcə bir prinsipin altını cızmaq lazımdır. Bir ölkə ilə ticarət etmək həmin ölkənin bütün siyasətini dəstəkləmək anlamına gəlmir. Ticarətdən imtina etmək isə həmin ölkənin siyasətinin avtomatik dəyişəcəyi demək deyil. Bu, İsrail–Fələstin münasibətlərindən asılı olmayaraq, beynəlxalq iqtisadi münasibətlərin mahiyyətini anlamaq üçün vacib prinsipdir. Mülki əhalinin hüquqlarının müdafiəsi, müharibənin dayandırılması, humanitar yardımların çatdırılması və beynəlxalq hüququn qorunması ayrıca məsələlərdir. Ticarət qərarları isə bunlarla əlaqəli olmaqla yanaşı, iqtisadi səmərəlilik, bazar ehtiyacları, məşğulluq, ixrac gəlirləri və milli təhlükəsizlik kimi amillərdən də asılıdır. Bunları bir-birinə qarışdıranda müzakirə asanlıqla siyasi ittihama çevrilir. Ayrı-ayrılıqda təhlil edəndə isə real nəticələr barədə danışmaq mümkün olur.
İsrail dünya iqtisadiyyatından təcrid olunubmu?
Rəqəmlərə baxaq. Dünya Ticarət Təşkilatı (WTO) və BMT-nin beynəlxalq ticarət məlumatlarına əsaslanan statistikaya görə, İsrailin 2024-cü ildə mal idxalı təxminən 91,5 milyard dollar, mal ixracı isə 60,3 milyard dollar olub. Yalnız mallar üzrə xarici ticarət dövriyyəsi təxminən 151,8 milyard dollara çatıb. Bu rəqəmlər göstərir ki, İsrail dünya iqtisadiyyatının mühüm ticarət əlaqələrinə malik iştirakçısıdır. Onun beynəlxalq ticarəti yalnız bir neçə siyasi müttəfiqlə məhdudlaşmır. Bu göstəricilərdən belə qənaətə gəlinir ki, siyasi ziddiyyətlərin mövcudluğu beynəlxalq iqtisadi əlaqələri avtomatik olaraq sıfırlamır. İsraillə ticarət aparan dövlətlərin hamısı onun Yaxın Şərq siyasətini dəstəkləyirmi? Əlbəttə, yox. Bəs, İsraillə ticarət etməyən hər bir dövlət onun siyasətinə təsir göstərirmi? Buna da avtomatik olaraq “bəli” demək mümkün deyil. Təkcə ticarətin mövcudluğu əsasında siyasi dəstək barədə nəticə çıxarmaq olmaz; onun hansı şərtlərlə aparılması, hansı iqtisadi və siyasi nəticələr yaratması daha vacibdir.
ABŞ İsrailin ən mühüm siyasi və təhlükəsizlik tərəfdaşlarından biridir. Eyni zamanda, iki ölkə arasında böyük ticarət və texnologiya əlaqələri mövcuddur. ABŞ İsrailin əsas ixrac bazarlarından biridir. WTO məlumatlarına görə, İsrail 2024-cü ildə ABŞ-a təxminən 17,1 milyard dollarlıq mal ixrac edib, ABŞ-dan isə təxminən 9,4 milyard dollarlıq mal idxal edib. Bu münasibətlərdə elektronika, tibbi avadanlıq, kimya məhsulları, sənaye malları və digər yüksək texnologiyalı məhsullar mühüm yer tutur. İki ölkənin iqtisadi əlaqələri həm də innovasiya, investisiya və texnoloji əməkdaşlıqla bağlıdır.
Bəs, ABŞ-ın İsraillə ticarət etməsi İsrailin hər bir qərarını təsdiqləməsi deməkdirmi? Xeyr. Eyni zamanda, ABŞ daxilində İsrail siyasətini tənqid edən şəxslərin və təşkilatların mövcudluğu da iqtisadi əlaqələrin avtomatik olaraq dayandırılması ilə nəticələnmir. Burada dövlət maraqları, daxili siyasi mübahisələr və iqtisadi qarşılıqlı asılılıq paralel şəkildə mövcuddur. Bu nümunə göstərir ki, beynəlxalq münasibətlərdə iqtisadi əməkdaşlıqla siyasi narazılıq eyni vaxtda mövcud ola bilər.
Çin və ABŞ qlobal miqyasda strateji rəqabət aparırlar. Çin və İsrail isə fərqli siyasi sistemlərə və geosiyasi prioritetlərə malik olsalar da, bir-biri ilə ticarət edirlər. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə Çin-İsrail mal ticarətinin ümumi həcmi 22,7 milyard dollar olub. Bunun təxminən 14,3 milyard dolları Çindən İsrailə ixracın, 8,4 milyard dolları isə İsraildən Çinə idxalın payına düşüb.
Avropa İttifaqı: təniqd də var, böyük bazar da
Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşlarından biridir. İsrailin Avropa İttifaqı ilə əlaqələrinə dair rəsmi sənəddə İsrailin 2024-cü ildə Avropa İttifaqına mal ixracı 17,4 milyard dollar, İttifaqdan mal idxalı isə 24,2 milyard dollar göstərilib. Bu iki göstəricinin cəmi 41,6 milyard dollar edir. Avropa bazarı İsrail iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. Avropa ölkələri İsrailin Fələstin siyasətini müxtəlif səviyyələrdə tənqid edir. Bəzi Avropa hökumətləri sanksiyalar, silah ixracına məhdudiyyətlər və digər tədbirlər məsələsini də gündəmə gətiriblər. Buna baxmayaraq, İsraillə bütün Avropa İttifaqı arasında ümumi ticarət münasibətləri avtomatik olaraq yoxa çıxmayıb. Bunun səbəbi iqtisadi əlaqələrin hüquqi çərçivəsinin, sahibkarlıq maraqlarının, istehsal zəncirlərinin və dövlətlərin fərqli siyasi qərarlarının bir-birindən ayrılmasıdır.
Rusiya: siyasi ziddiyyətlərə baxmayaraq ticarət
Rusiya ilə İsrail arasında da iqtisadi əlaqələr mövcuddur. Hər iki ölkənin müxtəlif regional məsələlərdə maraqları və fikir ayrılıqları olsa da, ticarət əlaqələri uzun müddət davam edib. WTO-nun 2024-cü il məlumatlarına əsasən, İsrail Rusiyadan təxminən 2,37 milyard dollarlıq mal idxal edib. Bu, həmin il İsrailin ümumi mal idxalının təxminən 2,6 faizinə bərabər olub. Bu nümunə göstərir ki, dövlətlər arasında münasibətlər yalnız dostluq və düşmənçilik bölgüsü ilə məhdudlaşmır; hər bir ölkə öz bazarını, təchizat mənbələrini və iqtisadi ehtiyaclarını nəzərə alır. Almaniyanın Rusiya ilə münasibətləri beynəlxalq iqtisadiyyatın siyasi hadisələrdən necə təsirləndiyini göstərən mühüm nümunədir. Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Avropa İttifaqı Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq etdi. Almaniya da Rusiya ilə iqtisadi əlaqələrini kəskin şəkildə azaltdı. Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə Almaniya Rusiyadan 1,8 milyard avroluq mal idxal edib. 2021-ci ildə bu göstərici 33,1 milyard avro idi. Almaniyanın Rusiyaya ixracı da 2021-ci ildəki 26,6 milyard avrodan 2024-cü ildə 7,6 milyard avroya düşüb. Almaniyanın Rusiya ilə ticarətinin azalması o demək deyil ki, iki ölkə arasında hər cür iqtisadi əlaqə yoxa çıxıb. Ancaq əvvəlki dövriyyə ilə 2024-cü ilin dövriyyəsini eyniləşdirmək də olmaz.
Yaponiya və Cənubi Koreya: İsraillə ticarət edən Asiya ölkələri
Yaponiya və Cənubi Koreya İsraillə iqtisadi əlaqələri olan iki mühüm Asiya ölkəsidir. WTO-nun məlumatlarına əsasən, İsrail 2024-cü ildə Yaponiyadan təxminən 1,94 milyard dollarlıq, Cənubi Koreyadan isə təxminən 2,15 milyard dollarlıq mal idxal edib. Eyni il İsrail Cənubi Koreyaya təxminən 884 milyon dollarlıq mal ixrac edib. Bu ölkələrin iqtisadiyyatları sənaye, avtomobil istehsalı, elektronika, texnologiya və beynəlxalq təchizat zəncirləri ilə sıx bağlıdır. İsraillə ticarət də həmin geniş iqtisadi münasibətlər sisteminin bir hissəsidir. Burada da əsas prinsip dəyişmir. Ticarət aparmaq qarşı tərəfin bütün siyasi qərarlarını bəyənmək demək deyil. İqtisadiyyatın öz məntiqi var. Ölkələr ehtiyac duyduqları məhsulları alır, rəqabət qabiliyyətli məhsullarını satır, şirkətlərini beynəlxalq bazarlara çıxarırlar. Bütün bu qərarları yalnız siyasi simpatiya ilə ölçsək, dünya ticarətinin əsl mənzərəsini anlaya bilmərik.
İslam ölkələri İsraillə ticarət edirmi?
Bəzi müzakirələrdə elə təsəvvür yaradılır ki, guya İsraillə ticarət yalnız onun siyasi müttəfiqlərinə xasdır. Reallıq daha mürəkkəbdir. Müsəlman əhalisi çoxluq təşkil edən ölkələrin İsraillə münasibətləri eyni deyil. Bəziləri İsraillə diplomatik əlaqələr saxlayır, bəziləri bu əlaqələri normallaşdırıb, bəzilərinin isə İsraillə rəsmi diplomatik münasibətləri yoxdur. Diplomatik münasibətlərin olmaması bütün iqtisadi əlaqələrin də istisna edildiyi anlamına gəlmir. Lakin gizli ticarət barədə iddialar ayrıca sübut tələb edir.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ ilə İsrail 2020-ci ildə İbrahim razılaşmaları çərçivəsində münasibətləri normallaşdırdı. Bundan sonra iki ölkə arasında iqtisadi əməkdaşlıq, investisiyalar və ticarət əlaqələri inkişaf etdi. İsraillə münasibətlərin normallaşdırılması BƏƏ-nin Fələstin məsələsindəki bütün mövqelərini dəyişdirmir. Bu ölkə öz regional maraqlarını, iqtisadi inkişaf prioritetlərini və diplomatik əlaqələrini paralel şəkildə həyata keçirir. BƏƏ nümunəsi göstərir ki, dövlətlər siyasi münaqişələrin mövcud olduğu regionda belə iqtisadi əməkdaşlıq imkanları axtara bilirlər.
Misir
Misir İsraillə 1979-cu ildə sülh müqaviləsi imzalayıb. İki ölkə arasında diplomatik və iqtisadi münasibətlər mövcuddur. Bu münasibətlər siyasi gərginliklərdən, xüsusilə Fələstin məsələsi ilə bağlı böhranlardan təsirlənsə də, sülh müqaviləsinin yaratdığı dövlətlərarası çərçivə qorunub. Misir nümunəsinin əhəmiyyəti ondadır ki, keçmişdə bir-biri ilə müharibə aparmış dövlətlər sonradan diplomatik və iqtisadi münasibətlər qura bilirlər.
İordaniya
İordaniya ilə İsrail 1994-cü ildə sülh müqaviləsi imzalayıb. İki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üçün hüquqi əsaslar yaradılıb. İordaniya cəmiyyətində Fələstin məsələsinə böyük həssaslıq var. Bununla belə, dövlətlərarası münasibətlərdə təhlükəsizlik, su, enerji və iqtisadi ehtiyaclar da nəzərə alınır.
Mərakeş
Mərakeş də 2020-ci ildə İsraillə münasibətlərin normallaşdırılması istiqamətində addım atıb. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları yaranıb. Bu münasibətləri yalnız dini və ya siyasi şüarlarla izah etmək mümkün deyil. Burada diplomatik maraqlar, investisiya imkanları, turizm və iqtisadi əməkdaşlıq da rol oynayır. Deməli, müsəlman ölkələrinin İsraillə münasibətləri vahid model üzrə qurulmayıb. Bir ölkə ticarəti davam etdirə, digəri əlaqələri məhdudlaşdıra, üçüncüsü isə diplomatik münasibətləri normallaşdırmaya bilər. Hər bir qərar ayrıca araşdırılmalıdır.
Türkiyə məsələsi
Türkiyə ilə İsrail arasında uzun illər ərzində böyük ticarət dövriyyəsi olub. Türkiyə İsrailə müxtəlif sənaye məhsulları, polad, sement, tekstil və maşınqayırma məhsulları, eləcə də digər mallar ixrac edib. İsraildən isə müxtəlif sənaye və kimya məhsulları idxal edib. Reuters-in 2024-cü il mayın 2-də yaydığı məlumata görə, iki ölkə arasında 2023-cü ildə mal ticarətinin həcmi 6,8 milyard dollar olub. Türkiyə həmin tarixdə İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandırdığını açıqlayıb.
Türkiyə Ticarət Nazirliyinin 30 mart 2026-cı il tarixli açıqlamasında da İsraillə bütün məhsul qrupları üzrə ixrac, idxal, sərbəst zona və tranzit ticarətinin dayandırıldığı bildirilib. Bu rəsmi mövqe ilə ticarətin davam etməsi barədə iddiaları bir-birindən ayırmaq lazımdır. Belə iddialar təsdiqlənmiş məlumatlarla əsaslandırılmalıdır. Bəs ticarətin dayandırılması Fələstin məsələsini avtomatik həll etdimi? İsrailin bütün siyasi və hərbi qərarlarını dəyişdirdimi? Türkiyə İsraillə ticarəti əvvəlki kimi davam etdirsəydi, bu, Fələstinə xəyanət olardımı? Təkcə ticarətin mövcudluğu əsasında belə bir nəticəyə gəlmək doğru olmazdı.
Bir ölkənin başqa dövlətlə ticarət etməsi həmin dövlətin bütün siyasi və hərbi addımlarına razılıq verməsi kimi qəbul edilməməlidir. İqtisadi əlaqələr, diplomatik münasibətlər, hərbi əməkdaşlıq və siyasi dəstək fərqli anlayışlardır. Onların hər birini ayrıca qiymətləndirmək lazımdır.
Fələstin özü İsraillə ticarət edirmi?
Bu sual mövzunun ən mühüm iqtisadi reallıqlarından birini göstərir. Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin dekabrında Fələstinin qeydiyyata alınmış mal ixracının 79 faizi İsrailə yönəlib. Həmin ay Fələstinin mal idxalının 62 faizi İsrailin payına düşüb.
ABŞ Dövlət Departamentinin 2024-cü il investisiya mühiti hesabatında da Fələstin iqtisadiyyatının İsrail bazarından və İsraildən alınan istehsal resurslarından ciddi asılı olduğu qeyd edilir. Hesabatda 2023-cü il üzrə ilkin məlumatlara əsasən, Fələstin ixracının təxminən 90 faizinin İsrailə yönəldiyi bildirilir. Ticarətin bütün formalarını bir siyasi şüarın altında toplamaq həmin insanların iqtisadi reallığını görməmək deməkdir.
Azərbaycanın təcrübəsi
Azərbaycanın təcrübəsi bu müzakirə üçün xüsusilə əhəmiyyətlidir. Ermənistan uzun illər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsini işğal altında saxlayıb. Bu, insanların həyatına, iqtisadiyyata və regional münasibətlərə ağır təsir göstərən tarixi reallıq olub. İki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəliləməsi ilə iqtisadi əlaqələr məsələsi də müzakirəyə çıxarılıb. 2025-ci ildə Ermənistan istiqamətində Azərbaycan mənşəli neft məhsullarının tədarükü barədə xəbərlər bu sahədə yeni mərhələnin mümkünlüyünü göstərib. Bu, Azərbaycanın keçmiş işğalı unutması deməkdirmi? Əlbəttə, yox. İqtisadi münasibətlərin qurulması tarixi yaddaşdan imtina etmək deyil. Əksinə, davamlı sülhün yaradılması üçün iqtisadi qarşılıqlı maraqlar formalaşdırmaq mümkün ola bilər.
Ticarət düşmənçiliyi bitirirmi?
Beynəlxalq təcrübə göstərir ki, ticarət münasibətləri müharibəni avtomatik dayandırmır. Eyni zamanda, ticarətin mövcudluğu müharibənin mütləq davam edəcəyi anlamına da gəlmir. İqtisadi əlaqələr bəzən qarşılıqlı asılılıq yaradır, münaqişənin tərəfləri üçün onun iqtisadi xərclərini artırır və diplomatik həllə stimul verir. Bəzən isə təhlükəsizlik maraqları, milli məqsədlər və siyasi hesablamalar iqtisadi faydanı üstələyir. Dünya iqtisadiyyatının tarixi bu baxımdan çoxlu nümunələrlə zəngindir.
Fransa ilə Almaniya tarix boyu rəqabət aparıb, bir-biri ilə müharibə edib və qarşılıqlı hərbi ittifaqlarda yer alıb. İkinci Dünya müharibəsindən sonra isə bu iki dövlət Avropanın iqtisadi inteqrasiyasının əsas dayaqlarından birinə çevrilib. Bu, ticarətin təkbaşına sülh yaratmasının deyil, iqtisadi inteqrasiyanın siyasi institutlar və qarşılıqlı təhlükəsizlik təminatları ilə birləşməsinin nəticəsi idi.
ABŞ və Çin arasında da ciddi geosiyasi rəqabət mövcuddur. Buna baxmayaraq, iki ölkə arasında geniş iqtisadi əlaqələr uzun müddət davam edib. Rəqabət ticarəti yox etməyib, lakin texnologiya, investisiya və təhlükəsizlik sahələrində məhdudiyyətlər artıb.
Bu nümunələr göstərir ki, dövlətlər bəzən rəqibləri ilə də ticarət edir, çünki iqtisadi maraqlar və siyasi münasibətlər bir-birindən tam ayrılmır. Amma iqtisadi əlaqələr sülhün təminatı deyil. Onlar düzgün siyasi qərarlar və institutlarla birləşdirildikdə sülhə töhfə verə bilər.
Türkiyənin İsraillə ticarəti dayandırması suveren dövlətin siyasi qərarıdır. Bu qərarın məqsədi, iqtisadi nəticələri və siyasi təsiri müzakirə oluna bilər. İki ölkə arasında dolayı və ya gizli ticarətin davam etməsi barədə iddialar isə sübutlarla qiymətləndirilməlidir. Dünya ticarətində iqtisadi və siyasi maraqlar mühüm rol oynayır. İsraillə ticarət edən ölkələrin siyahısına baxanda bir reallıq ortaya çıxır: ABŞ, Çin, Avropa İttifaqı, Rusiya, Yaponiya, Cənubi Koreya və bir sıra müsəlman ölkələri İsraillə müxtəlif səviyyələrdə iqtisadi əlaqələr saxlayır. Fələstinin öz iqtisadiyyatı da İsrail bazarı ilə sıx bağlıdır.
Bu faktların heç biri həmin ölkələrin İsrailin bütün siyasi qərarlarını dəstəklədiyini deməyə əsas vermir. Dövlətlər ticarət qərarlarını iqtisadi fayda, təhlükəsizlik, beynəlxalq hüquq, diplomatik məqsədlər və daxili siyasi şərait əsasında verirlər.
Türkiyə-İsrail münasibətlərinə də bu meyarlarla baxmaq lazımdır. Fələstinə dəstək yalnız ticarət embarqosu ilə ölçülmür. Humanitar yardım, diplomatik fəaliyyət, beynəlxalq hüququn müdafiəsi, mülki əhalinin təhlükəsizliyinə töhfə və sülh təşəbbüsləri də əhəmiyyətlidir. Ən əsası, iqtisadi əlaqələrin olması ilə siyasi dəstəyin göstərilməsi arasındakı fərqi anlamalıyıq. Dünya dövlətləri yalnız dostları ilə ticarət etsəydilər, beynəlxalq iqtisadiyyat bugünkü səviyyəyə çata bilməzdi. Dövlətçilik emosiyaların içində belə milli marağı, hüququ və uzunmüddətli nəticələri hesablaya bilməkdir. Bir ölkə ilə ticarət etmək həmin ölkənin bütün siyasətinə haqq qazandırmaq deyil. Ticarəti dayandırmaq da avtomatik olaraq siyasi məqsədə çatmaq demək deyil. Əsl məsələ hansı qərarın ölkəyə, onun vətəndaşlarına və beynəlxalq sabitliyə daha çox fayda verdiyini müəyyənləşdirməkdir. Çünki beynəlxalq siyasətdə niyyət vacibdir, amma nəticə də ən azı onun qədər vacibdir.
Əgər Türkiyə ilə İsrail arasında gizli ticarətin olduğu təsdiqlənərsə, bu faktın siyasi, hüquqi və iqtisadi tərəfləri ayrıca qiymətləndirilməlidir. Türkiyənin iqtisadi qərarlarına münasibət bildirərkən ölkənin milli maraqları və həmin qərarların nəticələri nəzərə alınmalıdır. Ticarətə qarşı çıxanların hamısını Türkiyəyə düşmən münasibət bəsləməkdə ittiham etmək və ya onların etirazını etik qaydalara zidd saymaq əsaslı yanaşma deyil. Türkiyə öz milli maraqlarına və beynəlxalq öhdəliklərinə uyğun qərarlar qəbul etmək hüququna malikdir. İki ölkə arasında ticarətin yüksək səviyyədə olduğu müəyyənləşərsə, bu əlaqələrə dair tənqidlər də konkret faktlar və arqumentlər əsasında müzakirə olunmalıdır.
Modern Araşdırma və Təhlil Qrupu
20:58 / 12 Oktyabr 2026
10
20:53 / 12 Oktyabr 2026
31
20:46 / 12 Oktyabr 2026
28
20:40 / 12 Oktyabr 2026
59
20:35 / 12 Oktyabr 2026
67
20:34 / 12 Oktyabr 2026
39
20:15 / 12 Oktyabr 2026
1607
19:59 / 12 Oktyabr 2026
775
19:56 / 12 Oktyabr 2026
540
19:50 / 12 Oktyabr 2026
132
19:44 / 12 Oktyabr 2026
87
19:33 / 12 Oktyabr 2026
153
19:28 / 12 Oktyabr 2026
242
19:19 / 12 Oktyabr 2026
96
19:18 / 12 Oktyabr 2026
122
19:05 / 12 Oktyabr 2026
632
18:45 / 12 Oktyabr 2026
98
18:41 / 12 Oktyabr 2026
3873
18:35 / 12 Oktyabr 2026
201
18:15 / 12 Oktyabr 2026
192
18:12 / 12 Oktyabr 2026
251
17:54 / 12 Oktyabr 2026
157
17:49 / 12 Oktyabr 2026
1475
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.