Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə mediasında Azərbaycana qarşı “informasiya hücumu”: Məqsəd nədir?

Türkiyə mediasında Azərbaycana qarşı “informasiya hücumu”: Məqsəd nədir?

SİYASƏT

35

28.09.2026, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində Azərbaycana qarşı əsassız və qərəzli iddiaların kütləvi xarakter alması ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hüquqi, diplomatik və etik çərçivələrə sığmayan bu cür paylaşımlar iki ölkə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinə xələl gətirməyə və mənfi ictimai rəy formalaşdırmağa yönəlib. Həssas mövzuların kontekstdən çıxarılaraq təqdim edilməsi və təsdiqlənməmiş iddiaların təkrar-təkrar dövriyyəyə buraxılması dezinformasiyanın əsas təsir mexanizmlərindən biridir.

Xüsusilə “Azərbaycan Türkiyənin siyasətinə arxa çevirib” kimi heç bir arqumentə söykənməyən tezislər vasitəsilə ictimaiyyət arasında yanlış təsəvvürlərin “fakt” kimi qəbul etdirilməsinə cəhd göstərilir.

Ekspertlər diqqətə çatdırırlar ki, 2026-cı il ərzində artıq ən azı üçüncü dəfə təkrar olunan bu informasiya hücumları fərdi yanaşma çərçivəsini aşaraq koordinasiyalı manipulyasiya xarakteri daşıyır. Bununla belə, sosial şəbəkələrdə aparılan anti-Azərbaycan kampaniyası Türkiyə dövlətinin və rəsmi hakimiyyətin mövqeyini əks etdirmir. Əksinə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Hakan Fidanın 27 Sentyabr – Anım Günü münasibətilə paylaşdıqları rəsmi mesajlar dövlətlərarası münasibətlərin strateji səviyyəsini bir daha nümayiş etdirir. Yaradılan bu süni informasiya küyünə qarşı isə hər iki ölkənin peşəkar mediası və ictimaiyyəti prinsipial mövqe ortaya qoymalı, manipulyasiya şəbəkələrinə qarşı birgə mübarizə aparmalıdır.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, sosial mediada yayılan qərəzli məlumatların əsas məqsədi ictimai rəyi azdırmaq və zaman keçdikcə yalanı fakt kimi qəbul etdirməkdir. 

"Yalanın təkrarı ilə yanlış ictimai rəy formalaşdırılır"

Müşfiq Ələsgərlinin sözlərinə görə, son günlər Türkiyənin həm sosial media seqmentində, həm də bəzi media platformalarında Azərbaycana qarşı əsassız iddialar intensivləşib:

"Həssas mövzular kontekstdən çıxarılaraq təqdim edilir, təsdiqlənməmiş iddialar təkrar-təkrar dövriyyəyə buraxılır. Dezinformasiyanın təsir mexanizmlərindən biri də budur: əvvəlcə yanlış iddia irəli sürülür, sonra müxtəlif hesablar tərəfindən təkrarlanır, nəticədə məlumatın doğruluğu barədə yanlış təsəvvür formalaşır”.

Ekspert vurğulayıb ki, kompaniya aparanların “Azərbaycan Türkiyənin siyasətinə arxa çevirib” iddiası tamamilə əsassızdır və real faktlarla üst-üstə düşmür:

"İstəsələr xatırlayarlar ki, Azərbaycan Qarabağ məsələsinin ən həssas dövrlərində belə Türkiyə ilə həmrəylik nümayiş etdirərək Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələrin inkişafı istiqamətində konkret addımlar atıb. Bu addımların Avropa İttifaqı və Yunanıstanla münasibətləri mürəkkəbləşdirəcəyi bilindiyi halda, Azərbaycan öz prinsipial hərəkətindən çəkinməyib. Milli Məclisdə ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb, ŞKTC Prezidenti Ersin Tatar Şuşada qəbul edilib və Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa toplantısına dəvət olunub”.

M.Ələsgərli əlavə edib ki, iki ölkə arasındakı münasibətlər cari hadisələrlə deyil, uzun illərin strateji əməkdaşlığı, mənəvi dəstəyi və Türk dünyasının birliyi ideyası üzərində qurulub. Azərbaycan Prezidenti də İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyi hər zaman xüsusi qeyd edib.

Media eksperti diqqətə çatdırıb ki, mediasındakı bu qərəzli kompaniyanı Türkiyə dövlətinin rəsmi mövqeyi kimi qiymətləndirmək olmaz:

"27 Sentyabr – Anım Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paylaşdığı mesajda Qarabağın Azərbaycan torpağı olduğu və belə də qalacağı aydın şəkildə vurğulanıb. Xarici İşlər naziri Hakan Fidan da adekvat mesajlar ehtiva edən paylaşım edib. Bu, rəsmi səviyyədəki strateji müttəfiqliyin göstəricisidir”.

Müşfiq Ələsgərli məsələnin fərdi sosial media istifadəçilərinin mövqeyini aşdığını və koordinasiyalı şəbəkə fəaliyyəti olduğunu qeyd edib:

"2026-cı ildə bu hal ən azı 3-cü dəfədir təkrarlanır. Eyni məzmunun müxtəlif platformalarda eyni vaxtda yayılması, anonim və saxta hesabların iştirakı, bot şəbəkələrinin təsiri təhlil edilməlidir. İlkin mənbə müəyyənləşdirilməli və ölçü götürülməlidir. Türkiyənin aidiyyəti dövlət və hakimiyyət strukturları bu təhlilləri aparmaq və təqsirkarları müəyyən etmək üçün böyük imkanlara malikdirlər. Bu imkanlardan lazımi həddə tətbiq olunmaması təəccüb və narahatlıq doğurur”.

Sonda ekspert bildirib ki, belə həssas məsələlərdə məsuliyyət yalnız dövlət qurumlarının deyil, həm də media mənsublarının üzərinə düşür:

"Türkiyədə Azərbaycana qarşı aparılan əsassız iddialara ən güclü cavabı ilk növbədə Türkiyənin öz peşəkar jurnalistləri və media ictimaiyyəti verməlidir. Eyni şəkildə, Azərbaycanda da Türkiyə ilə bağlı ortaya atılan əsassız iddialara bizim mediamız prinsipiallıqla yanaşmalıdır. Qardaşlıq münasibətlərinin qorunması məhz bu peşəkar və məsuliyyətli mövqeyə söykənir”.

Çimnaz Telmanqızı